Qarabağ
və Şərqi Zəngəzurda dəmir yolları da sürətlə bərpa
edilir
Zəngəzur dəhlizinə beynəlxalq
maraq azalmır
Ermənistan tərəfindən
Azərbaycan ərazilərinin
işğalı ölkəmizin
dəmir yolları infrastrukturuna da böyük ziyan vurub. Hesablamalara görə, dəyən ziyanın məbləği 45 milyon 60 min dollar
məbləğində qiymətləndirilir.
30 ilə yaxın
bir dövrdə Azərbaycanın dəmir
yollarının 240,4 kilometri
işğal altında
olmuşdur. Belə ki, həmin dövrdə Horadiz-Ordubad sahəsinin 144 kilometri, (o cümlədən Mehri rayonu üzrə 43,4 kilometr), Mincivan-Oratan xətti üzrə 39,1, Təzəkənd-Xankəndi xətti
istiqamətində 51, Qazax-Barxudarlı
xətti üzrə
6,3 kilometr yol düşmən tərəfindən
işğal edilmiş
sahədə qalmışdır.
İndi torpaqlarımız
kimi dəmir yolları da düşmən işğalından
azad edilib. Hazırda ermənilər tərəfindən dağlıdılmış
dəmiryol xətləri,
stansiyalar və körpülər bərpa
olunur, dövlət başçısının tapşırığına
əsasən, bölgənin
dəmir yolu xətlərinin yenidən
qurulması istiqamətində
mühüm işlər
görülür. Hazırda "Azərbaycan
Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyəti tərəfindən
Bərdə-Ağdam, Horadiz-Ağbənd
dəmir yolu xətlərinin yenidən
qurulması, həmçinin
Füzuli-Şuşa yeni
dəmir yolu xəttinin çəkilməsi
istiqamətində işlər
davam edir.
Prezident İlham
Əliyevin 24 noyabr
2020-ci il tarixli sərəncamına əsasən,
yenidən qurulması
işlərinə başlanılan
Bərdə-Ağdam dəmir
yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə
bərabərdir. Layihə
çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları
təmir ediləcək,
Təzəkənd və
Ağdam stansiyaları
isə yenidən tikiləcək. Həmçinin
yol üzrə 114 süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd
istiqaməti üzrə
layihələndirmə və
üst quruluşunun söküntüsü işləri
tamamlanıb, torpaq yatağının, üst
quruluşu elementlərinin,
süni qurğuların
tikintisi və Təzəkənd-Ağdam istiqaməti
üzrə layihələndirmə
işləri aparılır.
2021-ci il fevralın
14-də təməli qoyulmuş
Horadiz-Ağbənd dəmir
yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə
bərabərdir. Birxətli
dəmir yolu 8 stansiyadan ibarət olacaq. Həmçinin layihə çərçivəsində
ümumilikdə 300-ə yaxın
süni mühəndis
qurğusunun tikintisi planlaşdırılır. Horadiz
stansiyası ilə yanaşı, digər 7 - Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları tamamilə yenidən tikiləcək.
Hazırda dəmir yolu xətti bütövlükdə dron
vasitəsilə topoqrafik
plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik
hissəsində torpaq
yatağının hazırlanması,
həmçinin süni
qurğuların tikintisi
işləri həyata
keçirilir.
Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir
yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə
bərabərdir. Layihə
çərçivəsində iki yeni - Füzuli
və Şuşa stansiyalarının, habelə
200-ə yaxın süni
mühəndis qurğusunun
layihələndirilməsi və
tikintisi planlaşdırılır.
Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə
topoqrafik tədqiqat
işləri tamamlanmışdır
və süni mühəndis qurğularının
layihələndirilməsi işləri
görülür.
İcrasına başlanılan
layihələrlə yanaşı,
azad edilmiş ərazilərdə dəmir
yolu xətlərinin inşası üçün
ADY-nin mütəxəssisləri
tərəfindən yeni
istiqamətlər araşdırılır.
Belə istiqamətlərdən
biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Xəttin ilkin konseptual layihəsi hazırlanıb.
Ox üzrə uzunluğu 88,8 kilometrə
bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın
süni mühəndis
qurğusunun layihələndirilməsi
və tikintisi təklif edilir.
Zəngəzur dəhlizinin
açılması demək
olar ki, dünyada gedən mühüm siyasi-iqtisadi proseslərin tərkib hissəsidir. Təsadüfi
deyil ki, həmin dəhlizin fəaliyyətə başlaması
Çin-ABŞ münasibətlərində
Tayvan məsələsi
qədər əhəmiyyət
daşımağa başlayıb.
Rusiya Federasiyasının
nəqliyyat naziri A.Overçükun "Ermənistan-Azərbaycan
arasında gərginlik
azalan kimi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar bərpa
ediləcək" bəyanatı
boş yerə verilməyib. Bu marşrutun açılmasında
şimal qonşumuz da maraqlıdır. Belə ki, Rusiya-Ukrayna
müharibəsi bu
ölkənin dünya
bazarına çıxan
yolunu bağlayıb.
O üzdən Rusiya Şimal-Cənub marşrutunun
və Zəngəzur dəhlizinin açılmasına
tələsir. Hindistanda
keçirilən G-20-lərin sammitində Avropa bazarlarına çıxışı
üçün Hindistan-Yaxın
Şərq-Avropa iqtisadi
dəhlizinin yaradılması
barədə razılıq
əldə olunub. Layihənin icrası üçün Hindistandan
Avropaya BƏƏ, Səudiyyə
Ərəbistanı, İordaniya
və İsrail ərazisindən dəmiryol
xətti, həmçinin
liman infrastrukturunun qurulması nəzərdə
tutulur. Həmin layihə İran və Ermənistanın marşrutun
ərazilərindən keçməsi
barədəki ümidlərini
puça çıxartdı.
Bundan sonra Çinin Orta dəhlizə, xüsusilə
Zəngəzur dəhlizinin
açılmasına marağı
daha da artacaq.
Çünki Çin
Hindistanla həm siyasi, həm də iqtisadi sahədə rəqabət
aparır. Hər iki ölkə Avropa
bazarına rahat marşrut axtarışındadır.
Məlum olduğu
kimi, Fransa Ermənistana Zəngəzur
dəhlizinin açılmaması
üçün siyasi
təsir göstərir.
Bu yaxınlarda həmin ölkənin
"qarın ağrısı"
bəlli oldu. Sən demə, Fransa "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətini
99 illiyə icarəyə
götürmək və
ya özəlləşdirilməsini
istəyirmiş. Əvvəla,
adından məlum olduğu kimi bu dövlət qurumu qapalıdır, yəni özəlləşdirməyə
çıxarıla bilməz.
İkincisi, Azərbaycan
dövləti belə
strateji obyekti Fransa kimi ermənipərəst
siyasət yürüdən
ölkəyə verə
bilməz. Çünki
bu yolla Fransa Orta dəhlizdə
və Şimal-Cənub
marşrutunda qovşaq
rolunu oynayan "Azərbaycan Dəmir Yolları" QSC-ni ələ keçirməklə
həmin marşrutları
nəzarətə götürmək
istəyir. Azərbaycan
dövləti Fransanın
bu istəyinə təbii ki, "yox" deyib. Hazırda baş verən bütün siyasi hoqqabazlıqların
kökündə təkcə
erməni sevgisi deyil, həm də bu faktor
dayanır.
Bu üzdən
dövlətimiz işğaldan
azad edilən ərazilərdəki dəmir
yollarının sürətlə
bərpasında maraqlıdır.
Dəmir yollarının
açılması ölkəmizə
yüksək gəlir
gətirməklə yanaşı,
onun beynəlxalq aləmdəki siyasi çəkisini də artıracaq.
Rüstəm KAMAL,
Azərbaycan.-2023.-
13 sentyabr.- S.8.