Azərbaycan XİN Fransa Prezidentinə
cavab verib
Sentyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Fransanın “TF1” və
“France 2” kanallarına müsahibəsi
zamanı növbəti
dəfə bölgədə
mövcud vəziyyəti
təhrif edən mövqe sərgiləməsi
onun tərəfindən
tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin (XİN) mətbuat
katibi Ayxan Hacızadənin
Fransa Prezidenti E.Makronun “TF1” və
“France 2” kanallarına müsahibəsi
zamanı səsləndirdiyi
fikirlərə dair şərhində yer alıb.
Mətbuat katibi, həmçinin bildirib: “Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi
kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ
bölgəsində erməni
separatizmini dəstəkləyərək,
geosiyasi rəqabət
və özünün
“Orientalizmə” söykənən
müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda mənfur neokolonialist təcrübəsini
tətbiq etməyə
çalışması, Azərbaycan
Ermənistan məsələsində
xristianlıq amilini qabartması və keçmiş münaqişəyə
din amili ilə yanaşması təhlükəli
və qəbuledilməzdir.
Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın
öz suveren ərazilərində Ermənistanın
30 illik işğalına
son qoyulması, Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyini bərpa etmək məqsədilə həyata
keçirdiyi tədbirlər
beynəlxalq hüquqla
təsbitlənən legitim haqqımızdır.
Sentyabrın 19-20-də Azərbaycan
ərazisində mövcud
olan erməni silahlı birləşmələrinə
qarşı həyata
keçirilmiş antiterror tədbirləri
zamanı da beynəlxalq
humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qırmızı
Xaç Komitəsi
(BQXK) daxil, beynəlxalq
təşkilatlar tərəfindən
təsdiq edilmiş və hətta Azərbaycanın guya mülki əhalini hədəf aldığı
iddialarının heç
bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. Bu xüsusda, Azərbaycanın
bu tədbirlərinə
qarşı səsləndirilən
fikirlərin heç bir əsası yoxdur.
Müstəmləkə siyasəti çərçivəsində
insan haqlarına heç bir önəm verməyən
Fransanın ərazisində
bir çox xalqların və etnik azlıqların firavan yaşadığı
Azərbaycana dərs keçməyə çalışması
qəbuledilməzdir. Eyni
şəkildə, 30 ilə
yaxın müddətdə
hüquqları pozulmuş,
ərazilərindən didərgin
düşmüş, kütləvi
qırğınlara məruz
qalmış azərbaycanlıların
hüquqları barədə
indiyə qədər
heç bir şərh verməyən
Fransanın indi ermənilərin hüquqlarını
müdafiə etdiyini bildirməsi Fransa tərəfinin saxta niyyətindən xəbər
verir.
Azərbaycan erməni
silahlı qüvvələrinin
ərazilərimizdən çıxarılması
və erməni silahlı birləşmələrinin
tərk-silah edilməsi
ilə yanaşı, erməni sakinlərə yardım göstərilməsi
və onların Azərbaycan cəmiyyətinə
reinteqrasiyası işini
həyata keçirir.
Qeyd edilənləri nəzərə alaraq, Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.9.