Arif Məlikov - 90
Azərbaycanın dünyaşöhrətli
bəstəkarlarından biri
olan Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı
şəhərində dünyaya
gəlmişdi. Musiqiyə
və ədəbiyyata
sevgi ilə böyümüşdü. Bu
sevginin səbəbkarı
valideynləri, xüsusilə
də anası idi. Onun hərbçi
olan atası Cahangir Məlikov musiqini çox sevirdi. Üzeyir bəy Hacıbəylinin yaradıcılığının vurğunuydu. Anası Püstə xanım isə ədəbiyyat müəllimi idi. Püstə xanım kamançada çox gözəl ifa edirdi.
Şöhrətə aparan yol
Kiçik yaşlarından
ata-anası ilə birlikdə tez-tez getdiyi opera teatrı,
izlədiyi muğam operalarının təəssüratları
onun üçün unudulmaz oldu. Bir də evlərinə
sənətkarlar yığışar,
musiqilər ifa edərdilər. Bir gün isə ailə dostları ona tar bağışladı.
Sonralar yada salırdı: "Tez bir zamanda tarda
çalmağı öyrəndim
və Asəf Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil oldum. Orada
Əhməd Bakıxanovdan,
Mansur Mansurovdan və Adil Gəraydan
dərs aldım. Bu illər ərzində
muğamları, xalq musiqisini dərindən öyrəndim və "Humayun" muğamı ilə texnikumu bitirdim. Bu muğam
çox kədərli
və qəlbə toxunandı və ona sevgim uşaqlıqdan
olub. "Humayun" mənim sonrakı yaradıcılığımda da xüsusi yer tutub".
O, 1948-1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin tələbəsi
oldu. Məktəbi bitirdikdən sonra Şuşaya getdi. Əmək fəaliyyətinə
orada pedaqoq kimi başladı.
1951-1952-ci illərdə Şuşa
Şəhər Musiqi
Məktəbində müəllim
işlədi.
Arif Məlikovu
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasına
aparan yalnız ali təhsil almaq arzusu olmadı.
O, həmin illərdə
artıq bəstəkarlığa
meyil göstərirdi.
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasına
daxil oldu. Qara Qarayevin bəstəkarlıq sinfində
oxudu. Gənc Arif Məlikov şöhrətli bəstəkarın
tələbəsi olduğu
üçün yalnız
qürur duymurdu, həm də buna görə böyük məsuliyyət
hiss edirdi. Ozamankı hisslərini, duyğularını sonralar
belə dilə gətirdi: "Qarayevin sinfində məşğələ
keçmək çox
maraqlı idi. Hər bir tələbənin
fərdi yaradıcı
xüsusiyyətlərini dərindən
duymaq, gənc musiqiçinin çalışmalarını
düzgün istiqamətləndirmək,
"istedad axını"nı
həqiqi məcraya yönəltmək qabiliyyəti
onun pedaqoji istedadının xüsusiyyətlərindən
idi... Qarayevin sinfində keçirdiyim saatlar indi də
xatirimdədir. Dərsin
son dəqiqəsinə
kimi mən gərginlik içində
olurdum, bu bənzərsiz müəllimin
dediklərindən heç
bir şeyi ötürməməyə çalışırdım.
Sözlərinin mənə
və ya başqasına ünvanlanması
əhəmiyyətli deyildi...
Mən həmişə
Qara Qarayevin tələbəsi olduğumu
qürurla deyirəm, bu isə məni
məsuliyyət daşımağa
vadar edir".
Unudulmaz müəllimlər
Onun yaradıcılığının
formalaşmasında "Həyatda
çox şeyə nail olmağım onunla ünsiyyətimin nəticəsidir" dediyi
Qara Qarayevin böyük rolu oldu. Müəlliminin ənənələrini mənimsəyən
istedadlı gənc bəstəkar öz bənzərsiz üslubunu
yaratdı.
Yaradıcılığına dahi Üzeyir bəy Hacıbəylinin əsərlərinin böyük
təsir göstərdiyini
də Arif Məlikov sevgi və qürurla deyirdi: "Hacıbəyov
musiqisi... Hansı azərbaycanlı onun valehedici musiqisini beşikdən qulaq asmayıb və sevməyib! Bizdə bu musiqiyə məhəbbət gündən-günə
artır. Mənim ailəmdə onu hamı oxuyurdu".
Onun yaradıcılığında
müstəsna yeri olan bir sənətkar
da var idi...
Arif Məlikov filarmoniyada təqdim edilən, repertuarına həm Azərbaycan, həm rus, həm
də xarici musiqi daxil olan
və sənətin bayramına çevrilən
konsertləri xatırlayırdı:
"Burada aparıcı
bəstəkar və musiqiçilərlə yanaşı,
biz tələbələrə
də gözəl musiqini və onun haqqında maraqlı fikir və düşüncələri
izləmək nəsib
olurdu. Hiss olunurdu ki, bütün
bu musiqi bayramlarının nəbzi
Niyazidir. Hər bir insan bu
tədbirlərdə mənən
zənginləşirdi. Mənə
sual verəndə ki, Niyazi ilə
nə zaman tanış oldunuz, deyirəm - uşaqlıqdan".
Onunla ilk görüşü isə
tələbəlik illərində
oldu. Arif Məlikov tələbə
ikən kamera musiqisi - prelüdlər, pyeslər, skertso, trio bəstələdi. Balet süitası yazanda isə üçüncü kursda
oxuyurdu. Bu əsərlə Maestro Niyazinin
yanına getdi. Arif Məlikov yada salırdı: "O, mənə baxıb dedi: "Sən kimsən?" Dedim ki, III kurs tələbəsiyəm.
O isə qətiyyətlə
cavab verdi: "Mən tələbə əsəri ifa etmirəm". Mən dönüb getmək istəyəndə Niyazi dedi: "Əlindəki nədir?" Dedim "Partitura". O, partituranı
götürdü və
40 dəqiqə əsəri
vərəqləyərək notlara baxdı. Nəhayət, cavab verdi: "Mən bu süitanı ifa edəcəyəm, lakin orkestr səslərini
kim köçürəcək?".
Mən sevinərək
dedim: "Maestro, siz ifa edəcəksinizsə,
mən özüm səsləri köçürərəm".
Beləliklə, balet süitasının bütün
orkestr səslərini
özüm yazdım və onlar indi
də filarmoniyanın
kitabxanasındadır. Bu
süita ilə mənim orkestrə məhəbbətim başladı".
Arif Məlikovun maestro Niyazi ilə dostluğu da, yaradıcılıq əlaqələri də
o vaxtlardan başladı.
Bəstəkar etiraf edirdi ki, belə
bir görkəmli sənətkar yoluna çıxmasaydı, bəlkə
də musiqiyə münasibəti bir başqa olardı.
Ali təhsilini
başa vurduqdan sonra, o, 1960-cı ildən
Azərbaycan Dövlət
Konservatoriyasında dərs
deməyə başladı.
Və taleyini bu təhsil ocağına bağladı...
Dünyanı fəth
edən "Məhəbbət
əfsanəsi"
Yaradıcılıq eşqi qəlbində aşıb-daşırdı. Qərara
gəldi ki, irihəcmli səhnə əsəri yazsın. A.Zöhrabbəyovun "Odlar
ölkəsi" kitabı
əsasında baletə
başlamaq niyyətində
ikən müəllimi
Qara Qarayev ona şair Nazim
Hikmətin pyesi əsasında yazılmış
kiçik libretto verdi. Əsər Arif Məlikovu özünə cəlb etdi. Beləliklə, ilk irihəcmli əsərini yazmağa başladı. Baletin üzərində iki il çalışdı.
Nəhayət, gözlənilən
gün gəldi. "Məhəbbət əfsanəsi"
baletinin premyerası
1961-ci il martın 23-də
Leninqrad (indiki Sankt-Peterburq) Akademik Opera və Balet Teatrının
səhnəsində keçirildi.
Tamaşanın xoreoqrafı
Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru
Maestro Niyazi idi. Və o möhtəşəm
təqdimat günü
yalnız müəllif
üçün deyil,
çoxları üçün
unudulmaz oldu. Tanınmış bəstəkar
Dmitri Şostakoviç
bildirirdi: "Yeni balet sovet xoreoqrafiyasında
böyük hadisədir...
Bu tamaşa bir mərhələdir".
"Məhəbbət əfsanəsi" müəllifə
gənc yaşda dünya şöhrəti
qazandırdı. Balet
dünyanın böyük
səhnələrində tamaşaya
qoyuldu və hər dəfə də tamaşaçıları
heyran etdi. Qara Qarayev yazırdı:
"Hər dəfə
Bakıdan uzaqlarda doğma Azərbaycan musiqisini eşidəndə
ürəyim fərəh
və qürurla dolur. "Məhəbbət
əfsanəsi"nin yaranması
musiqi həyatımızda
əlamətdar hadisə,
incəsənətimizin bayramıdır.
İstərdim ki, bizim bəstəkarlar müasir dövrlə səsləşən əsərləri
ilə Azərbaycan torpağını daha da şöhrətləndirsinlər".
"Yer üzündə
iki nəfər" adlı baletinin l ibrettosunu Robert Rojdestvenski yazdı. Əsər
1969-cu ildə Mariinski
Teatrda səhnəyə
qoyuldu. Bəstəkarın
"İki ürək
dastanı" adlı
baletinin premyerası isə 1983-cü ildə Daşkənd və Kuybışev (indiki Samara) səhnələrində
keçirildi.
Arif Məlikov ilk simfoniyasını tələbə ikən bəstələdi. Birinci simfoniya onun diplom işi
idi. Sonralar bu sahədə də yaradıcılığını
davam etdirdi. Ümumiyyətlə, bəstəkar
1958-2000-ci illərdə səkkiz
simfoniya yazdı. O,
"Ölümdən güclü",
"Yer üzündə iki
nəfər", "Əlibaba
və qırx quldur", "İki ürək dastanı",
"Yusif və Züleyxa" baletlərinin, "Nağıl",
"Füzuli", "Metamorfozlar",
"Axırıncı aşırım",
"Qəhrəmani" simfonik
poemalarının, "Dalğalar"
operettasının, Xalq
Çalğı alətləri
Orkestri üçün
kamera instrumental (prelüdlər,
süitalar) və digər əsərlərin
müəllifidir. Bir sıra
teatr tamaşalarına,
"Sehrli xalat",
"Axırıncı aşırım",
"Ulduzlar sönmür",
"Qərib cinlər
diyarında" və
başqa kinofilmlərə
musiqi yazdı. O, dirijorluq arzusuna da çatdı. Bakıda və Moskvada, Avropanın müxtəlif
şəhərlərində özünün müəllif
konsertlərində dəfələrlə
dirijorluq etdi və birinci dirijorluq kateqoriyasına layiq görüldü.
Simfoniya, balet,
operetta, kantata, vokal, kamera və instrumental əsərləri ilə musiqi tariximizdə ölməzlik qazanan Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin
tam külliyyatı" 2016-cı ildə çapdan çıxdı.
Əsərləri dünyanın
bir çox ölkəsində - Rusiya,
ABŞ, Böyük Britaniya,
Fransa, Yaponiya, Türkiyə,
Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan,
Qazaxıstan, Moldova, Ukrayna
və Gürcüstanda
ifa edilib.
Böyük yaradıcılıq
yolu keçən bəstəkar Azərbaycan
Dövlət Konservatoriyasında
fəaliyyətini də
böyük həvəslə
davam etdirdi. Uzun illər ərzində pedaqoq kimi zəngin
bilik və təcrübəsini tələbələrinə
öyrətdi. O, 1966-1968-ci illərdə baş müəllim, 1968-1978-ci illərdə
dosent, 1979-cu ildən
professor oldu. 1982-ci ildən
ömrünün sonunadək
bəstəkarlıq kafedrasının
müdiri işlədi.
2001-ci ildə "Sənətşünaslıq"
ixtisası üzrə
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) müxbir
üzvü oldu.
2014-cü ildə isə
AMEA-nın həqiqi üzvü seçildi.
Arif Məlikov həm də istedadlı rəssam idi.
İşlərinin çox
olması onu ictimai fəaliyyətdən
uzaqlaşdıra bilmədi.
SSRİ xalq deputatı
seçilən Arif Məlikovun
respublikamızın ictimai-siyasi
həyatında böyük
rolu oldu. Xüsusən də ötən əsrin son onilliklərində baş
verən gərgin siyasi, ictimai hadisələrə münasibətdə
o, hər zaman vətənpərvər
ziyalı mövqeyi nümayiş etdirdi.
Ən yüksək
fəxri adlara, təltiflərə, mükafatlara layiq
görülən dünyaşöhrətli bəstəkar,
istedadlı rəssam, akademik Arif Məlikov 2019-cu il mayın
9-da səksən altı yaşında dünyasını dəyişdi.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.- 13 sentyabr.- S.11.