Parlamentdə
Qərbi Azərbaycana
qayıdışla bağlı
dinləmə: Erməni
cinayətləri barədə
saysız-hesabsız faktlar
var
Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış:
hüquqi aspektlər”
mövzusunda ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, dinləmədə
Milli Məclisin deputatları, Prezident Administrasiyasının və
Baş Prokurorluğun
əməkdaşları, hüquqşünas
alim və tədqiqatçılar, Qeyri-Hökumət
Təşkilatlarının nümayəndələri iştirak
ediblər.
Tədbiri açan
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, parlamentdə Qərbi Azərbaycana qayıdışın
müxtəlif aspektləri
mövzusunda artıq bir neçə dinləmə təşkil
olunub. Qarşıda duran vəzifə isə məhz həm milli, həm beynəlxalq hüquqi aspektlərin araşdırılmasıdır.
O bildirib ki, bu il Ulu
Öndər Heydər
Əliyevin 100 illiyi dönəmində Qərbi
Azərbaycana qayıdış
konsepsiyasının müzakirələri
tarixin bir qanunauyğunluğuna çevrilib.
Müstəqillik tariximizin
yaradıcısı Ulu
Öndər dövlət
siyasətində tarixi
yaddaşı önə
çəkərək, hələ
1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki
tarixi ata-baba torpaqlarından kütləvi
surətdə deportasiyası
haqqında” Fərman imzalayıb, hadisələrə
deportasiya və soyqırımı cinayəti
kimi qiymət verib, müvafiq dövlət komissiyası
yaradıb və özü şəxsən
ona rəhbərlik edib. Sonrakı mərhələlərdə isə
Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də İrəvanın və digər ərazilərimizin ermənilərə
verilməsi ilə heç zaman barışmayıb, bu məsələni həmişə
diqqətdə saxlayıb.
Heç də təsadüfi deyil ki, 2020-ci ilin Vətən müharibəsi
Qələbəsindən bir
müddət sonra qarşıya qoyulan növbəti məqsəd
Qərbi Azərbaycana
qayıdış konsepsiyası
oldu.
Yaşadığımız bu tarixi günlərdə
Ali Baş Komandanın rəhbərliyi
ilə Azərbaycan Silahlı Qüvvələri
cəmi bir gün ərzində lokal antiterror tədbirləri həyata keçirərək Azərbaycanın
suverenliyini Qarabağ iqtisadi zonasında da tam təmin
etmiş oldu. Artıq Azərbaycan dövləti orada yaşayan ermənilərin
Azərbaycana reinteqrasiyası
ilə bağlı öz planlarını təqdim edib. Məhz belə bir tarixi şəraitdə
Qərbi azərbaycanlıların
da tarixi vətənimizə qayıdışı
və reinteqrasiyası
xüsusi aktuallıq kəsb edir. Bu baxımdan bu məsələnin hüquqi aspektlərinin analizi, araşdırılması
təklifləri də
çox önəmlidir
və biz bununla bu işə
öz töhfəmizi
vermiş olarıq.
Sonra tədbirdə
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış
edib. O, 2022-ci il dekabrın 24-də Prezident
İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati
binasında bir qrup ziyalı ilə görüşünü
xatırlayaraq, dövlətimizin
başçısının oradakı çıxışında
yeni milli hədəfimizi – tarixi torpaqlarımıza qayıdışı
müəyyən etdiyini
deyib. Bildirib ki, bu qayıdışın
bütün detalları
Prezidentin tapşırığı
ilə hazırlanmış
Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasında
öz əksini tapıb. Bu konsepsiya beynəlxalq və aidiyyəti dövlətdaxili hüquqa,
tarixi faktlara əsaslanır, ədalətin
və sülhün bərqərar olunmasına
xidmət edir.
Milli Məclisin
deputatı qeyd edib ki, bu
insanlar 35 il əvvələ qədər
Ermənistan vətəndaşı
olublar və onların Ermənistan vətəndaşlığından çıxarılması haqqında
heç bir hüquqi sənəd və ya məhkəmə
qərarı yoxdur. Bu insanların bir çoxu, hətta pasport qeydiyyatından çıxmadan
Ermənistanı tərk
etməyə məcbur
ediliblər.
Əziz Ələkbərov
bildirib ki, Ermənistanın azərbaycanlılara
qarşı hələ
200 il əvvəl başlayan və son 100 ildə bütün hüdudları
aşan cinayətləri
barədə saysız-hesabsız
faktlar, sənədlər,
sübutlar mövcuddur.
Onların hüquqi müstəvidə araşdırılmasına
çox böyük ehtiyac var.
Sonra çıxış
edən Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov məsələ
ilə bağlı Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə açılmış
cinayət işi və istintaqın gedişi barədə məlumat verib. O bildirib ki, işin
böyüklüyü nəzərə
alınmaqla 76 rayonun prokurorluqlarına ayrı-ayrı
istintaq hərəkətlərinin
icra edilməsi məqsədilə müvafiq
tapşırıqlar göndərilib
və hazırda bu tapşırıqlar icra edilməkdədir.
Elmar Camalov diqqətə çatdırıb
ki, müxtəlif rayonlarda məskunlaşmaqla
yaşayan Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin
müəyyən edilərək
dindirilmələri ilə
bağlı zəruri
istintaq hərəkətləri
davam etdirilir. Eyni zamanda, arxiv
sənədlərinin aşkar
edilərək götürülməsi
və digər üsullarla bağlı Türkiyə Respublikasına
hüquqi yardım göstərilməsi ilə
əlaqədar müvafiq
vəsatət göndərilib.
İstintaq zamanı
1987-1991-ci il tarixlərində
baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi
Azərbaycan ərazisində
qətlə yetirilən
216 şəxsdən 30 nəfər
şəxsin yaxın
qohumları, habelə
hadisənin şahidləri
müəyyən edilərək
dindiriliblər.
İctimai dinləmədə çıxış edən parlamentin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Fəzail Ağamalı, Azay Quliyev, Kamal Cəfərov, Hikmət Məmmədov, Nizami Səfərov, Məlahət İbrahimqızı, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, BDU-nun kafedra müdiri Kamil Səlimov, bu ali təhsil ocağının hüquqşünas alimləri Əfsər Sadıqov, İbrahim Vəliyev, Şəhla Səmədova, Zahid Cəfərov, Əbülfəz Hüseynov, AMEA-nın nümayəndəsi Nazim Mustafa, QHT nümayəndələri Nəsiman Yaqublu, İlham İsmayılov, Ramin İsgəndərov soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin hüquqi aspektləri barədə qeyd və təkliflərini irəli sürüblər. Çıxış edənlər dünya tarixində oxşar hadisələr və onların həyata keçirilməsi üçün hüquqi yollar barədə fikirlərini bölüşüblər, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunacağına inamlarını ifadə ediblər.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.7.