Prezident İlham Əliyev 200 illik etnik qarşıdurmalara son qoydu

 

Qüdrət HƏSƏNQULİYEV:  "Qələbə regionda yaşayan digər xalqlar, ölkələr üçün yeni fürsət yaradıb"

 

Sentyabrın 20-də Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanan Bəyanatla Ermənistanın üzərinə götürüb yerinə yetirmədiyi öhdəliyi təmin etdi. Çünki regionda sülhün, təhlükəsizliyin bərqərar olması üçün terrorçuların, separatçıların Qarabağdan çıxması şərt idi.

Qarabağ iqtisadi rayonunda separatçılar tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, bölgədə konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri keçirdi.

Bir gündən az çəkən antiterror tədbirləri nəticəsində erməni silahlıları məğlub olaraq bayraq qaldırdılar. Qarabağ bölgəsindəki qeyri-qanuni dəstələrin silahı yerə qoyması, döyüş mövqelərindən hərbi postlardan çıxması tam şəkildə tərk-silah olunması, Azərbaycan ərazilərini tərk etməsi, bununla yanaşı, bütün silah-sursat ağır texnikanı təhvil verməsi bütün proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin edilməsi şərtilə antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılığa gəlindi.

23 saatlıq antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan bəzi dairələrin tutduğu əsassız, yalan, qərəzli mövqeyə, uydurulan iftiralara baxmayaraq, öz ərazilərində suverenliyinin tam bərpası istiqamətində zəruri addımları atdı konstitusion hüquqlarını bərpa etdi. Bu qələbəni Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi heç kimin köməyi olmadan, öz hərbi gücü, qətiyyəti hesabına reallaşdırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipiallığı, qətiyyətli mövqeyi, güclü siyasi iradəsi ordumuzun qüdrəti sayəsində sentyabrın 20-si 2023-cü il Azərbaycan tarixinə yeni şərəfli, qürurlu səhifə kimi yazıldı.

Azərbaycanın aniterror tədbirləri ilə əldə etdiyi qələbə ilə bağlı Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin fikirlərini öyrəndik.

Deputat qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirməklə 200 illik etnik qarşıdurmalara son qoydu. Cənubi Qafqazda sülh əməkdaşlıq üçün yeni imkanlar yaratdı.

Partiya sədri ümid edir ki, erməni xalqı yeni yaranmış reallıqlardan düzgün nəticə çıxaracaq, doğru qərarlar qəbul edəcək, beləliklə, bölgəyə sülh gələcək. "Yüz illər ərzində zaman-zaman ermənilərdən bu bölgədə alət kimi istifadə ediblər. Bəzi dairələr erməniləri qonşularına,  onlara çörək verən xalqlara, dəstək olan insanlara qarşı qoyublar.  Amma  ermənilər nəhayət nəticə çıxarmalıdır ki, bunun sonu yoxdur. Bu davranış, bu dünyagörüşü erməni xalqına yaxşı heç vəd etmir. Onlar bizimlə əməkdaşlıq etməlidirlər", - deyə Q.Həsənquliyev bildirib.

Deputat vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusu tarixi uğura imza atıb. Bu qələbə təkcə Azərbaycan xalqının deyil, regionda yaşayan digər xalqlar, ölkələr üçün yeni fürsət yaradıb. Erməni silahlılarının hamısı təslim olmalıdırlar. Qarabağda yaşayan erməni sakinlər əgər bölgədə qalıb yaşamaq istəyirlərsə, Azərbaycan dövlətinin qanunlarına riayət etməlidirlər. Həmçinin Azərbaycan vətəndaşlığını qəbul eləməli Azərbaycan dövlətinə sədaqət andı içməlidirlər. Eyni zamanda bizim layiqli vətəndaşlar kimi vəzifələrini yerinə yetirməlidirlər.

Deputat qeyd edib ki, kimlərsə Azərbaycanda - Qarabağda qalmaq istəməyəcəksə, qayda-qanunlara əməl etməyəcəksə, Azərbaycan dövləti həmin ermənilərin ərazilərimizi tərk etməsi üçün şərait yaradacağı ilə bağlı öhdəlik götürüb: "Amma Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində söylədi ki, erməni millətindən olan Azərbaycan vətəndaşları Qarabağda qalıb yaşayacaqlarsa, onların vəziyyəti daha yaxşı olacaq, daha firavan həyat sürəcəklər. Öz ailələri, yaxınları ilə birlikdə yaşaya, öz dillərində danışa, təhsil ala biləcəklər. Onların təhsil, mədəniyyət, din, seçki sairə hüquqları təmin olunacaq. Yəni Qarabağdakı ermənilər üçün Azərbaycanda yaşayan digər etnik qruplar kimi bütün lazımi imkanlar yaradılacaq. Əgər bu fürsətdən  istifadə eləmək istəməyəcəklərsə, o zaman Azərbaycanı tərk edə bilərlər".

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 26 sentyabr.- S.8.