"Dövlət dəstək verməsəydi,
bu qədər uğurlarımız da olmazdı"
Onunla söhbət
edirik. Nə vaxt, necə əmək fəaliyyətinə
başladığını soruşuruq. Sakit tərzdə danışmağa
başlayır:
- Kənd uşağı
üçün iş
ağlı kəsəndən
başlayır. Elə
düşünürəm ki, bunu kənddə
doğulub boya-başa
çatan hər kəsə aid etmək olar. Yaşadığın şərait
belə tələb edir. Həyətyanı sahəni belləmək, becərmək, mal-qara dalınca getmək, yay tətili vaxtlarında tarlalarda pambıq becərmək, sonra onu yığmaq
və digər bu kimi işlərdə
yaxından iştirak etmək, deyərdim ki, mənim ilk iş stajımdır.
Gözləri yol
çəkir. Bir az fikrə gedir,
sonra aramla söhbətinə davam edir:
- 1969-cu ildə kəndli
ailəsində doğulmuşam.
Atam Xudaqulu kişi o zaman Muğanın ağsaqqalı
sayılan Sosialist Əməyi Qəhrəmanı
Qüdrət Səmədovun
sədr olduğu kolxozda çoban işləyib. Övladlarını
halal çörəklə
böyüdüb. Kolxoz
taxıl biçinindən
sonra "əməkgünü"nə
arpa, buğda verərdi. Hələ də yadımdadır, arpanı qoyunlar, toyuq-cücə üçün
yem edərdik, buğdanı isə anam həyətdə, palaz üstə sovruq edib təmizləyərdi.
Bacı və qardaşlarımla ona kömək eləyərdik.
Atam çöl günü olmayanda təmizlənmiş taxılı
kəndimizdəki dəyirmana
aparıb çəkdirərdi.
Bəzən böyük
qardaşım Səfəri
və məni də özü ilə aparardı. Unu dəyirmandan gətirib evə boşaldanda ürəkdolusu
nəfəs alıb deyərdi: "Allaha şükür, qış
ruzimiz var. Başlıcası çörəkdir,
qalanları olmasa da, olar". Sonralar bildim ki, atam, ailə
üzvləri, o cümlədən
bütün əhali İkinci Dünya müharibəsi zamanı çörək sarıdan
çox korluq çəkiblər. Ölənlər
də az olmayıb. Anam bir tikə çörəyin
yerə düşdüyünü
görsəydi, yerdən
qaldırar, üç
dəfə öpüb
gözünün üstünə
qoyardı. Sadaladığım
bu cəhətlər ailəmizdəki bütün
uşaqların, o sıradan
qardaşlarımın və
mənim bir insan kimi formalaşmağımızda
başlıca şərtlər
oldu. İndi isə başqa bir zamanda yaşayırıq.
Heç kəs övladının əziyyət
çəkməsini, zəhmətə
qatlaşmasını istəmir.
Amma bilmirlər ki, bununla onlar
balalarını ələbaxımlığa
öyrədirlər. Düşünmürlər
ki, sabah onlar həyatda olmayanda övladlarının
taleyi necə olacaq, ailələrini necə saxlayacaqlar. Mən hələ mobil telefon bəlasını demirəm. O da uşaqları oxumaqdan, sağlam düşüncədən
yayındıran bir problemə, xəstəliyə
çevrilib. Böyüklərin
özləri də uşaqlardan geriyə qalmırlar. Bəzi gənclərin isə ata-analarının onlar üçün aldığı
maşını vəhşi
kimi idarə etdiyini görəndə əsəbiləşməyə bilmirsən. Düşünürsən
ki, onlar özlərinin qazandığı
pulla maşın alsaydılar, belə etməzdilər. Bu cür misalları çoxaltmaq da olar.
Müsahibimiz bunları
söyləyib qurtarandan
sonra deyir:
- Deyəsən, çox
danışdım. Bu
barədə hamı kimi mənim də ürəyim doludur. Onu da
əlavə edim ki, əməksevər, ağıllı, ədəb-ərkanlı
gənclərimiz də
çoxdur.
Fermer Mərdan
Cəlilovla söhbətimiz
davam edir. Necə deyərlər, söz sözü çəkir. Öyrənirik
ki, torpağa bağlı olduğu üçün aqronom olmaq istəyib. Lakin böyük qardaşı Əvəz Bakı Plan-Uçot Texnikumunda oxumasını məsləhət görür.
Kiçik qardaşını
razı salmaq üçün "Plan-uçot
işini bilsən, gələcəkdə çətinlik
çəkməzsən, uçot-hesabat
işlərini düzgün
qura bilərsən. Pambıqçılıq briqadiri
işləyənin özünə
də hesabat işlərini bilmək vacibdir. Digər işlərdə də həmçinin", - deyir.
Deyilənlər gənc
Mərdanın ağlına
batır. 1985-ci ildə
məktəbi bitirib sənədlərini Bakı
Plan-Uçot Texnikumuna
verir, tələbə
adını qazanır.
Təhsil aldığı
iki il ərzində
tələbəlik illərinin
acılı-şirinli günlərini
yaşayır. 1987-ci ildə
təhsilini bitirib boya-başa çatdığı
Sarvan kəndinə qayıdır. Sonra iki il Leninqradda
əsgəri xidmətdə
olur, 1989-cu ildə xidmətini başa vurub evə dönür. Hələ sovet hakimiyyəti dağılmamışdı. O zaman Sarvan Kənd
Sovetinin sədri işləyən rəhmətlik
Şahəli Əliyev
Mərdanın atası
Xudaqulu kişini yaxşı bir adam kimi tanıdığından
"Nəcib adamdan nanəcib övlad törəməz" deyərək
onu mühasib kimi işə götürür. M.Cəlilov
gənc mütəxəssis
kimi var gücü ilə bu etimadı doğrultmağa çalışır.
İşi bilmək bacarığı, insanlarla
xoş rəftarı onu kənd camaatına
sevdirir. Bu da Mərdana bir pillə də irəli getmək şansı verir. Kənd soveti sədrinin və inzibati ərazi nümayəndəsinin
müavini vəzifəsinə
irəli çəkilir.
Eyni zamanda fermer kimi fəaliyyət
göstərmək, taxıl,
pambıq əkmək
haqqında düşünür.
Atalar "Niyyətin
hara, mənzilin ora" deyiblər. Mərdan şəxsi təsərrüfatını yaratmaq
qərarını verir.
Ailə üzvlərinə
məxsus 15 hektarda əkin aparır - bir hissəsinə taxıl, bir hissəsinə pambıq əkib-becərir. Torpaq zəhmət çəkənindir.
Ona can-başla qulluq göstərsən, əkdiyinin bəhrəsini
görəcəksən. Mərdan
da bütün varlığı ilə torpağa bağlanaraq əkdiyi sahələrə
hər gün bir neçə dəfə baş çəkir, hər bitkiyə lazım olan vaxtda vacib
olan aqrotexniki qulluğu göstərir. Nəticədə hər hektardan nəzərdə tutduğundan da çox məhsul götürür. Hasilə
gətirdiyi məhsul hesabına təsərrüfatını
genişləndirir. Əlavə
torpaq sahələri alır, icarəyə götürür.
Bir neçə
il əvvəl ürəyində toxumçuluq
təsərrüfatı yaratmaq
arzusu oyanır. Bu məqsədlə Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət
edərək fikrini bildirir. Bəyənib təqdir edir, kömək göstərəcəklərinə
söz verirlər.
Fermer Muğan şəraiti üçün
yeni sortlar əkməkdən ötrü
elit toxumlar əldə edir. İstəyi, arzusu baş tutur. Sahələr sünbül
bağlayır, məhsul
yetişməyə başlayanda
mütəxəssislər əkib-becərdiyi
sahələrə baxış
keçirirlər. Bütün
işlərin normal olduğunu deyir. Toxumçuluq fermer təsərrüfatı kimi
fəaliyyət göstərmək
üçün Kənd
Təsərrüfatı Nazirliyi
tərəfindən ona
xüsusi şəhadətnamə
- sertifikat verilir.
M.Cəlilov istehsal
olunan toxumu saxlamaq və lazımi vəziyyətə
gətirmək üçün
növbəti ildə
anbar tikir, toxumtəmizləyən, dərmanlayan
və digər avadanlıqlar alır. Fermer təsərrüfatı
genişləndiyindən yeni
iş yerləri açır. Bir neçə il ərzində yaratdığı
fermer toxumçuluq təsərrüfatı getdikcə
tanınmağa başlayır.
Toxum üçün
ona müraciət edənlərin sayı artır. Nümunəvi işinə görə M.Cəlilov 2018-ci ildə
2-ci dərəcəli "Əmək ordeni" ilə təltif olunur. O, 2023-cü ildə
buğda əkdiyi 100 hektar sahənin hər hektarından 45 sentner "Qobustan",
"Bərəkətli-95" adlı yüksək reproduksiyalı
toxum əldə edir. Lakin bu
nəticələr heç
də fermeri tam qane etmir, o, məhsuldarlığı
daha da artırmağın
yollarını axtarır.
Mərdan Cəlilov:
- Həyatda qazandığım
az-çox nə varsa, ilk növbədə
valideynlərimə, torpağa
və dövlətimizə
borcluyam. Atam məni zəhmətə öyrətməsəydi, kim
bilir, taleyim necə olardı. İkincisi, hər şeyin əzəli və sonu olan
torpaq öz səxavətini məndən
əsirgəmədi. Əgər
dövlətimiz, Prezidentimiz
kənd təsərrüfatının
inkişafına bu qədər diqqət və dəstək göstərməsəydi, bu
uğurlar da olmazdı. Fikir verin, görün
2003-cü ildən bəri
Azərbaycanda bütün
sahələrdə, o cümlədən
kənd təsərrüfatının
inkişafında nə
qədər böyük
işlər görülüb,
uğurlar qazanılıb.
Mənim öhdəmdə
hazırda 150 hektar torpaq sahəsi var. Növbəli qaydada həmin sahələrə taxıl,
pambıq, yonca əkirəm. Əkdiyim sahələr üçün
dövlətdən subsidiya
alıram. Toxumluq taxıl üçün dövlət mənə əlavə vəsait verir. Pambıqçılıqda
da vəziyyət bizi qane edir.
Müqavilə bağladığımız
şirkət suvarmadan
tutmuş məhsulu yığıb qurtarana kimi yanımızda olur, hər cür kömək göstərir. Xam pambığın satınalınma
qiyməti istehsalçıları
razı salır. Mən özüm bu il 50 hektarda
pambıq əkmişəm.
Apardığım 5 dəfə
kompleks becərmə nəticəsində bol məhsul əmələ gəlib. Düzdür, yayın əvvəlində
su sarıdan bir az korluq
çəkdik, lakin sonradan vəziyyət düzəldi.
Bir neçə gündən sonra pambıqyığan maşınları
sahələrə çıxaracağıq.
Apardığım müşahidə
və hesablamalara görə, məhsul keçənildəkindən hər
hektara 4-5 sentner çox olacaq.
Sonda neçə
övladının olduğunu,
nə işlə məşğul olduqlarını
soruşuruq. Üç
qızının, bir
oğlunun olduğunu,
qızlarının ali
təhsil aldığını,
ailə qurduqlarını,
oğlunun İnşaat
və Memarlıq Universitetində oxuduğunu
deyir.
Sağollaşıb ayrılırıq. Hər
birimiz işinin dalınca - biz yazı masasının arxasına, Mərdan isə əkinlərinin üstünə gedir.
Seyran CAVADOV,
Azərbaycan.-2023.- 14 sentyabr.- S.7.