Müxalifət
Paşinyanı devirməkdə
israrlıdır
Bunun qarşısını almaq
üçün polis
etirazçılara qarşı
amansız güc tətbiq edir
İrəvanda bir
neçə gündür
keçmiş hərbi
xunta təmsilçilərinin
təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın
əleyhinə keçirilən
etiraz aksiyaları davam edir. Geniş
əhali kütlə tərəfindən başlanan
etiraz aksiyaları fonunda getdikcə dramatikləşən hadisələr
hakimiyyətin mövqeyini
əhəmiyyətli dərəcədə
zəiflətməkdədir.
Buna rəğmən
Paşinyan hakimiyyəti
qarşı tərəfə
daha sərt formada müqavimət göstərmək qərarındadır.
Elə bu fonda vəziyyət daha da gərginləşməkdə,
daxili savaş ehtimalı sürətlə
yüksəlməkdədir.
Mitinqlərdə siyasətçilər,
fəallar, vəkillər
və ictimaiyyət nümayəndələri iştirak
edirlər. Başqa bir məlumata görə, müxalifət
düşərgəsində həbslərin aparılması
planlaşdırılır və
qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq
üçün hakimiyyət
xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına
qarşı güc tətbiq edilməsindən
tutmuş, onların mitinq keçiriləcək
ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə
kimi müxtəlif planlar daxildir. O da vurğulanır ki, bu işdə
təkcə polis yox, digər güc strukturlarının
və hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri
də iştirak edirlər. Müxalifət
isə hakimiyyət tərəfindən yaradılacaq
bütün maneələrə
rəğmən etiraz
mitinqlərinin baş
nazirin istefasına qədər davam edəcəyini bildirib.
Dünən səhər
saatlarından İrəvanda
Ümumxalq Hərəkatının
itaətsizlik aksiyası
başlayıb. Əvvəlcə
etirazçılar Saryana
və Tumanyana küçələrinin kəsişməsini,
həmçinin Rubinyan
küçəsini bağlayıblar.
Aksiya başlayandan polis onları müşayiət edib. Kentron inzibati rayonunda fəallar İrəvan sirkinin yaxınlığındakı kəsişmədə,
"Yeritsardakan" metro
stansiyasında və Yerevan Dövlət Universitetində toplaşmağı
planlaşdırıblar. Polis
aksiya iştirakçılarını
"Yeritasardakan" metro
stansiyasına sıxışdırıb.
Etirazçılar "Paşinyan,
get!", "Müstəqil
Ermənistan", "Ermənilər,
birləşin!" şüarları
səsləndiriblər. Müxalifət
artıq Paşinyanın
hakimiyyətdən uzaqlaşdırılması
üzrə milli komitənin yaradıldığını
elan edib. Gələn xəbərlərə
görə, İrəvanın
müxtəlif yerlərində
keçirilən etiraz
aksiyalarına bir sıra universitetlərin tələbələri də
qoşulublar.
Aksiyalar zamanı
170-dən çox etirazçı
saxlanılıb. Saxlanılanlar
polisin qanuni tələblərini yerinə
yetirməməkdə ittiham
olunurlar. Onların sırasında "Ermənistan" fraksiyasının
deputatı, "Daşnaksütyun"
partiyasının üzvü
Tadevos Avetisyan da var.
Hayastan parlamentinin
sədri Alen Simonyan deyib ki, hakimiyyət və polis etirazçılara
qarşı amansız
güc tətbiq etməklə düzgün
iş görür. O,
iddia edib ki, onlar Hayastanın
ən yaxın tarixində ən demokratik hökuməti təmsil edirlər: "Bütün beynəlxalq təşkilatlar bunu təsdiq edir, bundan başqa, Ermənistanda ifadə azadlığı hüququ
var, lakin qanuna və polad mandata hörmət
edilməlidir. İfadə
azadlığı hüququ
var. "1 mart"ı
təkrarlamırıq, amma
qanuna əməl edilməlidir. Axı seçicilərimiz bizə
həmişə deyirlər
ki, polad mandatdan istifadə etmək lazımdır".
Hayastanın "Alternativ
layihələr" qrupunun
üzvü, erməni
ekspert Vahe Hovhannisyan isə öz məqaləsində
yazıb ki, Nikolun hakimiyyəti ilə erməni xalqının birlikdə yaşamaq imkanları tükənib. Bizim birgəyaşayış imkanımız
yoxdur. O qeyd edib ki, Paşinyana
öz övladının
beşiyindən artıq
dəyər verənlərin
hamısı bunu anlamalı və qərar qəbul etməlidir: "Sadəcə
özünüzə bir
sual verin. Niyə Nikolun təsəvvür etdiyi istiqlal və suverenlik həmişə müharibə, mühacirət
və yas ilə müşayiət olunur? Nə üçün onun təsəvvür etdiyi suverenliyi həmişə
təslim olmaqla bitir? Bu gün
platformadan hansı çağırışlar ediləcəyini
bilmirəm, amma dövlət sisteminə çox mühüm mesaj olmalıdır: istefalarınızla yeni müharibənin qarşısını
alın, yeni fəlakətin həmmüəllifi
olmayın. Hakimiyyət
dəyişikliyi hamar,
dinc, qansız olmalıdır. O, təhrik
etməyə və kreslodan yapışmağa
çalışacaq. Gəlin
onlara kömək edək ki, hər
şey dinc olsun. Niyə bizə yeni hökumət lazımdır?
Yeni müharibəyə
və yeni torpaqdan məhrum olmağa yol verməmək üçün".
Belə görünür
ki, hakimiyyətin vətəndaşlar arasında
dayağı sarsılıb.
Paşinyanın istefasını
tələb edənlərin
sırası gündən-günə
genişlənir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
26 sentyabr.- S.10.