BMT-nin
ali komissarı regiondakı son vəziyyətlə bağlı
Azərbaycanın mövqeyi
barədə məlumatlandırılıb
Sentyabrın 13-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
İsveçrə Konfederasiyasına
işgüzar səfəri
çərçivəsində BMT-nin insan hüquqları
üzrə ali komissarı Folker Türk ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycan
və BMT arasında insan hüquqları sahəsində cari əməkdaşlıq gündəliyi,
bölgədəki mövcud
vəziyyət ətrafında
fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin insan hüquqları
mexanizmləri ilə konstruktiv dialoq və qarşılıqlı
etimad çərçivəsində
fəal şəkildə
əməkdaşlıq etdiyini
bildirib. İnsan hüquqlarının fundamental
prinsiplərinin müdafiəsinə
tam şəkildə sadiq olan Azərbaycanın
beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası
və dinlərarası
dialoqun təşviqinə
mütəmadi əsasda
töhfə verdiyini, davamlı olaraq bu sahədə əhəmiyyətli irəliləyişlər
əldə etdiyini vurğulayıb.
Regiondakı son
vəziyyət barədə
Azərbaycanın mövqeyini
qarşı tərəfin
diqqətinə çatdıran
nazir Ceyhun Bayramov Ermənistanın davam edən hərbi-siyasi təxribatlarından,
habelə ölkəmizin
ərazi bütövlüyü
və suverenliyinə qarşı bəyanatlarından
söz açıb, bu kimi addımların
bölgədə sülh
və sabitliyə xidmət etmədiyini, yerli erməni əhalisinin reinteqrasiyasına
əngəllər törətdiyini
diqqətə çatdırıb.
Görüşdə 30 ilə yaxın işğal dövründə
Ermənistanın müharibə
cinayətləri, insanlığa
qarşı cinayətlər
törətdiyi, o cümlədən
etnik təmizləmələr
həyata keçirdiyi
qeyd olunub.
Bölgədə “humanitar
vəziyyət” və
“blokada” barədə iddiaların əsassız
olduğu, Ermənistanın
Laçın sərhəd
buraxılış məntəqəsinə
qarşı təxribatlarının,
Ağdam-Xankəndi yolundan
yüklərin daşınmasına
törədilən maneçiliklərin,
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə qarşı
davam edən iddiaların, Azərbaycan ərazilərindən erməni
silahlı qüvvələrinin
hələ də çıxarılmamasının sülhə və təhlükəsizliyə təhdid
olduğu vurğulanıb.
Görüşdə, həmçinin nazir Ceyhun Bayramov münaqişə başa çatmasına və bölgədə sülh perspektivinin yaranmasına baxmayaraq hələ də insan hüquqları ilə bağlı ciddi problemlərin qaldığını, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış yüz minlərlə minanın günahsız insanların həyatına son qoymaqda davam etdiyini, bərpa və quruculuq işlərini, habelə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnu əngəllədiyini bildirib.
Azərbaycan.-2023.- 14 sentyabr.- S.3.