Regionda
marağı olan qüvvələr sabitliyi
pozmağa çalışırlar
Azərbaycan qeyri-qanuni rejimin mövcudluğuna dözməyəcək
Son günlərin
siyasi-hərbi mənzərəsinə
nəzər salsaq görərik ki, Ermənistan- Azərbaycan münasibətləri gərginləşən
xətt üzrə inkişaf edir. Azərbaycanın Müdafiə
Nazirliyi artıq hər gün erməni silahlı qüvvələrinin sərhəddə
yerləşən ərazilərimizə
müxtəlif istiqamətlərdən
atəş açmaları,
diversiya təxribat qruplarının ərazimizə
sızmaq cəhdləri
barədə məlumat
yayır. Keçmişə
nəzər salanda
2020-ci ilin analoji hadisələri ilə bu gün baş
verənlər arasında
böyük fərq olmadığını görürük.
Belə bir məqamda hər iki ölkədə insanları daha çox bir sual düşündürür:
müharibə olacaq, ya yox? Suala
birmənalı olaraq cavab vermək çətindir. Azərbaycan
regionda sülhün dayanıqlı olması üçün bütün
vasitələrdən istifadə
edir. Ortalıqda Azərbaycanın təklif
etdiyi, Ermənistanın
müxtəlif bəhanələrlə imzalamadığı sülh protokolu var...
Azərbaycan kommunikasiyaların
açılmasını təklif
edib. Xankəndiyə əlavə yollarla da beynəlxalq hüquq normalarına uyğun olaraq yükdaşımaları
irəli sürüb,
amma keçmiş xunta razılaşmayıb.
Hayastan uydurma "blokada və soyqırımı" şousu
yaradıb Azərbaycan
əleyhinə kampaniyaya,
iyrənc təbliğata
başlayıb. Azərbaycan
xoş məram göstərib Qarabağda
yaşayan erməni vətəndaşlarına ərzaq
göndərsə də,
separatçıların qeyri-qanuni
silahlı dəstələri
yolları bağlayıb
və buna imkan verməyib.
Bunlarla kifayətlənməyən separatçılar müharibə hazırlığına da start veriblər. Hazırda bu ərazidə təhlükəli hərəkətlilik var - qanunsuz hərbi birləşmələr ərazilərimizi yenidən minalamağa cəhd edir, səngər qazıntıları aparır, mühəndis istehkam qurğuları tikməyə cəhdlər edirlər. Əli günahsız insanların qanına bulaşmış xunta rejimi müharibə təhlükəsi yaradıb təzyiq altında saxladığı əhalini yeni müharibə qorxusu altında saxlamağa çalışır.
Şübhəsiz ki,
Azərbaycan ərazilərində
hər hansı bir qanunsuzluğa, özbaşınalığa, "boz zona"nın olmasına seyrçi qalmaq fikrində deyil. Azərbaycanın mövqeyi konkret, başadüşülən və
qətidir. Prezidentin köməkçisi, Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev Azərbaycanın mövqeyini
bildirərək qəti
şəkildə ifadə
edb ki, "Kimlərsə düşünürlər
ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər
və separatist statusunda yaşamaqda davam edərək və qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər,
bu, baş verməyəcəkdir. Azərbaycan
heç bir halda buna dözməyəcək.
Onların da bu yalançı humanitar şoularının
əsas məqsədi
ondan ibarətdir ki, əsl niyyətlərini
və xislətlərini
gizlətsinlər. Əsl
niyyət isə Ermənistanın vaxtilə
Azərbaycanın işğal
altında olan ərazilərində yaratdığı
qondarma, qanunsuz rejimin mövcudluğunu təmin etməkdir və bu məqsədlə
də müxtəlif bəhanələrdən istifadə
edirlər".
Ölkəmizin qəti
mövqeyini bilən,
2020-ci ilin 44 günlük
Vətən müharibəsində
Azərbaycanın "dəmir
yumruğ"unun zərbəsini
görən Ermənistan
və onun Qarabağda dəstəklədiyi
separatçı qüvvələr
vəziyyəti gərginləşdirməkdə
daha da maraqlı
görünürlər. Yalnız
"humanitar fəlakət"
şousu oynamaqla kifayətlənməyib Qarabağda
saxta "seçki"
də keçirdilər.
Təbii ki, bu, Ermənistanın sülh danışıqlarını
pozmaq üçün
qurduğu növbəti
oyundur. Azərbaycanı
müharibəyə cəlb
etmək üçün
düşünülmüş bir cəhd idi.
Dünya dövlətləri
birmənalı olaraq Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə dəstək
ifadə etdikləri bir zamanda beynəlxalq
təşkilatlar və
aparıcı dövlətlərin
Qarabağda keçirilən qondarma
"seçkilər"ə reaksiyasını bilə-bilə
bu ölkənin baş naziri "seçkilər"ə münasibət
bildirib separatçılara
təbrik məktubu göndərmişdir. Bu o
deməkdir ki, Ermənistan sözdə Azərbaycanın ərazi
bütövlüyünü tanısa da, hələ öz təcavüzkar niyyətindən,
ölkəmizə qarşı
ərazi iddialarından
əl çəkməyib.
Sivil dünyanın separatizmi tanımadığı
və tanımayacağı
bir vaxtada 30 il əvvəlki Ermənistanla bugünkü
Ermənistanda heç
bir fərq olmadığı faktı
ortalıqdadır.
Məsələ burasındadır
ki, sözdə Azərbaycanın ərazi
bütövlüyünü tanıyan Nikol Paşinyanın "ipi"nin
öz əlində olmadığını, Fransanın
basqısı altında
hərəkət etdiyi
fikrində olanların
sayı günbəgün
artmaqdadır. Son zamanlar baş verən hadisələrə
nəzər salsaq görərik ki, Nikol Rusiya ilə
vidalaşmaq barədə
Qərbdən, xüsusilə
Fransadan aldığı
tapşırığı yerinə yetirməkdə,
Rusiya ilə müttəfiqliyə son qoymaqda daha maraqlı
görünür. "İki
daşın arasında
qalan" Nikolun bir neçə gün əvvəl İtaliya mətbuatına,
ABŞ-nin "Politiko"
nəşrinə verdiyi
müsahibə onun Qərbi seçdiyi, Rusiyaya birdəfəlik arxa çevirmək niyyətində olduğunu
birmənalı qəbul
etmək olar. O bildirib ki, bunun əsas
səbəbi Ukraynadakı
müharibədir: "Bu
savaş Rusiyanın imkanlarına təsir göstərdi". N.Paşinyan
müsahibəsində maraqlı
bir məqama da toxunub: "Həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan
ölkələrdir. Ona
görə də Kreml bu dövlətləri
özündən uzaqlaşdırmamağa
çalışır. Biz
isə müstəqil,
suveren olmaq istəyirik..."
Gecə-gündüz Emmanuel Makronun əlinin altından çıxmayan, 44 günlük
müharibə zamanı
Vladimir Putini bezdirən, indi "müstəqillik"dən dəm
vuran Ermənistanın
hökumət başçısı
həmçinin Azərbaycanın
Qarabağ iqtisadi rayonunda müvəqqəti
yerləşdirilən Rusiya
sülhməramlılarını öhdəliklərini yerinə
yetirməməkdə bir
daha ittiham edib: "Onlar öz missiyalarını icra edə bilmirlər.
Hərçənd onlar
Qarabağda olmasaydı,
vəziyyətin necə
inkişaf edəcəyini
deyə bilmirəm".
Baş nazirin sözlərinə görə,
hazırda artan gərginlik fonunda eskalasiya ehtimalını istisna etmək mümkün deyil: "Ermənistan buna hazırdır. Bununla belə, əgər biz davamlı, əbədi dövlətçiliyə
sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla
münasibətlərimizi nizama
salmaq üçün
çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik". Müsahibədən
göründüyü kimi,
Paşinyan iki daş arasında qalıb. Hakimiyyətə
gələrkən Qərb
qarşısında öhdəlik
götürən baş
nazir Rusiyanın ciddi təzyiq və təhdidləri ilə üzləşib. Rusiya Cənubi Qafqazı qəti surətdə tərk etmək istəmir. Hətta ona buynuz göstərən Nikolun "buynuzunu qırmaq" üçün
qüvvələrini səfərbər
etməkdən belə
çəkinmir. Artıq
Rusiyanın Yerevanda olan tərəfdarlarına
"hazır ol" komandası verməsi barədə iddialara da rast gəlmək
olur. Məsələ burasındadır
ki, Qarabağda və sərhədlərimizdə
vəziyyətin gərginləşməsi
ilə eyni vaxtda Qarabağda əli silah tutan erməni gənclərin Ermənistana
axınının başladığını
da görməmək mümkün deyil. Bəzi ekspertlər bunu bir mərkəzdən
idarə olunan ruspərəst qüvvələrin
paytaxt Yerevanda cəmləşib, Nikol Paşinyanı devirmək
üçün qarışıqlıq
salmaq əmri almaları ilə izah edirlər.
Ermənistanın süni
surətdə hadisələri
gərginləşdirməsi Azərbaycanı daha konkret addımlar atmağa məcbur edə bilər və bu, qəti
surətdə istisna olunmur. Prezidentin köməkçisi Hikmət
Hacıyevin mətbuata
verdiyi son müsahibədə bunu açıq şəkildə
görürük: "Xankəndiyə
yola düşən humanitar yük karvanı Bakının mesajlarını da aparmaqdadır. Ağdam-Xankəndi
yolundan istifadədən
imtina, reinteqrasiya görüşlərinin başlanmasını
əngəlləmə cəhdləri
rasizm və diskriminasiya kimi qiymətləndirilə bilər.
Bunun nümunələri
Vaqif Xaçaturyan və milli atributlarımızı
təhqir edən erməni futbolçularının
Laçın yolunda saxlanılaraq ədalət
mühakiməsinə təslim
edilməsində göründü.
Bəli, artıq Laçın yolu ilə qanunsuz silahlar, narkotik, Azərbaycanın talan edilən milli sərvətlərinin daşınması
erası başa çatıb. Keçmiş
"gəlir"li günlərin
geri qaytarılması
naminə düzənlənən
"humanitar fəlakət"
şousunun da heç bir faydası yoxdur. Çünki suveren ərazilərimizdə və
sərhədlərimizdə yeganə söz sahibi Azərbaycan dövləti və onun Konstitusiyasına əsaslanan milli qanunlarımız və iradəmizdir".
Ermənistan bütün
dünyanın gözü
qarşısında torpaqlarımızı
işğal edib 30 ilə yaxın bir müddətdə ərazilərimizdə hər
cür vandalizm hərəkətləri etdi.
Tarixi abidələrimizi
dağıdıb, yurd
yerlərimizi viran qoydu. Bir milyona
yaxın insanımızı
doğma ocaqlarından
didərgin saldı. Əsir, girov götürdüyü insanlara
amansız işgəncələr
verdi. Əksər hallarda insanları diri-diri torpağa basdırdı. Bunu bu gün kütləvi
məzarlıqlarda tapılan
əllərinə, ayaqlarına
məftil bağlanıb
üstü torpaqlanmış
cəsədlərin vəziyyəti
göstərir. Dünya
birliyi bütün bu qeyri-insani hərəkətlərə göz
yumdu, susdu, görməməzlikdən gəldi.
Nə idi bu insanların günahı? Azərbaycanlı
olmaları... BMT Təhlükəsizlik
Şurası işğal
olunmuş ərazilərdən
qoşunların dərhal
çıxarılması barədə
4 qətnamə qəbul
etsə də, Ermənistan bu qətnamələri lazımsız
bir kağız parçası bilib icra etmədi. Dünyanın bəzi güc sahibi olan dövlətləri ikili mövqe nümayiş etdirdilər.
Unutdular ki, hər bir ölkənin
ərazi bütövlüyü
və suverenliyi toxunulmazdır. Separatizmə
fərqli yanaşma yolverilməzdir. Üzdə
Azərbaycanın ərazi
bütövlüyünü beynəlxalq hüquqa əsasən tanıyıb
ikibaşlı oyun oynayanlar anlamalıdırlar
ki, Ermənistan rəhbərliyinin Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləməsi ilə
bağlı şifahi
bəyanatları sülh
müqaviləsi ilə
öz təsdiqini tapmalıdır. Ermənistan
Azərbaycana qarşı
bütün ərazi iddialarından əl çəkməli və silahlı qüvvələrini
Azərbaycan ərazisindən
çıxarmalıdır. Başqa yol yoxdur.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.- 15 sentyabr.- S.5.