Dünya Azərbaycan
humanizminə şahidlik
edir
Qarabağdakı erməni sakinlərə hərtərəfli
yardımlar göstərilir
Sentyabrın 21-də Yevlaxda
Azərbaycan mərkəzi
hakimiyyəti və Qarabağ bölgəsinin
erməni sakinlərinin
nümayəndələrinin görüşü zamanı
ölkə rəhbərliyinə
edilən yardım xahişi ilə bağlı tədbirlər
davam etdirilir.
Həmin
görüşdə ermənilərin bağça və məktəblərinin
istilik sistemlərinin, təcili tibbi yardım və
yanğınsöndürmə xidmətlərinin yanacağa,
həmçinin qida məhsulları olmaqla, humanitar yardıma
ehtiyac olduğu bildirilmişdi.
Görüşdən
sonra mərkəzi hakimiyyət Fövqəladə Hallar
Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ
bölgəsində yaşayan erməni sakinlərin
ehtiyaclarının təmin olunması üçün
humanitar məqsədlə ərzaq yükünün göndərilməsini
qərara aldı. Bir gün sonra içərisində müxtəlif
ərzaq məhsulları və gigiyenik vasitələr olan 20
tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil
Xankəndiyə yola salındı. Humanitar yardım
Ağdam-Xankəndi yolu ilə ünvana
çatdırılaraq əhaliyə paylanıldı.
Bundan başqa, Azərbaycanın
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
nümayəndələrinin bağçaların, təcili
tibbi yardım və yanğınsöndürmə xidmətlərinin
yanacaq-sürtkü materialları ilə təmin edilməsi
xahişinə uyğun olaraq, sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi
yolu vasitəsilə SOCAR-ın yanacaqla dolu 2 avtomobili Xankəndiyə
göndərildi. Bununla da ermənilərə 24
ton benzin, 40 ton dizel çatdırıldı.
Eyni zamanda
görüşdə müzakirə edilən məsələlərin
həlli istiqamətində təxirəsalınmaz işlərin
davamı kimi Xankəndi şəhərinin Ermənistanın
enerji sistemindən ayrılaraq Azərbaycanın enerji sisteminə
qoşulması da təmin edildi.
Azərbaycan erməni
sakinlərinə müxtəlif xarakterli yardımlarını
davam etdirir
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu qəzetimizə
açıqlamasında deyib ki, Azərbaycan hər zaman
humanist dəyərlərə sadiqlik nümayiş etdirməsi
ilə seçilən dövlət olub. Artıq beynəlxalq
ictimai şüurda Azərbaycanın bu obrazı kifayət qədər
özünü tanıdıb: "Hər zaman
vurğulanıb ki, ərazilərimizdəki ermənilər
qanunlarımıza tabe olub Azərbaycan vətəndaşı
statusunda dinc, təhlükəsizlik şəraitində
mövcudluqlarını davam etdirə bilərlər. Eyni
zamanda sadə ermənilərdə belə bir təsəvvür
var idi ki, onlar Azərbaycan vətəndaşları statusunda
daha yaxşı həyata qovuşa bilərlər. Azərbaycan
Qarabağda konstitusion quruluşunu bərpa etdikdən sonra ermənilərin
vəziyyəti dövlətimizin mövqelərinə
uyğun müəyyənləşməlidir. Bu vəziyyət
Prezident İlham Əliyevin də səsləndirdiyi kimi pasport
yoxlanışından keçir. Yəni onlar Azərbaycan vətəndaşları
statusunda ərazilərimizdə digər xalqların nümayəndələri
kimi tam təhlükəsizlik şəraitində, konstitusion
hüquqlara sahib olmaqla həyatlarını davam etdirə bilərlər".
Deputatın
fikrincə, Azərbaycan ərazisindəki bütün əhali
qruplarının sosial-iqtisadi vəziyyətinə xüsusi
diqqət yetirir. Azərbaycan ərazisində yaşayan ermənilərin
də heç bir humanitar problemi olmayacaq. Əslində, erməni
vətəndaşlarımızın humanitar problemlərinin
elementlərini separatçılar və Ermənistan tərəfi
məqsədli şəkildə yaradırdı ki, Azərbaycana
qarşı qərəzli siyasi mövqe
formalaşdırsınlar.
Azərbaycan
Laçın yolunda nəzarət-keçid məntəqəsi
qurmaqla separatçıların silahlandırılmasının
qarşısını aldı, bununla da təhlükəsizliyinə
olan təhdidin miqyasını daraltdı. Azərbaycanın
icazəsi olmadan ölkəmizin ərazi
bütövlüyünü pozaraq yük
maşınlarının Ermənistan tərəfindən Xankəndiyə
istiqamətləndirilməsi yolverilməz idi və buna imkan verilmədi.
İstər Ermənistan hakimiyyəti, istərsə də
Fransa tərəfindən yüklərin özbaşına ərazilərimizə
göndərilməsinin qarşısı alındı. Bu, həm
də o anlama gəldi ki, hər kəs Azərbaycanın ərazi
bütövlüyünə hörmət etməyə məcburdur.
Azərbaycan
yüklərin daşınması üçün
Ağdam-Xankəndi marşrutunu təklif etdi. Həmin
dövrdə ermənilərin həqiqətən humanitar
yardıma ehtiyacları var idisə, təklif edilən istənilən
marşrutla razılaşmalı idilər. Lakin ilk günlər
onlar bu təklifləri qəbul etmədilər.
E.Mirbəşiroğlu
qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında
Laçın yolu ətrafında müzakirələr
aparıldı, lakin Ağdam-Xankəndi marşrutu haqqında
söz açılmadı: "Burada siyasi riyakarlıq,
spekulyasiyalar özünü aydın göstərdi. Yekunda Azərbaycanın
iradəsi qalib gəldi, Ağdam-Xankəndi yolu ilə Xankəndiyə
humanitar yüklərin çatdırılması təmin
edildi".
Deputat deyib ki,
lokal xarakterli antiterror tədbirlərindən sonra da Azərbaycan
ərazilərimizdəki erməni sakinlərə müxtəlif
xarakterli yardımlarını davam etdirir. Xəstələrin,
yaralıların Ermənistana çatdırılması
üçün şərait yaradılır. Yevlaxda baş
tutan görüşdə ermənilərin nümayəndələri
ehtiyacları olduğu məhsullarla bağlı xahiş
etmişlər. Bunu nəzərə alan Azərbaycan erməni
sakinlərinə humanitar dəstəyini
reallaşdırmağa başlayıb: "Bununla da dünyaya
bir daha nümayiş etdirdik ki, Azərbaycanın ərazisində
heç bir xalqın nümayəndəsinə qarşı
diskriminasiya halı mövcud deyil və heç vaxt
olmayıb, olmayacaq da. Azərbaycan böyük coğrafiyada,
sözün əsl mənasında, təhlükəsizlik
adasıdır. Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin
və əməkdaşlığın əsas təşəbbüskarı
rolunda çıxış edən dövlətdir".
Bütün vətəndaşlarına
qayğı ilə yanaşmaq Azərbaycanın dövlət
siyasətidir
"Qarabağdakı
erməni sakinlərin nümayəndələri sentyabrın
21-də Azərbaycanın mərkəzi hakimiyyətinin səlahiyyətli
nümayəndələri ilə görüşdə Xankəndiyə
humanitar yardımın göndərilməsi ilə
bağlı xahiş etmişdilər. Bir gün sonra Fövqəladə
Hallar Nazirliyi Xankəndi şəhərinə zəruri ərzaq
məhsulları, çörəklə dolu maşınlar
göndərdi. Humanitar yardımların göndərilməsi
davam etdiriləcək. Sentyabrın 24-dən Xankəndi və ətraf
ərazilərə elektrik enerjisi ilə də təmin
edildi".
Bu fikirləri isə
deputat Kamilə Əliyeva söyləyib. Xankəndiyə Azərbaycan
elektrik enerjisinin verilməsi ilə artıq bu bölgəmizin
də ölkəmizin ümumi elektrik şəbəkəsinə
qoşulmasını təmin etdi.
Deputatın
sözlərinə görə, Prezident İlham Əliyevin
yürütdüyü qətiyyətli siyasət və iradəsi
nəticəsində Ermənistan və Fransadan Xankəndiyə
göndərilən yük maşınları geri
qaytarıldı. Bu gün dünya şahid olur ki, ermənilər
də daxil olmaqla, dilindən, dinindən asılı olmayaraq,
bütün vətəndaşlarına qayğı göstərilməsi,
onların yüksək rifah şəraitində
yaşaması Azərbaycanın dövlət siyasətidir".
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 26 sentyabr.- S.8.