Antiterror tədbirləri nəticəsində
Azərbaycan öz suverenliyini bərpa etmişdir
Sentyabrın 20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev xalqa müraciət edib.
AZƏRTAC dövlətimizin başçısının müraciətini
təqdim edir.
Prezident İlham
Əliyevin xalqa müraciəti
- Əziz həmvətənlər.
Bildiyiniz kimi, dünən səhər erməni silahlı birləşmələrinin törətdikləri
terror aktı nəticəsində 6 Azərbaycan
vətəndaşı, onlardan
ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Birinci dəfə deyil ki, bizə qarşı
Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox
Azərbaycan vətəndaşı
mina terrorunun qurbanı olmuşdur, ya da ki,
ağır yaralanmışdır.
Dünənki terror aktı
bu sıradan olan hadisə idi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana
qədər İkinci
Qarabağ müharibəsindən
sonra Ermənistandan Azərbaycanın Qarabağ
bölgəsinə qanunsuz
olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə
basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri
tərəfindən aşkarlanmış
minalar Rusiya sülhməramlı kontingentinin
və Rusiya-Türkiyə
Monitorinq Mərkəzinin
nümayəndələrinə göstərilmiş və
onlardan ciddi tədbir görülməsi
tələb edilmişdir.
Bu minalar 2021-ci ildə
Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu
göstərir ki, İkinci
Qarabağ müharibəsindən
sonra məqsədyönlü
şəkildə Azərbaycana
qarşı terror aktlarını
həyata keçirmək
üçün bu minalar gətirilmişdir.
Azərbaycan dərhal
lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır.
Lokal xarakterli antiterror
tədbirlərinə başlanıldı
və qarşıda duran bütün vəzifələr cəmi
bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və
bir daha Ermənistana göstərildi
ki, onların istənilən
təxribatına layiqli
cavab veriləcəkdir.
Dünən təxminən
saat 13:00 radələrində
antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində
Azərbaycan öz suverenliyini bərpa etmişdir.
Qeyd etməliyəm
ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük
qəhrəmanlıq, şücaət,
peşəkarlıq göstərmişlər.
Ağır relyef şəraitində, düşmən
tərəfindən uzun
illər böyük mühəndislik işləri
nəticəsində istehkamların
mövcudluğu şəraitində,
düşmən mövqelərinin
təpələrdə, əlverişli
yerlərdə yerləşdirilməsinə
baxmayaraq, bizim hərbçilərimiz bir
daha qeyd etdiyim kimi, qəhrəmanlıq,
peşəkarlıq göstərmişlər
və qısa müddət ərzində
bütün istiqamətlər
üzrə əhəmiyyətli
dərəcədə hərbi
uğurlar əldə
etmişlər. Ermənistan
dövlətinin Azərbaycan
ərazisində qanunsuz
yerləşdirilmiş və
Ermənistan dövlətinin
öhdəliyinə baxmayaraq,
bu günə qədər çıxarılmamış
ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.
Əməliyyat başlamazdan
əvvəl mənim tərəfimdən bütün
hərbi birləşmələrimizə
bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan
antiterror tədbirləri nəticəsində
Qarabağ bölgəsində
yaşayan erməni əhalisi zərbə altına düşməməlidir
və mülki əhali qorunmalıdır.
Biz həm yüksək
dəqiqliyə malik silahlardan
istifadə edərək
buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı
nəticəsində mülki
vətəndaşlar tamamilə
özlərini sığortalanmış
vəziyyətdə hiss etmişlər.
Eyni zamanda, göstəriş verilmişdir
ki, mülki infrastruktura
da heç bir zərbə dəyməməlidir,
ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun,
bütün Silahlı
Qüvvələrimizin peşəkarlığı,
texniki imkanları bizə bu vəzifəni
şərəflə yerinə
yetirməyə şərait
yaratmışdır və
bir daha Azərbaycan əsgəri,
zabiti həm yüksək peşəkarlıq,
həm də yüksək mənəvi
keyfiyyətlər göstərmişdir.
Bir daha qeyd etmək
istəyirəm ki, aparılmış
qısamüddətli lokal
xarakterli antiterror tədbirləri
nəticəsində, düşmənin
silah və texnikalarının böyük
hissəsi sıradan çıxarılmışdır. Onu da bildirməliyəm ki, Azərbaycan
ərazisində qanunsuz
olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri,
zirehli texnika yerləşdirilmişdir. Radioelektron
mübarizə vasitələri
yerləşdirilmişdir. İki
yüzdən çox
top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir.
2020-ci il 10 noyabr tarixli
üçtərəfli Bəyanata
zidd olaraq Ermənistan üç il
ərzində öz silahlı qüvvələrini,
canlı qüvvəsini
və texnikasını
bizim ərazimizdən
çıxarmamışdır. Halbuki dəfələrlə
həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında,
eyni zamanda, beynəlxalq tədbirlərdə
yüksək kürsülərdən
mən dəfələrlə
bu məsələyə
qayıdaraq Azərbaycan
dövlətinin haqlı
narazılığını ifadə etmişdim. 10 noyabr üçtərəfli
Bəyanatı, əslində,
Ermənistan dövlətinin
kapitulyasiya aktı idi və bu
kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən
bütün silahlı
qüvvələrini çıxarmalı
idi. Ancaq bundan imtina edirdi.
Əfsuslar olsun ki,
antiterror tədbirləri zamanı
şəhidlərimiz olub.
Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Yaralı əsgər,
zabitlərimiz olub.
Allah onlara şəfa
versin. Onlar Vətən
yolunda, haqq-ədalət
yolunda, Azərbaycanın
suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi
yaşayacaqdır.
Əməliyyatın uğurlu
gedişatı təbii
ki, Ermənistan dövlətini
və onun himayəsi altında fəaliyyət göstərən
qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır.
Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər
tərəfindən müxtəlif
qeyri-müəyyən siqnallar
gəlməyə başlamışdır
və bizim Silahlı Qüvvələrimizin
uğurlu irəliləyişi
nəticəsində bu
siqnallar daha intensiv xarakter almışdır. Bu gün
səhər beynəlxalq
tərəfdaşlardan bizə
verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr,
Ermənistan ordusunun bu birləşmələri
artıq bizim şərtlərimizi qəbul
etməyə hazırdırlar.
Bizim şərtlərimizi isə
mən dünən mənə zəng etmiş Amerika Birləşmiş
Ştatlarının Dövlət
katibinə çatdırmışdım.
Məndən soruşuldu
ki, antiterror tədbirlərini dayandırmaq üçün
nə lazımdır?
Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış
birləşmələri silahları
yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır
və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan
antiterror tədbirlərini dayandıra
bilər. Əks-təqdirdə
sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də,
qətiyyətimizi də
yaxşı bilir.
Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində
bizim nümayəndələrimizlə
görüşdən imtina
edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri
bizimlə dediyimiz yerdə - Yevlax şəhərində
görüşməyə hazırdırlar. Mənim cavabım
belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də
bilir. Bizim sözümüz
imzamız qədər
dəyərlidir və
bizim şərtlərimiz
qəbul olunarsa, təbii ki, tədbirlərimiz,
hərbi tədbirlərimiz
dayandırılacaq və
bu gün saat 13-də atəşkəs
elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə
tam əməl etməyib.
Atəşkəs elan olunandan
sonra da bizim mövqelərimiz atəş
altına düşmüşdür.
Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul
olundu və onu da bildirməliyəm, indi saat yeddiyə
beş dəqiqə işləyir.
Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən
çıxarılma prosesi
başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə
başlamışlar. Sual
olunur. Bu vəziyyətə gətirib
çıxarmaq kimə
xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən
dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan
rəhbərliyinə, onların
xaricdəki havadarlarına
və digər tərəflərə müraciət
edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazisində
qalması qanunsuzdur və buna son
qoyulmalıdır. Biz
deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından
artıq olmayan dırnaqarası bayraqlarını
büküb cibinə
qoyub bizim torpağımızdan çıxmalıdır.
Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan
rəhbərliyi artıq
bunu başa düşüb. Əgər
vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də
dilə gətirməyi
unutmur. Düzdür, bunu öz xoşu
ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt
göz qabağındadır.
Ermənistan Qarabağı
Azərbaycanın ayrılmaz
hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal
rejimin hansı statusu ola bilər?!
Hansı dövlət
atributları ola bilər?! Hansı seçkilər ola bilər?! Bütün İkinci Qarabağ müharibəsi başa çatandan sonra əldə edilmiş üçtərəfli şifahi
razılaşmalara rəğmən
bu ayın 9-da Qarabağda saxta “seçkilər” keçirildi,
saxta “prezident” seçildi, dırnaqarası
prezident. Həmin o şəxs dərhal bəyan etdi ki, onlar statusun
dalınca qaçacaqlar.
Yəqin ki, mənim sözlərim onların yadından çıxıb. İkinci
Qarabağ müharibəsi
başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə,
kapitulyasiya aktına imza atanda mən
demişdim ki, status cəhənnəmə
getdi. Müharibədən
bir müddət sonra biz status
haqqında cəfəng
ifadələri eşitmirdik.
Amma görünür
ki, bu qorxu
onların canından yavaş-yavaş çıxdıqca
yenidən revanşist
qüvvələr baş
qaldırır. Ona görə bütün bu amillər bir daha onu
göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb,
harınlaşıb və
qudurub. Unudub ki, onlar Azərbaycan
ərazisində yaşayırlar.
Ona görə bizim bütün addımlarımız legitimdir,
hüquqidir, ədalətlidir
və bütün addımlara görə biz həm məsuliyyət
daşıyırıq, həm
qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla,
dəqiqliklə elə
aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki
infrastruktura zərər
vurulmadı. Ancaq düşmən mövqeləri,
onların silahları,
texnikaları məhv edildi.
İndi isə
əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması
labüddür. Çünki
kriminal xunta rejimi təslim olandan sonra bu
gərginlik mənbəyi,
bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha
demək istəyirəm,
Qarabağın erməni
əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri,
müharibə cinayətkarları,
Ermənistanın və
Qarabağın dırnaqarası
rəhbərləri o insanları
girov götürmüşdü,
onların beyinlərini
zəhərləmişdi. Azərbaycan
haqqında, Azərbaycan
xalqı haqqında olmazın yalanlarını
uydurub onların beyinlərinə doldurmuşdur,
onların beyinlərini
zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru
dönüşü görəcək.
Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma,
qarşılıqlı hörmət
əsasında birgə
həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.
Bütün haqsızlıqlara
baxmayaraq, bütün
kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə
baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında,
şəhərlərimizin, kəndlərimizin dağıdılmasında,
qəbirlərin qazılmasında
biz erməni xalqını günahlandırmamışıq.
Biz kriminal rejimin ünsürlərini,
başda duranlarını
ittiham etmişik və biz onları
məsuliyyətə cəlb
edirik və edəcəyik. Bəziləri
artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.
Yevlax şəhərində
mənim nümayəndəmlə
Qarabağ icmasının
nümayəndələrinin görüşü əsnasında
biz öz baxışlarımızı, gələcək
birgə yaşayış
baxışlarımızı onlara çatdıracağıq.
Onların bütün
hüquqları təmin
ediləcək - təhsil
hüquqları, mədəniyyət
hüquqları, din hüquqları, munisipal seçki hüquqları.
Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı dövlətdir.
Bu, bizim böyük sərvətimizdir.
Azərbaycanda yaşayan
hər bir xalqın nümayəndəsi
bunu görür. Bunu izah etməyə
ehtiyac yoxdur. Bu, bizim həyat
tərzimizdir. Heç
vaxt Azərbaycanda dini, milli zəmində
ayrı-seçkilik olmayıb
və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi.
Bütün millətlərin
nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri
bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl
ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı
və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi
iki il ərzində.
O bölgədə bəlkə
də 30 il ərzində heç 1 faiz də iş
görülməyib - elektrik
stansiyaları, körpülər,
tunellər, su anbarları, yaşayış
binaları, kəndlər,
şəhərlər qurulur.
Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci
Qarabağ müharibəsi
başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə
çevirəcəyik və
çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə,
kəndlərdə yaradacağıq,
Əsgəranda yaradacağıq.
Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün
dönüş nöqtəsi
idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ
bayraq qaldırdılar!
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans
yaradılıb. O şansı
əldən verməsinlər.
Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki,
mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz
qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq
hüquqa, gələcək
inkişafa əsaslanan
və gələcək
inkişafa hesablanan təklifdir.
Ermənistan bu
dövr ərzində
- dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi
səriştə göstərib
və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük
və hesab edirəm ki, dünən və bu gün baş
vermiş hadisələr,
eyni zamanda, Azərbaycanla Ermənistan
arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək.
Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!
Azərbaycan.-2023.- 21 sentyabr.- S.1-2.