Hayastanda
dövlət çevrilişinə
kütləvi hazırlıq
gedir
Hayastanda narazılıq
və qarşıdurma
həddinin daha da yüksəlməsi, müxalifətlə hakimiyyət
arasında ziddiyyətlərin
bir qədər də kəskinləşməsi
müşahidə olunur.
Müxalifətin İrəvanda
keçirdiyi etiraz aksiyaları artıq iki gündür davam edir. Aksiyalarla
separatçıları dəstəkləyən
qüvvələr baş
nazir Nikol Paşinyanı hakimiyyətdən
uzaqlaşdırmaq üçün
birləşsə də,
hələ ki heç bir nəticəyə nail ola bilməyiblər. Müxalifətçilər
etirazlarına əsas
səbəb kimi hakimiyyətin yürütdüyü
uğursuz siyasəti göstərirlər. Onlar
baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı
dövlətçiliyin itirilməsi
ilə üz-üzə
qoyduğunu iddia edirlər.
Prodüserin hakimiyyət
sevdası
Ümumiyyətlə, 2018-ci il inqilabından sonra Hayastanda xalq arasında nüfuzunu itirən Sarkisyan-Koçaryan koalisiyasına
havadarlıq edənlər
artıq başqa adlar üzərində axtarışa başlayıblar.
Görünən odur
ki, bunlardan biri də "Ana Ermənistan" blokunun rəhbəri Andranik Tevanyandır. Son günlərdə İrəvanda xalqı Paşinyana qarşı qaldıran, səsləndirdiyi
fikirləri, açıqlamaları
ilə yerli medianın diqqət mərkəzində yer alan Tevanyan Hayastanı
növbəti vətəndaş
qarşıdurmasına sürükləməyə
çalışır. Məqsəd
isə hakimiyyətlə
xalq arasında uçurumu daha da dərinləşdirməkdir.
Kimdir Tevanyan? İrəvan Memarlıq və İnşaat İnstitutunun İqtisadiyyat
və inşaatın idarə edilməsi fakültəsini iqtisadçı
mühəndis ixtisası
üzrə bitirib. O, əmək fəaliyyətinə
1998-ci ildə Mayr Hayrenik televiziya şirkətində siyasi şərhçi kimi başlayıb. Növbəti il o, Ermənistan
Milli Televiziyasında "Fair" iqtisadi bülleteninin aparıcısı olub.
1999-2000-ci illərdə Ermənistan
iqtisadiyyat nazirinin müşaviri və mətbuat katibi olub. 2000-ci ildə AR televiziya şirkətinin əməkdaşı olub.
Həmin ilin sentyabrından 2001-ci ilin martına qədər AR-nin icraçı direktoru olub. AR televiziya şirkətinə
direktor təyin olunana qədər jurnalist və prodüser kimi çalışıb.
2021-ci il parlament seçkilərində
Ermənistan partiyalar blokunun siyahısı üzrə parlamentin deputatı seçilib.
2023-cü ildə isə bələdiyyə
seçkilərində 15,4 faiz səs toplayaraq
üçüncü yeri
tutan "Ana Ermənistan"
blokuna rəhbərlik
edib. Son iki gündə isə Tevanyan Qarabağın Azərbaycanın tərkibindən
çıxmasını və
Ermənistanın baş
naziri Nikol Paşinyanın
tutduğu vəzifədən
uzaqlaşdırılmasını tələb edib.
İrəvan və regionlarda tətil çağırışı
İrəvan sakinləri
hökumət binası
qarşısına toplaşaraq
ölkənin baş naziri Nikol Paşinyanın
üzə çıxmasını
tələb ediblər.
Onlar Paşinyanın istefası
tələbi yerinə
yetirilməyənə qədər
meydanı tərk etməyəcəklərini bəyan
ediblər. Nümayişçilərlə
polis arasında toqquşma nəticəsində 16 polis daxil
olmaqla 34 nəfər xəsarət alıb.
Eyni zamanda
Rusiyanın İrəvandakı səfirliyinin binasına
giriş-çıxış etirazçılar tərəfindən
bağlanmışdı. Diplomatik nümayəndəlik tədbir
görmək üçün Ermənistan Xarici İşlər
Nazirliyinə nota göndərib.
"Ana Ermənistan"
blokunun rəhbəri Andranik Tevanyan canlı efirdə ölkə
vətəndaşlarını İrəvanda və regionlarda əmək
tətillərinə çağırıb. Aksiya
iştirakçıları təxribatçı
çağırışlar edərək Azərbaycan ərazisində
mövcud olmuş keçmiş separatçı rejimə
qondarma bayraqlarla dəstəklərini ifadə ediblər. "4rd.am" nəşri isə
yazır ki, müxalif qüvvələr İrəvanda və
bölgələrdə itaətsizlik aksiyaları keçirmək
məsələsini müzakirə edirlər.
Etirazlar səngimir
Dünən də
İrəvanda hökumət binası
yaxınlığında etiraz aksiyası keçirən
müxalifət nümayəndələri ilə polislər
arasında toqquşma olub. Bir neçə etirazçı yerə
yıxılan polisi döyüb. Sosial şəbəkələrdə
paylaşımlara görə, müxalifət düşərgəsində
həbslərin aparılması planlaşdırılır və
qeyd olunur ki, kütləvi etiraz aksiyalarının
qarşısını almaq üçün hakimiyyət
xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına
qarşı güc tətbiq edilməsindən tutmuş,
onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl
müvəqqəti həbsinə kimi müxtəlif planlar
daxildir. O da vurğulanır ki, bu işdə təkcə polis
yox, digər güc strukturlarının və hakimiyyətin nəzarətində
olan xüsusi cəza dəstələrinin nümayəndələri
də iştirak edəcəklər. Müxalifət isə
hakimiyyət tərəfindən yaradılacaq bütün maneələrə
rəğmən etiraz mitinqlərinin baş nazirin
istefasına qədər davam edəcəyini bildirib. Belə
ki, parlament müxalifəti gələn həftə hakimiyyətə
qarşı küçə mübarizəsinə
başlayacaqlarını bəyan edib.
Qeyd edək ki,
Konstitusiya quruluşunu devirməyə
çağırış edən 4 nəfər həbs
edilib, 7 cinayət işi başlanılıb.
Bu arada
Hayastanın baş naziri Nikol Paşinyan ölkədə
müxtəlif yerlərdən dövlət çevrilişinə
çağırışlar edildiyini bildirib. O, həmçinin
vurğulayıb ki, hakimiyyət indi heç bir kəskin və
avantürist addımlar atmamalıdır.
Beləliklə,
bütün bunların fonunda hazırkı durumdan maksimum
yararlanmağa çalışan müxalifətin əsl istəyi
bəlli olur. Yeni simalarla üzə çıxan və
hakimiyyət dəyişikliyinin labüdlüyünü bəyan
edən bir qrup müxalif, Qərblə əməkdaşlığın,
digər bir qrupu isə Rusiya ilə işləməyin tərəfdarıdır.
Bu mübarizədən
kimin qalib ayrılacağını isə
zaman göstərəcək.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
21 sentyabr.- S.7.