30 il gözlədiyimiz
qisas sentyabrın
26-dan 27-nə keçən gecə başladı
Həsrət yüklü
durna qatarlarının
uçub getdiyi, dəli ruzigarların dünyanı xəzan rənginə boyadığı,
göylərin gözlərindən
qüssə yaşlarının
süzüldüyü güz
vaxtının ən uzun gecəsiydi...
Hər yanın
zülmətə büründüyü
o gecədə hələ
də qəlbimizin baş ucunda qaradonlu yurd nisgili bardaş qurub oturmuşdu...
Günlərin, ayların,
illərin ürəyimizə
çəkdiyi çalın-çarpaz
vətən dağı
belimizi bükmüş,
yuxumuzu ərşə
çəkmişdi...
Eh, beynimiz, ağlımız, fikrimiz,
düşüncəmiz hamısı
saralıb-solan xatirələr
cığırıyla pərvazlanmışdı
viran qalan yurdlara sarı...
Yamyaşıl, axar-baxarlı
hər yandan xoşbəxtlik sədaları
ucalan bir şəhərdə, bir kənddə, bir evdə görmüşdük
özümüzü, sonra
birdən baxmışdıq
ki, göy üzünü qara bulud alıb, çoxdan günəşimiz
sönüb, özü
də düz 30 il əvvəl...
Nə yurdumuz qalıb, nə elimiz, nə obamız...
Əsir düşüb
torpağımız, girov
götürülüb vətənimiz...
***
Yenə də bağrımız parçalanmışdı
torpağımızın viran
halına, iki çeşmə ağlamışdı
gözlərimiz tar-mar
olan yurdlarımıza,
ağı demişdi dilimiz özünü Azərbaycana qurban verən cavan canlara...
Üzümüzü Tanrıya tutaraq dualar etmişdik, şəhid qanı ilə suvarılan müqəddəs torpağımıza
and içmişdik ki, bu qisası
qiyamətə qoymayacağıq...
Amma o gecəni
digər gecələrdən
fərqləndirən başqa
bir ab-hava da var idi.
Sanki o gecə ana torpaq uğrunda
canını qurban verən şəhidlərin,
Xocalıda əsir, girov düşərək
min bir əziyyətlə
qətlə yetirilən
soydaşlarımızın, yurdundan didərgin düşərək bu
dünyayla vidalaşan
küskün, nigaran ruhların "qisas",
"qisas", "qisas"
səslərini lap yaxından eşidirdik...
O gecənin səhərinin
nurlu günəşlə
açılacağının sevincini qəlbimizlə, könlümüzlə, ürəyimizlə,
bütün varlığımızla
hiss edirdik.
2020-ci ilin 26 sentyabr
gecəsindən - Azərbaycan
xalqının parlaq zəfərlərlə, qələbələrlə
bol səhərlərə
açılan o son gecədən danışırıq...
***
O payız gecəsinin
səhərində, elə
son bahar günəşinin son işartıları kimi öləziyən ümidlərimiz
birdən-birə işarmağa,
parlamağa başladı...
Ta 30 ilin o üzündən həsrətlə
boylanan nisgilli arzularımız bir andaca dirçəldi, ana yurdumuzdan qanadlanıb ruhumuza məlhəm kimi yayılan, qulağımızda
qələbə marşına
çevrilən zəfər
müjdələri Azərbaycan
xalqını sevinc gözyaşlarına boğdu.
Döyüş meydanından
şanlı Azərbaycan
Ordusunun zəfər hayqırtıları gəldikcə,
Qarabağın, Şərqi
Zəngəzurun şah
zirvələrində ay-ulduzlu
üçrəngli müqəddəs
bayraqlarımız dalğalandıqca
ürəklərimiz qürurdan,
fəxarətdən dağa
döndü.
Düz 30 il boyu gündüzləri bağrımıza dağ
çəkən, gecələri
yuxularımızı ərşə
çəkən ağrı-acılı
Vətən nisgilindən
qurtulacağımız günün
yolunu həsrətlə
gözləmişdik.
Səbirlə, düşməndən
intiqamımızı alacağımız,
torpaqlarımızın işğaldan
azad olunacağı, yurdlarımıza qayıdışın
gerçəkləşəcəyi günləri gözləmişdik.
30 il gözlədiyimiz
qisasımız 2020-ci il
sentyabrın 26-sı gecəsindən
başladı.
Və Azərbaycan
xalqı 2020-ci il sentyabrın 27-si səhərini
şanlı, şərəfli,
fəxarətli böyük
günlərə aparan
xoş ovqatla açdı.
Payızın o qaranlıq
gecəsindən doğulan
sabahlarımız parlaq
qələbələrə, zəfərlərə yol
aldı...
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
26 sentyabr.- S.10.