Qiymətləndirmə fəaliyyətinin həyata
keçirilməsi üçün
yeni tələblər
müəyyənləşdirilib
Sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə
sədri Tahir Mirkişili gündəliyə
“Qiymətləndirmə fəaliyyəti
haqqında” qanun layihəsinin birinci oxunuşda daxil edildiyini söyləyib.
Tahir Mirkişili
əvvəlcə yaxın
günlərdə Müzəffər
Ali Baş Komandan İlham Əliyevin başçılığı
ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin
nəticələrinin ölkə
iqtisadiyyatının da
gələcək inkişafına
daha geniş imkanlar yaradacağını
söyləyib.
Sonra komitə sədri “Qiymətləndirmə
fəaliyyəti haqqında”
qanun layihəsi barədə fikirlərini
açıqlayıb. O, bazar
iqtisadiyyatı şəraitində
qiymətləndirmə fəaliyyətinin
təşkilinin, qiymətin
funksiyasının, qiymətləndirilmənin
verdiyi dəyərin əhəmiyyətindən, dövlət
mülkiyyətinin özəlləşdirilməsi,
bazar iqtisadiyyatının
formalaşdırılmasının vacibliyindən bəhs edib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildə “Qiymətləndirmə
fəaliyyəti haqqında”
Qanun qəbul edilib. Bu sənədin
o dövr üçün
bu sahədə münasibətlərin tənzimlənməsi
baxımından mütərəqqi
qanun olduğu qeyd edilib.
Tahir Mirkişili
ötən müddət
ərzində bu sahədə bəzi boşluqların yarandığını
və yeni bir qanuna ehtiyac
duyulduğunu deyərək,
Azərbaycanda ictimai sektorun bu istiqamətdə
fəallığının artırılması, habelə
Qiymətləndiricilər Palatasının
formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını
bildirib.
Komitə sədri
bildirib ki, Prezident tərəfindən
parlamentə təqdim
olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə
qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi,
onların məsuliyyətinin
müəyyən edilməsi,
digər məsələlərin
həllinə imkan yaradacaq.
Sonra iqtisadiyyat
nazirinin birinci müavini Elnur Əliyev çıxış
edərək sənədin
hazırlanması prosesi
barədə məlumat
verib. O, qiymətləndirmə
sahəsində mövcud
problemlərdən, o cümlədən
qiymətləndiricinin anlayışının
konkret müəyyən
edilməməsi, qiymətləndiricilərin
peşəkar birliyinin
yaradılmaması, mövcud
ictimai birliyin statusunun qanunvericiliklə müəyyən edilməməsi,
üzvlərinin icbari
tədrisə cəlb
edilməməsi, onların
vaxtaşırı maarifləndirilməməsi,
banklar və digər aidiyyəti qurumlar tərəfindən
qiymətləndirmə fəaliyyətinə
kənar təsirlərin,
o cümlədən haqsız
rəqabətin mövcudluğu,
qiymətləndiricilərin davranış qayda və prinsiplərinin müəyyən edilməməsi
və digər məsələlərdən bəhs
edib.
Elnur Əliyev bildirib ki, 6 fəsil 27 maddədən ibarət qanun layihəsində yuxarıda
qeyd olunan məsələlər, habelə
sənədlə bağlı
aparılan müzakirələrdə
Qiymətləndiricilər Cəmiyyəti
tərəfindən irəli
sürülən təkliflər
nəzərə alınıb.
Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti
sahəsində mövcud
olan boşluqların və problemlərin aradan qaldırılması,
fiziki və hüquqi şəxslərin
qiymətləndirmə fəaliyyəti
ilə məşğul
olması ilə bağlı tələblərin
müəyyən edilməsi,
ümumilikdə qiymətləndirmə
fəaliyyəti ilə
bağlı qanunvericiliyin
təkmilləşdirilməsinə xidmət edəcək.
İclasda iştirak
edən Ədliyyə
Nazirliyinin Baş İdarə rəisi Adil Əliyev sənədə əks olunan Qiymətləndiricilər
Palatasının təsis
edilməsi, fəaliyyətinin
təşkili və onun orqanları ilə bağlı məsələ barədə
danışıb. O, habelə
qiymətləndirmə fəaliyyətinin
həyata keçirilməsi
üçün layihədə
təsbit olunan tələblər, ixtisas imtahanının təşkili
və keçirilməsi
qaydaları, qiymətləndirməyə
görə xidmət haqqı və bir sıra digər
məsələlərə də toxunub.
Tədbirdə Azərbaycan
Qiymətləndiricilər Cəmiyyətinin
İdarə Heyətinin
sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə
məlumat verib. O, sənəddə əks olunan məsələlərin
haqsız rəqabətin
aradan qaldırılması
baxımından əhəmiyyətindən
danışıb, sertifikatlaşdırma
prosesi, qiymətləndirmə
sahəsində müvafiq
standartlarla bağlı
və digər qeydlərini diqqətə
çatdırıb.
Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Vahid Əhmədov, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Rüfət
Quliyev layihə barədə öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.
Deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirildikdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.7.