Azərbaycan
– 105
Hər mətbuat
orqanının öz
şüarı, məqsədi
var. Onu yaşadan, tanıdan, cəmiyyət arasında hörmət və dəyərini təyin edən həmin amal olur. "Azərbaycan" qəzetinin
şüarı da, fəaliyyət hədəfi
də onun adında cəmləşib.
İllərinə görə
Azərbaycan Respublikası
ilə həmyaşıd
olmaq, məzmununa görə bu qədim torpağın rəsmi səsi və sözü məsuliyyətini daşımaq
bir qəzet üçün ən şərəfli tale, ən müqəddəs yoldur.
Səsin müstəqillik
tarixi
Müstəqilliyin ən
əhəmiyyətli göstəricilərindən
biri onun söz demək, başqaları arasında
səsini eşitdirmək
haqqıdır. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti qurulanda bu missiya üçün
təsis edilən rəsmi mətbu orqanı "Azərbaycan"
qəzeti oldu. Qəzet də dövlətin taleyini yaşadı. Parlament orqanı kimi onun ilk nömrəsi
həmin ilin sentyabrında Gəncədə
işıq üzü
gördü - Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik
işğalından azad
etdiyi gün. Əslində, bununla dövlət öz müstəqil yolunu başladığını, öz
sözünü dünyaya
eşitdirmək iddiasını
elan etdi. Gəncədə nəşrə
başlayan və Bakıda davam edən, 15 sentyabr 1918-ci -
28 aprel 1920-ci illəri
əhatə edən fəaliyyəti müddətində
qəzetin 443 nömrəsi,
rus dilində isə 438 nömrəsi işıq üzü gördü.
Ağır problemlərlə
mübarizə aparan dövlət xadimləri qurulan Cümhuriyyətin önündə çətin
bir yol durduğunu
dərk edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin
çağırılması ilə əlaqədar
1918-ci il noyabrın
29-da Məhəmməd Əmin
Rəsulzadənin Azərbaycan
və rus dillərində "Bütün
Azərbaycan əhalisinə!"
müraciətnaməsi dərc
edilir. Orada incə və olduqca əhəmiyyətli
bir məqam var: "...Milli və məzhəb fərqlərinə baxmayaraq,
bütün Azərbaycan
vətəndaşları bir
vətənin övladlarıdır.
Ümumi vətəndə
müştərək həyatlarını
qurmaq və öz səadətlərinə
birlikdə yetişmək
üçün onlar
bir-birinə əl uzatmalı və yardım etməlidirlər".
"Azərbaycan" qəzetinin
ovaxtkı nömrələrinə
baxanda deyilənin həm də əməldə həyata
keçirildiyinin şahidi
olmaq mümkündür:
hər millətə aid xəbərlər, müraciətlər, problemlərin
işıqlandırılması. Qəzetin 1 noyabr 1918-ci il, 28-ci nömrəsində
"Qafqaziya millətlərinə"
adlı məqaladə
yazılır: "Əsrlərcə
qonşuluğumuz bizə
öyrətmiş və
hazırkı mənafeyi-siyasiyyəmiz
tələb edir ki, mədəniyyətimizin
tərəqqisi, həyatımızın
nəşvü-nümasını [inkişafını] dinc və birgə yaşamaqda arayaq. Binaileyh biri-birimizi qırmağımız bizə
zərərdən başqa
bir nəticə verə bilməz". Çoxmillətli Azərbaycan
parlamentinin rəsmi orqanı kimi, "Azərbaycan" qəzeti
hər millətin marağını, problemini,
ən vacibi isə millətlər arasında barışığı
və bərabər hədəfi - vahid Vətənin gələcəyində
birgə fəaliyyəti
təbliğ edirdi, öz adının haqqını verirdi.
"Azərbaycan" qəzeti ilk təsis olunduğu gündən müstəqilliyin
və yeni dövlətin səsi olmaq iddiasına görədir ki, onun nailiyyətində də, mübarizəsində
də, süqutunda da yanında olub. Bu iddianın
verdiyi məsuliyyətlə
ilk nömrədə Qafqaz İslam Ordusunun qardaş köməyi haqqında məlumatı, ordunun komandanı Nuru Paşanın, eyni zamanda Fətəli xan Xoyskinin Nuru
Paşaya teleqramları
dərc edildi; 2 may 1919-cu ildə Şərqin ilk müstəqil respublikasının
bayrağının qəbul
edilməsi ilə Üzeyir bəy Hacıbəyli "Bayrağımız
saralmaz" məqaləsində
məlumat verdi: "Bayrağımız haqq bayrağıdır. O, bir
millətin bəşəri
hüquqlarının parçasıdır.
Bir millətin ki, onun insan
kimi yaşamağa haqqı vardır. Bir millətin ki, daha əsir
olmaq istəmir…"
1920-ci ilin aprelində
Azərbaycan hərtərəfli
işğal olundu: torpağı da, dövləti də, arzuları da, gələcəyi də, səsi də, sözü də. Və "Azərbaycan"
susdu. Mənbələrin
verdiyi məlumata görə, "Parlamentin
son iclaslarında Məhəmməd Əmin
Rəsulzadə dərin
bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən
arxadan hönkürtü
ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə
dönür: "Azərbaycan"
qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı".
Bu fakt özündə
ağrı-acı dolu
həqiqətin rəmzi
idi.
Maarifçilik missiyasında
atılan imza
"Azərbaycan" qəzeti millətin nə ilk, nə
də son qəzeti idi. Məhz faktlara əsaslanaraq cəsarətlə
demək olar ki, olduğu coğrafi məkanda, daxil olduğu mədəni bölgədə
daim öz müdrik sözünü
deyən, mədəniyyəti
ilə ayrıca səhifə açan, tarixə sanballı alimləri ilə daxil olan Azərbaycan
xalqı cəhalətlə
mübarizədə həmişə
öndə durub. Hələ 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi ilk milli
qəzet olan "Əkinçi" ilə
"Azərbaycan" arasında
bir çox qəzet və jurnal doğulmuşdu, bacardığı qədər
millətinə xidmət
göstərmişdi. Bu
mətbu orqanları ətrafında görkəmli
ziyalıları, şair
və yazıçıları
toplamaqla kifayətlənməyib,
ayrıca məktəb
səviyyəsinə qədər
yüksəlirdilər: "Füyuzat" və "Molla Nəsrəddin" jurnalları, "Həyat"
qəzeti, rus dilində nəşr olunan "Kaspi" qəzeti. "Azərbaycan"
qəzeti onlardan bir neçə xüsusiyyətinə görə
fərqlənirdi. Əvvəla,
o, məhz müstəqil
Cümhuriyyətin yaranması
ilə doğulmuşdu,
məhz onun səsi və sözü idi. "Azərbaycan" qəzeti
yeni dövlətin parlamentinin rəsmi mətbu orqanı idi. Əgər digər mətbu orqanlarının işıq
üzü görməsi
üçün rus imperiyasının canişinləri
icazə verməli idisə, onların istəyi ilə çapını dayandırmalı
olurdusa, onların senzurasından keçirdisə,
"Azərbaycan" qəzeti
məhz müstəqil
Azərbaycan Xalq Cümhuriyyəti ilə bərabər doğulmuşdu.
Onu təsis edən elə əvvəlki qəzet və jurnallarda fəaliyyət göstərən,
qələmi orada itilənən ziyalılar
idi, ancaq bu dəfə onlar öz müstəqil
Vətəninin xəbərini
çatdırır, onun
adından danışırdılar.
Qəzetin 1918-ci il 7 dekabr tarixli 58-ci sayında Üzeyir bəy Hacıbəyli
"Tarixi günümüz"
məqaləsində yazırdı:
"Bu o gündür
ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb.
Azərbaycan təkmil
bir hökumət şəklinə girir. Yüz-yüz əlli sənə bundan əvvəl müxtəlif
xanlıqlardan ibarət
olan Azərbaycan torpağının rus istilasından qazandığı
bir mənfəət
o oldu ki, bu torpaq üzərində
qurulmuş olan saxta və əməli
hüquqları silinib-süpürülmüş
müttəhid və vəsi bir ərazi
şəklinə girdi
və bu gün xilas olub da iki
milyon mütəcavüz
nüfus ilə Azərbaycan Xalq Cümhuriyyəti namını
daşımağa kəsbi-ləyaqət
etdi. Bəs bu gün haman
bu Azərbaycan Xalq Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi açılmaqla təşkilat
və tərtibati-siyasiyyəsi
artıq itmama yetir. Belə olan surətdə, deməli, qəlbimizdə
bəslədiyimiz ümid
- parlamanımızdır. Və
ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və
Vətənimizin istiqlal
və azadlığına
birinci səbəb olacaqdır".
Üzeyir bəyin
dili ilə desək, "Azərbaycan"
qəzeti müstəqil
dövlətin ümidlərinin,
azadlıq arzularının
gerçəkləşməsi, təkmil hökumətə
çevrilməkdə olan
gənc bir respublikanın ilk müstəqil sözü
idi.
Tarixdən də
bəlli olduğu kimi, qurulduğu ilk gündən Azərbaycan Cümhuriyyəti
həm daxili, həm də kənardakı düşmənləri
ilə mübarizə
aparırdı. Üzeyir
bəy Hacıbəylinin
qəzetin 5 dekabr
1918-ci il, 56-cı nömrəsində
"Azərbaycan parlamanı"
adlı məqaləsində
yazdığı kimi,
"Gözlər var ki, dünənə qədər əsir və qul olan
bir milləti bu gün azad
və sərbəst görmək istəməyir.
Qulaqlar var ki, lal edilmiş
bir dilin, bir millət dilinin bu gün
açılıb da söz söyləməsini
eşitmək istəməyir.
Qəlblər var ki, bir əsrdən
artıq məhkum qalan bir millətin
bu gün hakim deyil, yalnız
müstəqil və azad olmasını qəbul etmək istəməyir". "Azərbaycan"
həm mübarizə
meydanı, həm də silah idi.
O, bir tərəfdən
rəsmi xəbərləri
dərc etməklə
yanaşı, digər
tərəfdən milləti
maarifləndirməyə, ruhunu
gücləndirməyə çalışırdı.
Qəzetin 6 dekabr
1918-ci il, 57-ci nömrəsində
yazılır: "Bir
şəxs və ya bir millət
azad olmaq istərsə, buna öz ləyaqətini və qabiliyyətini göstərməlidir. Burası
avropalıların qəbul
etdiyi bir əsasdır. Həmin ləyaqət və qabiliyyət nədən ibarət ola bilər? Bunlar iki şeydən ibarət ola bilər: daxili məişətdə həqiqi
bir mədəniyyətə
malik olmaq və xaricdən gələn zərbələr
qarşısında baş
əyməyib, istiqlal
və heysiyyəti-milliyyəni
müdafiə etməyə
hər anda hazır olmaq".
Millətin var olması üçün
onun dilinin, ədəbiyyatının, düşüncəsinin
yaşaması, inkişaf
etməsi ilk vacib şərtdir. Buna görə də ziyalılar "Azərbaycan" qəzetində
həm də milli ruhu qidalandıran,
eyni zamanda onu təkmilləşdirən
məlumatları çap
edirdilər. Məsələn,
qəzetin 1918-ci ilin bir neçə sayında ard-arda "Türk ədəbiyyat və lisanı və türk cərəyanı-əfkarı [türk ədəbiyyatı
və dili, türk fikir cərəyanları] (Ruşən
Əşrəf və
Ruşəni bəylərin
konfransı)" haqqında
məqalələr çap
olunur. Onlardan birində deyilir: "Əsl türk qövmünə məxsus
ədəbiyyat saz şairlərində, təkyə
mərsiyəçilərində qalmışdı. Ona kimsənin baxdığı
yox idi. Halbuki bir millətin
ədəbiyyatı o millətin
ruhuna hansı vaxtda uyar? O vaxtda uyar ki,
o millətin özündən
götürülmüş ola. Fransız ədəbiyyatının fransızlar
üstündə, rus
ədəbiyyatının ruslar
üstündə çox
təsirləri olar. Çün dilləri ilə, duyğuları ilə birlikdə o millətin özündən
alınmışdır. Ona
görə düzəlmişdir.
Bu barədə türk ədəbiyyatı
geri qalmışdı.
Çün türk, öz ruhunu tanıyıb ona görə çalışası
yerdə, özünə
özgə ruhları
aparmağa savaşırdı".
Deyilənlərdə əhəmiyyətli
bir məqam var: millətin ruhunun yaşaması üçün onun öz ədəbiyyatı
inkişaf etməlidir.
Məsələn, ərəb
mühacir yazıçısı
Xəlil Cübran belə hesab edirdi ki, öz
xalqının dirçəlməsi,
var olması üçün onun dili var olmalıdır,
bu isə şairin dilində və ürəyindədir,
çünki "Şair
xalqın yaradıcı
gücünün ifadəçisi,
ruh aləmində baş verənləri əql dünyasına ötürən, bilik dünyasında baş verənləri bilik xəzinəsinə toplayan
bir bələdçidir".
"Azərbaycan" qəzetində
də bu vacib məqam vurğulanmaqla yanaşı,
həm də yeni dövrün yeni çağırışları
səslənir, keçmişlə
deyil, yeni tələblərlə ayaqlaşmağın
əhəmiyyəti qeyd
edilir: "Məşrutiyyət
zamanı gəlməklə
bütün vətən
milliləşdiyi sırada
Osmanlı ədəbiyyatında
da dəyişiklik istəkləri bəlirdi
[özünü göstərdi].
Çün ədəbiyyat
həyatın əksidir.
İctimai hərəkətlərə
görə ədəbiyyat
da cərəyan dəyişdirir. Bu indiki əsr isə milliyyət əsridir. Bundan ötrü bizim ədəbiyyatımızda da
milliyyət hərəkətləri
başlandı".
Bəli, "Azərbaycan"
qəzeti müstəqil
ruhun maariflənməsi
idi, özlüyündə
artıq güc idi. Məhz buna görə də 1920-ci il aprel işğalından sonra o da susduruldu.
Millət adına
söz demək haqqı
Azərbaycan Xalq
Cümhuriyyəti böyük
bir ziyalı, ictimai və siyasi xadimlər ordusunun əməyinin nəticəsi idi. Təbii ki, bu milli sərvət
ilk növbədə
"Azərbaycan" qəzetinin
səhifələrində əks
olundu. Qəzetə rəhbərlik edənlər
sırasında Ceyhun bəy Hacıbəylinin, Üzeyir bəy Hacıbəylinin, Xəlil
İbrahimovun, Şəfi
bəy Rüstəmbəylinin
adlarını görürük.
Lakin biz diqqəti bir neçə başqa məsələyə yönəltmək
istəyirik. Əvvəla,
qəzetdə məhz
milli ruha yaxın olan, onun qayğısına qalanların imzalarına rast gəlmək mümkündür. Nömrələrin
birində Məhməd
Əmin Yurdaqulun şeirlərindən bir beyt nümunə gətirilir və məhz bununla qəzetin də ruhunu təyin etmiş olur:
Bən bir türkəm, dinim, cinsim uludur.
Sinəm, özüm
atəş ilə doludur.
İkinci diqqət
yetirilməli məsələ
isə "Azərbaycan"
qəzetinin müəlliflərinin
bir mücahid, xalqı adına müəyyən bir mübarizə yolu keçmiş şəxslərin
olmasıdır. Başqa
sözlə, "Azərbaycan"
mübarizlərin imzasının
toplaşdığı səhifələrdir.
Məhəmməd Əmin Rəsulzadə,
Məhəmməd Ağa Şahtaxtlı,
Əlimərdan bəy
Topçubaşov, Mirzəbala
Məmmədli, Əhməd
Ağaoğlu, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid
Hüseyn, Şəfiqə Əfəndizadə, Məhəmməd Hadi və daha neçə
qürur duyulmalı adlar. Təsadüfi deyil ki, Cümhuriyyətin
süqutundan və qəzetin susmasından sonra onun müəllifləri
də susduruldu. Lakin mübarizə bitmədi, fərqli müstəvilərdə
davam etdi, fəaliyyət dövründə
toplanan yaradıcılıq
enerjisi hələ uzun illər ruhları qidalandırdı.
Əhəmiyyətli bir
məqamdır ki, sonralar
mühacir həyatı
yaşamalı olan Şəfi bəy Rüstəmbəyli yenə
də Azərbaycanın
müstəqil səsini
eşitdirməyə çalışırdı
və o, öz xatirələrində yazırdı:
"Nəhayət, 27 aprel
gecəsi saat 12-də
Bakıda bütün
idarə, məhəllə
bolşeviklərin əlinə
keçdi. Bununla aşağı-yuxarı ikiillik
milli Azərbaycan istiqlal
tarixi qapandı. Milli azəri türkünün
istiqlal ruhunu əlindən ala bilmədilər.
İşğal zəfərləri
yarımçıq qaldı.
Məmləkətin həqiqi
övladlarının istiqlal
uğrundakı qan ilə boyanmış və müttəhid bir kütlə halındakı gənc övladlarının hürriyyət
və istiqlaliyyət ruhu ilə istiqlal
hələ yürüyür.
İmanın qüvvəsi,
istiqlalın təbcili
bizdə Bakı və Azərbaycan yaşadıqca yaşayacaq
və bütün türk ellərini istiqlal ilə sevindirəcəkdir".
Bu, sıradan bir vətəndaşın, yaxud
ziyalının deyil, məhz "Azərbaycan"
qəzetinin ilk müstəqillik
illərində sonuncu
redaktorunun dedikləri
idi. Bir millətin səsi olmaq məsuliyyətini anlayanlar
onun susmaması üçün əllərindən
gələni edirdilər.
Tədqiqatçıların bildirdiyinə görə,
qəzetin var olmasında
böyük əmək
sərf etmiş, xidməti olmuş Ceyhun bəy Hacıbəyli sonralar mühacir həyatı yaşamalı
olanda eyniadlı qəzet buraxmağa çalışmış və
1951-ci ildə buna Münhendə
nail olmuşdu.
"Azərbaycan"ın itməyən
ziyası
Şəfi bəy Rüstəmbəylinin sözlərindəki
həqiqət təqribən
71 ildən sonra gerçək oldu: istiqlal ruhunun imanının gücü
təkrar özünü
göstərdi və öz səsini qaytardı: 1991-ci ildə Azərbaycan Respublikasının
parlamenti cəmiyyətə
əvvəlcə "Həyat",
sonra isə "Azərbaycan"la təkrar
səslənməyə başladı.
Tarix sanki təkrar olundu. Ulu Öndər Heydər Əliyevin
"Azərbaycanın dövlət
müstəqilliyi əbədidir,
sarsılmazdır və
dönməzdir" şüarı,
bir tərəfdən
keçmişdəki uğurların
davam etdirilməsini, digər tərəfdən
səhvlərdən nəticə
çıxarılmasını, ən vacibi isə güclü və mübariz ruh tələb edirdi. "Azərbaycan"
qəzetinin ikinci müstəqillik illərində
çıxan səhifələrində
də məhz bu istiqamətlər qorunmağa çalışılır.
Bu gün də "Azərbaycan" qəzeti
həm dövlətin,
həm də çoxmillətli Vətənin
səsi və simasıdır. Bu, onun taleyinə yazılmış
müqəddəs bir
missiyadır. Əhəmiyyətli
bir faktdır ki, yaxın zamanda ADA Universitetinin təşəbbüsü
və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti
"Azərbaycan"ının (1918-1920)
tam külliyyatı ərəb
qrafikalı əlifbadan
latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək
lüğət, izahlar,
şərhlər və
adlar göstəricisi
əlavə edilməklə
nəşr edildi. Bu, bir tərəfdən Azərbaycan adlı dövlətin kökünün,
ağrılı, eyni
zamanda şərəfli
tarixinin vacib səhifələrinin təkrar
oxucuya çatdırılmasıdır.
Digər tərəfdən
isə bu həm də Azərbaycan ziyalısının
keçdiyi həyat yolunun təkrar oxuculara təqdim edilməsidir.
Azərbaycan xalqı
Şərqdə özünü
dərk edən və öz kimliyini təsdiq edən nadir xalqlardan biri və birincisidir.
"Azərbaycan" qəzeti
isə bu mərdanəliyin və cəsarətin meydanı və səsidir. Qəzetin 7 dekabr 1918-ci il,
58-ci nömrəsində "Prometey" adlı məqalənin sonluğu yalnız vətənimiz üçün deyil,
onun adını daşımaq şərəfinə
nail olan qəzet üçün də keçərlidir: "Yaşa, istəkli cümhur vətənimiz; yaşa, ey Şərq tarixinin Prometeyi! Sən xalqa mənfəət verəcək
alovlu nuru göydən alaraq yerə saç, insanlara tapşır! İstər bunun üçün səni
edam etsinlər!"
Könül
BÜNYADZADƏ,
AMEA-nın müxbir üzvü
Azərbaycan.-2023.-
13 sentyabr.- S.7.