Görkəmli
bəstəkar Arif Məlikovun doğum günündə Fəxri
xiyabanda məzarı ziyarət olunub
Dünən görkəmli
bəstəkar, Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları
laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının
90-cı ildönümü tamam oldu.
AZƏRTAC xəbər verir ki, bu
münasibətlə mədəniyyət
naziri Adil Kərimli, tanınmış
mədəniyyət və
incəsənət xadimləri,
nazirliyin məsul əməkdaşları, sənətkarın
ailə üzvləri
və digər qonaqlar Birinci Fəxri xiyabanda sənətkarın məzarını
ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Anım mərasimində
çıxış edən
Adil Kərimli Arif Məlikovun bənzərsiz yaradıcılığı
ilə adını əbədi olaraq musiqi mədəniyyəti
tariximizə yazdırdığını
deyib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bəstəkarın
yaradıcılığını daim diqqətdə saxlayıb, yüksək qiymətləndirib. Prezident
İlham Əliyev tərəfindən də
Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi,
sənətinin yaşadılması
və gələcək
nəsillərə ötürülməsi
istiqamətində davamlı
işlər görülüb
və görülməkdədir.
Prezident İlham Əliyevin görkəmli bəstəkarın xatirəsinin
əbədiləşdirilməsi ilə əlaqədar
2019-cu ildə imzaladığı
sərəncam bu diqqətin parlaq təzahürüdür.
Nazir diqqətə
çatdırıb ki,
görkəmli bəstəkarın
90 illik yubileyi də geniş şəkildə qeyd olunacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbəri olduğu
Heydər Əliyev Fondunun dəstəyi ilə sənətkarın
yubileyi həm də onun dünya
klassik musiqisinin şah əsərlərindən
sayılan "Məhəbbət
əfsanəsi" baletinin
yarım əsrdən
sonra yenidən müəllifin vətənində
səhnəyə qoyulması
ilə əlamətdar
olacaq. Dünyanın bir sıra böyük
səhnələrini fəth
edən bu möhtəşəm balet
nümunəsi 18-19 sentyabr
tarixlərində Üzeyir
bəy Hacıbəyli
XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Xalq artisti Firəngiz Əlizadə deyib ki, Arif
Məlikov görkəmli
bəstəkar olmaqla yanaşı, həmçinin
rəssam, pedaqoq və ictimai xadim idi: "Arif Məlikov SSRİ Ali Sovetinin deputatı
kimi Azərbaycan xalqının haqq işinin dəstəklənməsinə
də böyük töhfələr verib. Onun bütün janrlarda əsərləri
var. Məni çox sevindirən odur ki, bu
gün təhsil ocaqlarında Arif Məlikovun əsərləri
tədris edilir. Arif Məlikov gözəl tələbələr
yetişdirib, özündən
sonra böyük irs qoyub".
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti
Fərhad Bədəlbəyli
vurğulayıb ki, Arif Məlikov böyük bəstəkar
olmaqla yanaşı, həm də böyük şəxsiyyət
idi: "O, xasiyyətcə
sərt adam idi, çox insan ona görə
ondan inciyirdi. Amma o, həqiqətləri
insanların üzünə
deyirdi. Ümidvaram ki, onun yetirmələri
balet janrını da davam etdirəcəklər".
Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq ixtisası (Qara Qarayevin sinfi) üzrə təhsil alıb. 1960-cı illərdən bu tədris ocağında müəllim, 1979-1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək Bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Arif Məlikovun simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərləri misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın "Məhəbbət əfsanəsi" baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il mayın 9-da vəfat edib.
Azərbaycan.-2023.- 14 sentyabr.- S.12.