Şeyxülislam:
Azərbaycanda müxtəlif
dinlərin nümayəndələrinin
dostluq, qardaşlıq
mühitində yaşamaları
böyük nemətdir
Sentyabrın 12-də Qafqaz Müsəlmanları
İdarəsinin sədri
şeyxülislam Allahşükür
Paşazadə Yunanıstanın
Azərbaycandakı səfiri
Xristos Kapodistrias ilə görüşüb.
QMİ-nin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, QMİ sədri A.Paşazadə Azərbaycanda müxtəlif
dinlərin nümayəndələrinin
dostluq, qardaşlıq,
qarşılıqlı anlaşma
mühitində yaşamalarını
böyük nemət kimi dəyərləndirib,
ölkəmizin xristian
dünyası ilə əməkdaşlıq əlaqələrinin
dərinləşməsinin müsbət hal olduğunu qeyd edib.
Şeyxülislam Azərbaycanda
dinlər və məzhəblər arasında
əlaqələrin yüksək
səviyyəsinin təmin
olunmasında və davam etdirilməsində dövlət siyasətinin,
şəxsən ölkə
rəhbərinin səylərinin
və fəaliyyətinin
böyük rol oynadığını vurğulayıb.
O, Azərbaycanın dini
mərkəzinin pravoslav
konfessiyası ardıcılları,
o cümlədən Rus
Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsi ilə tarixən yaxın əlaqələrinin mövcudluğuna
diqqət çəkib,
Yunan Pravoslav Patriarxı I Varfolomey ilə dinlərarası dialoq müstəvisində
məhsuldar əlaqələrin
səviyyəsindən razılığını
ifadə edib. G20 Dinlərarası Forum ərəfəsində
ötən ay İstanbulda Ekumenik Patriarxlıqda baş tutan tədbirdə olduğunu xatırladan şeyxülislam QMİ nəzdində
fəaliyyət göstərən
Beynəlxalq Bakı Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin
xətti ilə keçirilən beynəlxalq
forumlar barədə ətraflı məlumat verib. Bildirib ki, yunan əsilli
nüfuzlu din xadimi – Xalkidon Mitropoliti Emanuil Adamakis ilə əməkdaşlıq dinlərarası
münasibətlər müstəvisinə
öz töhfələrini
verir.
Yunanıstan səfiri
Xristos Kapodistrias Azərbaycanda mövcud olan dinlərarası səmimi münasibətlərin,
məzhəblərarası qarşılıqlı ehtiram
mühitinin təkcə
Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı üçün böyük
maraq və əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
Diplomat ötən ilin oktyabrında Sofiyada enerji layihəsinin açılış
mərasimində Prezident
İlham Əliyev və Baş nazir Miçotakis arasındakı əhəmiyyətli
görüşün Yunanıstan-Azərbaycan
ikitərəfli münasibətlərinə
yenidən güclü
təkan verdiyini xatırladıb.
Şeyxülislam A.Paşazadə
son dövrlər Azərbaycanla Yunanıstan
arasında iqtisadi münasibətlərin yüksək
səviyyəsindən məmnunluğunu
ifadə edib və bunun dini-mənəvi
sahədə də əlaqələrin genişlənməsinə
müsbət təsir
etdiyini vurğulayıb.
Görüşdə A.Paşazadə Azərbaycanın
beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünün bərpası
uğrunda 44 günlük
Vətən müharibəsində
qazanılmış Zəfər
barədə danışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi sayəsində Ordumuzun 30 ilə yaxın erməni işğalı
altında olmuş əzəli torpaqlarını
azad etməsindən sonra apardığı quruculuq işlərindən
və bölgədə
sülh yönündə
səylərindən ətraflı
bəhs edib.
QMİ sədri təəssüflə
qeyd edib ki, erməni apostol kilsəsi sülh deyil, yenidən müharibəni
təbliğ edir, revanşizm ideyalarını
körükləyir. Halbuki,
sülhü tərənnüm
etmək, xalqlar arasında qarşılıqlı
anlaşma mühiti yaratmaq dini liderlərin
mənəvi borcudur.
Sonda səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub.
Azərbaycan.-
2023.- 13 sentyabr.- S.10.