Azərbaycanın
şərtləri yerinə
yetirildi
Ağdam-Xankəndi
yolu ilə humanitar yardımın keçidi təmin olundu
Ermənistanın aylardır
davam edən "humanitar fəlakət"
şousunun yekunlaşdığını
deyə bilərik. Azərbaycanın təklif
etdiyi Ağdam-Xankəndi
yolu artıq açılıb. Belə
ki, ötən gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə
Rusiya Qızıl Xaç Cəmiyyətinin
yük avtomobilinin bu yolla Xankəndiyə
keçidi təmin olunub.
Xarici İşlər
Nazirliyi məlumatında
bildirib ki, Azərbaycanın Qarabağ
bölgəsində Ermənistanın
qondarma rejimi tərəfindən problem
və təxribatların
törədilməsinə baxmayaraq,
RQXC tərəfindən göndərilən
yükün Azərbaycanla
əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması
istiqamətində müsbət
addım və mühüm irəliləyiş
kimi qiymətləndirir.
Qeyd olunub ki, Azərbaycanın
ABŞ və digər
tərəfdaşlar ilə
yüksəksəviyyəli təmaslar zamanı da qeyd etdiyi
kimi, ölkəmiz Ağdam-Xankəndi və Laçın yollarından
BQXK vasitəsilə eyni
zamanda istifadə məsələsinə razılıq
verib. Təbii ki, keçid yalnız Azərbaycanın
sərhəd və gömrük prosedurlarına
əməl edilməklə
həyata keçiriləcək.
Bütün proseslər
bir daha göstərir ki, Azərbaycan hər zaman verdiyi sözə,
humanizm prinsiplərinə
sadiqdir, regionda təhlükəsizliyin və
əmin-amanlığın bərqərar olması üçün lazımi
addımlar atır. Amma Ermənistan üzərinə götürdüyü
öhdəliklərdən yayınaraq,
törətdiyi təxribatlar,
şoular ilə sülhün təmin edilməsində maraqlı
olmadığını göstərir.
Ağdam-Xankəndi yolunun
açılması Ermənistanın
geri çəkildiyinin
göstəricisidir
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu qəzetimizə
açıqlamasında deyib
ki, Ağdam-Xankəndi
yolu ilə yükün daşınması
birmənalı olaraq Azərbaycanın iradəsinin
keçici olduğunu
göstərdi.
Deputat qeyd edib ki, Azərbaycan
özünün suverenliyinə,
ərazi bütövlüyünə
ardıcıl qəsd
cəhdlərinin qarşısını
alıb: "Ermənistan
tərəfindən göndərilən
21 yük maşınının
Laçın yolunun girişində uzun zaman dayanması və Azərbaycanın bu yük maşınlarının
ərazilərinə girməsinə
icazə verməməsi
dövlətimizin gücünün,
qətiyyətinin iradəsinin
göstəricisi idi. Yəni Ermənistan rəsmi Bakıdan icazə almadan Azərbaycan ərazilərinə
yük göndərməyə
cəhd etməklə
göstərmək istəyirdi,
ki, Laçın yolu Ermənistanın istəyinə uyğun olaraq elə dəhliz formatında qalacaq. Azərbaycan isə nümayiş etdirdi ki, Laçın-Xankəndi
yolu tamamilə Azərbaycanın nəzarəti
altındadır. Laçın
yolunda nəzarət-buraxılış
məntəqəsi qurmaqla
Azərbaycan öz ərazi bütövlüyünü
tamamlamış oldu və öz ərazisinə giriş-çıxışa
nəzarəti bərpa
etdi".
Azərbaycanın nəzarətində
olmadığı dövrdə
Laçın-Xankəndi yolu
vasitəsilə Ermənistanın
separatçılara silah-sursat
ötürdüyünü xatırladan E.Mirbəşiroğlu
bildirib ki, dövlətimiz tərəfindən
bu yol nəzarətə
alındıqdan sonra separatçıların nəfəsliyinin
qarşısı alındı.
Azərbaycan tərəfi
bəyan etdi ki, ölkəmizin icazəsi olmadan ərazilərimizə yük
maşınlarının keçirilməsi
suverenliyə, ərazi
bütövlüyünə qəsd cəhdləridir. Digər tərəfdən
Azərbaycan yüklərin
daşınması üçün
Ağdam-Xankəndi yolunu
təklif etməklə
özünün xoş
niyyətini bir daha nümayiş etdirdi.
Ermənistan və
separatçılar, onların
Avropadakı, ABŞ-dəki
lobbiçiləri heç
bir əsas olmadan dünyaya səs salıblar ki, Qarabağda yaşayan ermənilər guya blokada şəraitindədirlər.
Amma Azərbaycan Ağdam-Xankəndi yolunu təklif etməklə göstərdi ki, Ermənistan və separatçılar sadəcə
olaraq Laçın yolu ətrafında və Azərbaycan ərazisində yaşayan
ermənilərin "humanitar
vəziyyət"i üzərindən
siyasi manipulyasiyalar etməkdədirlər.
Deputat qeyd edib ki, son
günlərə qədər
Ağdam-Xankəndi yolunun
adı belə çəkilmirdi. "Onda
sual yaranırdı ki, həqiqətən separatçıların iddia
etdiyi kimi humanitar böhran vəziyyəti mövcuddursa,
Azərbaycanın təklifi
niyə qəbul olunmur? Yəni bu yolu təklif
etməklə separatçıları
da, təcavüzkar Ermənistanı da ifşa etdik. Onların siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə
məhdudlaşdırdıq. Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasının mümkün
olması separatçıların
və Ermənistanın
geri çəkildiyinin,
müvafiq olaraq Azərbaycanın öz ərazisindəki proseslərə
nəzarətetmə imkanlarının göstəricisidir",
- deyə deputat əlavə edib.
Onun sözlərinə
görə, Ağdam-Xankəndi
yolunun açılmasından
sonra Laçın-Xankəndi
yolunun açılmasının
mümkünlüyünü Azərbaycan tərəfi qəbul etdi və bu yol
ölkəmizin gömrük
və sərhəd buraxılış normalarına
uyğun fəaliyyət
göstərə bilər.
Bu da Azərbaycanın
təbii hüququdur. Separatçılar və Ermənistan, eyni zamanda onların ABŞ-dəki və Avropadakı dəstəkləyiciləri
israrla tələb edirdilər ki, Laçın yolu əvvəlki kimi dəhliz formatında açıq, hərəkət
üçün tam sərbəst olsun. Bu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü şübhə
altına almaq cəhdləri idi. Hər bir dövlət
kimi, Azərbaycan da öz sərhədlərində
giriş-çıxışa nəzarətini həyata keçirmək hüququna
malikdir və dövlətimiz buna nail oldu.
Deputat qeyd edib ki, beləliklə,
bütün ərazilərimiz
boyunca suverenliyimizin etibarlı təmin olunması istiqamətində
növbəti uğurlu
addım atılıb.
Azərbaycanın növbəti
uğuru
Milli Məclisin
deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan hər zaman üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirib və bununla bağlı dəfələrlə rəsmi
açıqlama və
bəyanatları olub:
"Prezident İlham Əliyev hər zaman verdiyi sözə
əməl edib. Son məsələ bunu bir daha
göstərdi. Təəssüf
ki, Ermənistan, eləcə də bir sıra Qərb
dövlətləri və
dairələri ermənilərin
çirkin oyununun elementinə çevriliblər
və Azərbaycana qarşı təzyiqlərə
başlayıblar. Ancaq
proseslər onu göstərdi ki, Ermənistanın dediyi kimi, Azərbaycanın əsas hədəf və məqsədi humanitar böhran yaratmaq deyil. Bizim əsas məqsədimiz beynəlxalq
hüquqa əməl olunması və Azərbaycanın ərazi
bütövlüyünə hörmətlə yanaşılması,
əsassız iddialara,
təxribatlara son qoyulması idi".
C.Məmmədov düşünür
ki, Ağdam-Xankəndi
yolunun açılması
ilə Qarabağa humanitar yükün çatdırılması Azərbaycanın
növbəti uğurudur.
Azərbaycan prinsipial və qətiyyətli mövqe nümayiş etdirərək yüklərin
bu yoldan keçirilməsinə nail
oldu.
Deputat hesab edir ki, bu,
Azərbaycanın növbəti
qələbəsi kimi
qəbul edilməlidir.
Ölkəmiz üzərinə
götürdüyü öhdəliyi
yerinə yetirir. Eyni zamanda Ermənistan
tərəfindən tələb
edir ki, qanunlarımıza hörmət
etsin, təxribatlarına
son qoysun.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 13 sentyabr.-
S.6.