Yollar
bizi reinteqrasiyaya aparır
Rusiyanın göndərdiyi humanitar yükü anbara yığmaqla ermənilər
uydurduqları "humanitar
fəlakət"in şou
olduğunu təsdiqlədilər
Rusiya-Ermənistan münasibətləri
gərginləşən xətt
üzrə davam etməkdədir. Baxmayaraq ki, Rusiyanın Ermənistanda 102-ci hərbi
bazası yerləşir,
bu iki dövləti
"tarixi ənənəyə"
söykənən maraqlar
birləşdirir.
Rusiya-Ukrayna müharibəsində
zəifləyən Rusiyanı
görən Paşinyan
hökuməti fürsətdən
istifadə edib Rusiyadan ayrılmaq niyyətinə düşüb.
Siyasi ekspertlər Rusiyanın Ermənistandan
küskünlüyünün, işin gəlib bu həddə çıxmasının səbəbini
Nikol Paşinyanın Qərbin adamı olması ilə izah edirlər. Sorosun maliyyə dəstəyi ilə hakimiyyətə gələn
Nikolun Qərb dairələri qarşısında
Rusiyanı ölkəsindən
çıxaracağı haqqında
öhdəlikləri olduğu
qeyd edilir. 44 günlük müharibə
zamanı və postmüharibə dövrü
Rusiyadan istədiyini qopara bilməyən Ermənistan hökumətinin
bu ölkədən
"qopmaq" barədə
qərarlı olduğu
artıq faktdır. Əlbəttə, bunu hiss edən Rusiya heç də hadisələri sakitcə izləmək fikrində deyil. Kreml Paşinyanı hakimiyyətdən yola salmaq üçün ehtiyatla, tədbirli şəkildə öz işini görməkdədir.
Tərəflər arasında
44 günlük müharibədən
sonra "atəşkəsi"
Paşinyan pozdu. O, İtaliyanın "La Repubblica" jurnalına verdiyi müsahibəsində açıq
şəkildə ifadə
edib: "Moskvaya ümid yoxdur, çünki o, zəifdir
və heç nə edə bilmir. Ümumiyyətlə,
Ermənistan Rusiyaya arxalanaraq böyük səhvə yol verdi". Paşinyanı idarə edən qüvvələrin
ona Rusiyaya "hücum" əmrini verdiyini
hiss etməmək isə sadəlövhlük
olardı. Bu təkcə erməni baş nazirinin açıqlamaları ilə
müşayiət edilmir.
Bütövlükdə Paşinyan
hökuməti bu ölkəyə qəzəb
və nifrət püskürür. Hətta
iş o yerə gəlib çatıb ki, Ermənistan Rusiyanın dedikləri ilə hesablaşmaq niyyətində
olmadığını açıqca
nümayiş etdirməkdən
belə çəkinmir.
"Ac", "humanitar
böhran" içində
"zülm çəkən"
əhali Rusiyanın göndərdiyi yardımı
iki gün Bərdədə gözlətdikdən
sonra Rusiya sülhməramlılarının təzyiqi, hədə-qorxusu
ilə qəbul edib, "ac" əhaliyə paylamaq əvəzinə, Xankəndidə
anbarlara boşaldıblar.
Məntiqlə uydurduqları
"humanitar fəlakət"
şousu real görünmək üçün
gərək ssenari müəllifləri bir maşın ərzağı
almaqdan ötrü uzun-uzadı növbəyə
duran, hətta ərzaq üstündə
dava salan, "aylardır çörəksiz
qalıb" çörəyi,
unu görüb sevincdən göz yaşı axıtmalı
idilər... Bunu etməyən separatçıların
"qətiyyətlə dirəniş"
göstərməsi təəccüblü
deyilmi?
Əslində, 10 noyabr
üçtərəfli Bəyanatından
sonra Rusiyadan gələn əksər yüklər Qarabağa Ağdam-Xankəndi yolu ilə daşınırdı.
Hələ Rusiya sülhməramlı kontingenti
təmsilçilərinin iştirakı
ilə həmin inşaat materiallarından
ermənilərə evlər
tikilməsi barədə
erməni KİV-də
xəbərlərin tirajlandığını,
süjetlər yayımlandığını
da görmüşük.
Biz hətta Rusiya hərbçilərinin
"pasev"ə çıxdıqlarına,
ermənilərlə birlikdə
taxıl əkdiklərinə
də şahidlik etmişik. Bəs onda "humanitar böhran" keçirən,
"aclıq", "fəlakət
içində yaşayan"
ermənilərin müttəfiqlərinin
göndərdiyi "yardım"ı
"ac, çörəksiz"
əhaliyə paylamayıb
anbarlarda saxlamalarının
səbəbi nədir?
Səbəb Rusiyanın
regionda artıq "ciddi fiqur" olmadığını
açıq surətdə
dünyaya nümayiş etdirməkdir.
Bununla Nikol onu himayə edənlərə, Rusiyanı
küncə sıxışdıranlara
artıq Ermənistanda
Putinin sözünün
keçmədiyini nümayiş
etdirməkdir.
Rusiya hələlik
səbir nümayiş
etdirir. Ermənistana olan münasibətdə təmkinli davrandığı
ortalıqdadır. Hətta
münasibətləri yumşaltmağa
çalışdığı da hiss edilməkdədir.
Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi
Mariya Zaxarova son açıqlamasında
bildirib ki, Rusiya Ermənistanın düşməni deyil və heç vaxt da olmayacaq.
Onun sözlərinə
görə, İrəvanın
son açıqlamalarına
Moskvanın sərt reaksiya verməsi faktlarda qeyri-dəqiqliyin olmasından irəli gəlir: "İrəvanda
qəbul edilən qərarların günahını
və məsuliyyətini
Rusiyanın üzərinə
yükləməyə ehtiyac
yoxdur. Bu, Ermənistan üçün
təhlükəli nəticələrə
gətirib çıxara
bilər". Rusiya hələlik Ermənistana
ağıllı olmağı
tövsiyə edir. Sözsüz ki, "təhlükəli nəticə"
dedikdə Rusiya Ermənistanla silahların
dili ilə danışmayacaq. Cəmi
bir neçə gün əvvəl Kremlin sözçüsü
Dmitri Peskovun "Rusiya Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində
çox mühüm rol oynamaqda davam
edir. Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz hissəsidir. Buna görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı da tərk edə
bilməz. Unutmayaq ki, Rusiyada Ermənistandan
daha çox erməni yaşayır",
- ifadəsini xatırlamaq
kifayətdir. Əgər
Paşinyan bundan sonra səhvini başa düşüb
"söz eşidən
olmasa" Rusiya Nikolu hakimiyyətdən salmaq üçün ərazisində yaşayan
erməniləri "deport"
edib İrəvana göndərəcək. Bu,
Rusiyanın Gürcüstanda
sınaqdan çıxardığı
ən optimal üsuldur. Gözləyək
görək dünyaya
"aclıq fəlakəti"
şousu göstərən
ermənilər Rusiyanın
göndərdiyi humanitar
yardımı nə qədər anbarlarda saxlayacaq və Ermənistanın "humanitar
fəlakət" şousuna
rejissorluq edənlərin
buna münasibəti necə olacaq?
Azərbaycanın Qarabağın
erməni sakinlərinin
ehtiyaclarının qarşılanması
üçün təklif
etdiyi Ağdam-Xankəndi
yolundan istifadə olunmaqla yardım göstərmək təklifi
reallığa çevrildi.
QXC-nin yük maşını Ağdam-Xankəndi
yolu ilə geri qayıtdı. Ermənilər Rusiyanın
yardımına göstərdiyi
münasibətlə bir
daha "humanitar böhran" şousu ilə siyasi manipulyasiya etdiyini açıqca nümayiş
etdirdilər. Yükün
Ağdam yolu ilə Xankəndiyə getməsinə gəlincə
isə bu, Azərbaycanın
ciddi uğurudur. Bundan sonra hansı
dövlət Qarabağa
"humanitar yardım"
göstərmək niyyətinə
düşsə, Ağdam-Xankəndi
yolunu tərəddüd
etmədən seçə
bilər. Qeyd edək ki, sonrakı
prosesin reinteqrasiyanın
başlanğıcı ilə
nəticələnəcəyi də şübhə doğurmur.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2023.- 14 sentyabr.-
S.5.