Geologiya elminə yeniliklər
gətirən görkəmli alim
Bizim uzun illər tanıdığımız,
yoldaşlıq etdiyimiz, elmi və şəxsiyyəti, məhsuldar
fəaliyyəti ilə həmişə qürur duyduğumuz,
ömrünü Azərbaycan elminə və onun
inkişafına həsr etmiş, zəkasının nuru,
tükənməz enerjisi, gərgin əməyi ilə bu zirvəyə
cığır açaraq əsl məktəb yaratmış
akademik Vasif Babazadə respublikamızın ən görkəmli
alimlərindəndir. O, xalqımıza hörmət
qazandıran, onun şərəfini yüksəklərə
qaldıran elm xadimi və ziyalılarımızdandır.
Vasif Babazadə geologiya-mineralogiya elmləri doktoru,
professor, dövlət mükafatı laureatı, Əməkdar
elm xadimidir. Misilsiz elmi fəaliyyətinə və istehsalata tətbiq
olunan saysız-hesabsız tədqiqat əsərlərinə
görə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla
2009-cu ildə "Şöhrət" ordeninə, 2018-ci ildə
"Şərəf" ordeninə, 2019-cu ildə "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu"na layiq
görülmüşdür. 2014-cü ildən AMEA-nın həqiqi
üzvüdür. Hazırda BDU-nun Faydalı qazıntılar
kafedrasının müdiridir. Həmin universitetdə
özünün yaratdığı Yer təkinin aerokosmik tədqiqatları
elmi-tədqiqat laboratoriyasının rəhbəridir. Bu sahələrdə
göstərdiyi müqayisəsiz fəaliyyətinə və
qazandığı nailiyyətlərə görə xarici
ölkələrin elmi ictimaiyyəti tərəfindən
dünyaşöhrətli alim kimi tanınır və qəbul
edilir.
Vasif Babazadənin elmi dühası geniş spektrli,
çoxşahəlidir. Zəkası itidir, mükəmməldir...
Biz onun elmi fəaliyyətinə keçməzdən əvvəl
ilk növbədə daha mühüm olan xarakterik xüsusiyyətinə
diqqət çəkmək istəyirik. Şəxsiyyətin
bütövlüyü məsələsinə... Onda olan tamlıq, sözünə
sədaqət prinsipi, xeyirxahlıq və mərhəmət
hissinin yüksəkliyi, ömrünün bütün mərhələlərində
öyrənmək və öyrətmək kimi ali kefiyyətlərə
sahib olması bizə deməyə əsas verir ki, o, həm
bir alim, həm də gözəl pedaqoq kimi geniş diapazona
malik insandır. Elmlə səxsiyyətin sintezini özündə
cəmləşdirən əsl
ziyalı və tədqiqatçıdır.
Dünyaşöhrətli geoloq-alim V.Babazadə 1938-ci
ilin sentyabrında Bakı şəhərində həkim ailəsində
anadan olub. Gözünü açıb ailədə
torpağa bağlılıq, vətənə və dövlətə
sədaqət görüb. Kiçik yaşlarından Xəzərin
təlatümlü dalğaları, Bakının sərt
qayaları ona sirli-sehrli təsir bağışlayıb.
Ürəyində torpağın altını üstünə
çevirmək, onun möcüzələrini öyrənmək
marağı gündən-günə artıb.
Bakıdakı 7 saylı orta məktəbi bitirdikdən
sonra arzuları onu Azərbaycan Dövlət Universitetinə
aparıb. 1960-cı ildə universiteti bitirən V.Babazadə mühəndis-geoloq ixtisasına yiyələnib.
Çalışqanlığı, zəkası ilə
seçilən gənc hələ universitetdə oxuyarkən
müəllimlərinin diqqətini cəlb etməyə
başlayıb. Bu fərqlilik ona 1956-cı ildə, hələ
tələbə ikən çöl ekspedisiyalarında fəal
iştirak etmək imkanı qazandırıb.
Universiteti bitirdikdən sonra SSRİ Geologiya Nazirliyinin sərəncamına
göndərilən V.Babazadə Abxaziyada, Şimali Qafqazın
müxtəlif bölgələrində geoloji-kəşfiyyat
partiyalarında iştirak edir. Bu illərdə
çalışqanlığı, təşəbbüsakarlığı,
xüsusi təşkilatçılıq qabiliyyəti ilə seçilən
alimə böyük geoloq, dəstə və partiya rəisi
kimi məsul vəzifələr etibar edilir. Bu işlər əlvan
və nəcib metalların, həmin illərdə "məxfi"
qrifi ilə gedən nadir və səpələnmiş elementlərin
axtarışı, kəşfiyyatı və qiymətləndirilməsi
ilə bağlı idi. Məşhur akademik Mirəli
Qaşqayın tövsiyəsi ilə kolçedan
yataqlarını öyrənən V.Babazadə uzunmüddətli
elmi-tədqiqat fəaliyyətinin başlanğıcı olan
ilk məqalələrini yazır. Elmə olan marağı onu
yenidən universitetə gətirir...
1961-ci ildə BDU-da işə başlayan Vasif Babazadənin
elmi fəaliyyəti Kiçik Qafqazın mərkəzi hissəsinin
xromit yataqlarının qanunauyğun yerləşməsini
öyrənməkdən ibarət olur. V.Babazadə bu
yataqları dəqiqliklə öyrənir və müəyyən
edir ki, filizlər genetik cəhətdən təkcə
şlir ayrılmaları şəkilli dunitlərlə deyil,
habelə müstəqil dunit massivləri və harsburgitlərlə
bağlıdır. Aşkar edilmiş qanunauyğunluqları rəhbər
tutaraq alim belə bir nəticəyə gəlmişdir ki,
praktiki əhəmiyyət kəsb edən yüksəkkeyfiyyətli
iri xromit filizi kütlələri ultraəsasi massivlərin
aşağı, yaxud da dib hissələrinə təmayül
edir. O, 1964-cü ildə namizədlik dissertasiyasını
müdafiə edir.
1975-ci ilin əvvəlində 36 yaşlı alim
Novosibirsk şəhərində SSRİ EA-nın Sibir bölməsinin
Geologiya və Geofizika İnstitutunda akademik B.A.Kuznetsovun sədrlik
etdiyi ixtisaslaşdırılmış Şurada doktorluq
dissertasiyasını müdafiə edir. Dissertasiyada alim
dünya təcrübəsində ilk dəfə olaraq ofiolit
qurşaqlarının metallogeniyası haqqındakı təsəvvürləri
hərtərəfli işləyir. Alimin nəzəri işləmələrinin
təcrübədə istifadəsi sonradan bir sıra filiz
obyektlərinin açılmasına və respublikanın əlvan
və nəcib metallarının xammal bazasının əsaslı
şəkildə möhkəmlənməsinə səbəb
oldu. O, ilk dəfə Kiçik Qafqazın civə
qurşağının varlığını elmi şəkildə
əsaslandırdı (1974). Bu qurşağın qanunauyğun
olaraq ayrılması sonrakı geoloji-kəşfiyyat işləri
ilə özünü tam doğrultdu. Bu tədqitatlara görə
o, Azərbaycan Respublikası dövlət mükafatı
laureatı (1978) adına layiq görüldü.
1975-1990-cı illər akademik Vasif Babazadə
üçün məhsuldar olmuşdur. Alim endogen filiz
yataqlarının formasion analizi, metallogenik tədqiqatlarda və
proqnoz qiymətləndirmədə onun tətbiqi kimi yeni elmi
istiqaməti inkişaf etdirir, aparıcı filiz komponentinin sənaye
qiymətini əsas götürərək respublikanın
ayrı-ayrı struktur formasion zonaları üçün sənaye
əhəmiyyətli səciyyəvi filiz formasiyaları
ayırır.
Akademik Vasif Babazadənin üstün keyfiyyətlərindən
danışarkən qeyd etməliyik ki, o, elmi nəzəriyyəni
praktikada tətbiq edib real nəticə qazanan nadir elm
adamlarındandır. Akademik indiyədək nəşr
etdirdiyi çoxsaylı dərslik (xüsusən 4 cildlik
"Faydalı qazıntıların geologiyasi"), dərs vəsaiti,
monoqrafiyalar və elmi məqalələri ilə keçmiş
SSRİ məkanında, bugünkü MDB ölkələrində
və beynəlxalq elmi mərkəzlərdə tam şəkildə
qəbul olunmuş, əsərləri dünyanın bir
çox nüfuzlu alimləri tərəfindən yüksək
qiymətləndirilmişdir. Alimin Azərbaycan geoloji
mühitinə verdiyi yenilikləri və həmin əsərlərin
istehsalata tətbiqinin hansı dividendlər gətirdiyini
xüsusi qeyd etmək lazımdır. V.Babazadənin 350-dən
artıq elmi əsəri vardır, o cümlədən 40
monoqrafiya və dərsliyin, 3 nəşr olunmuş strateji əhəmiyyətli
xəritələrin müəllifidir. Xaricdə çap
edilmiş əsərlərin sayı 80, beynəlxalq bazalarda
referatlaşdırılan və indeksləşdirilən
jurnallarda çap olunan məqalələrin sayı 55-dir. Onun
elmi zəkasının məhsulu olan çoxsaylı
monoqrafiyalarından - "Azərbaycanın endogen filiz
formasiyaları" (Bakı 1990), "Mis və molibden porfir
yataqları" (Bakı,1990), "Azərbaycanın filiz
formasiyaları və metallogenik zonaları" (Bakı, 2003),
"Aralıq dənizi qurşağının endogen filiz
formasiyalarının formalaşma təkamülü"
(Moskva, 2007), "Aralıq dənizi
qurşağı Qafqaz seqmentinin faydalı qazıntı
yataqlarının tektonik inkişafı, əmələ gəlməsinin
geodinamik formalaşma şəraiti və yerləşmə
qanunauyğunluğu (Azərbaycan, Bakı, 2009) və s. əsərlərinin
adlarını qeyd etməklə Vasif Babazadənin elm sahəsində
gördüyü əvəzsiz xidmətinin spektrini müəyyən
etmək olar. Filiz yataqları və metallogeniya sahəsindəki
əsərləri V.M.Babazadənin çoxcəhətli elmi
yaradıcılığının məzmununu tükəndirmir.
Alim respublikanın mineral-xammal resurslarına həmişə
birinci dərəcəli əhəmiyyət vermişdir. Azərbaycanın
rəngarəng mineral resurslarının öyrənilməsinin
praktiki olaraq mümkün olmadığı
"durğunluq" illərində bu xüsusən hiss
olunurdu. Bilavasitə bu illər o, "Azərbaycanın
mineral-xammal resursları" ensiklopedik əsərini yazmaq
fikrinə gəlir və xeyli sonralar, 2005-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının 60 illik yubileyi ərəfəsində
bu əsər işıq üzü görür.
Akademik Vasif Babazadənin əsərləri həm elmi
ictimaiyyət, həm də rəsmi dövlət dairələrinin
həmişə diqqətində olmuşdur. O,
özünün elmi fəaliyyəti kontekstində birmənalı
olaraq dövlətçilik, azərbaycançılıq,
milli maraqlar sistemini həmişə rəhbər tutmuşdur.
Akademik Vasif Babazadənin gördüyü işlərin
kataloquna nəzər salsaq, gözlərimiz önündə
bizi təəccübləndirə biləcək bir siyahı
canlanır. Hətta bu qədər işi bir insan ömrünə
necə sığışdıra bildiyi bizi təəccübləndirmir
desək, qeyri-səmimi olar. Alim "Yerin təki
haqqında" Azərbaycan Respubilkası Qanununun
hazırlanıb qəbul edilməsində böyük xidmət
göstərmişdir. "Təhsil haqqında" (2009) qanun
layihəsini hazırlayan işçi qrupunun üzvü
olmuşdur. Qafqazın filiz yataqları üzrə eksperti,
AMEA-nın "Yer elmləri" bölməsi bürosunun
üzvüdür. O, AMEA Rəyasət Heyəti nəzdində
"Regional elmi mərkəzlər" üzrə büronun,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
"Ekstremal hallara qarşı" Elmi Şuranın, Azərbaycan
Geoloqları Milli Komitəsinin, Rusiya EA-nın Regional
İşçi Qrupunun, Avroasiya Universitetləri Tədris-Metodiki
Birliyi "Geologiya" bölməsinin üzvüdür.
Bütün bunlarla yanaşı, Vasif Babazadə bir
universitet əməkdaşıdır. Bakı Dövlət
Universiteti ona qanad verən, onun eksperimentlərini dəstəkləyən,
onu bir müəllim, bir elm xadimi kimi yüksək qiymətləndirən
müqəddəs bir məkandır. Görkəmli alim BDU-da
uzun müddət Geologiya-coğrafiya fakültəsinin
dekanı olmuş, bu gün özünün
yaratdığı Faydalı qazıntılar kafedrasına,
Yer ehtiyatlarının aerokosmik tədqiqatları kimi məhsuldar
bir elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. O, BDU
Elmi Şurasının üzvü, BDU nəzdində fəaliyyət
göstərən fəlsəfə doktoru elmi adı almaq
üçün AAK-ın ixtisaslaşdırılmış
dissertasiya şurasının sədri, "Bakı
Universitetinin Xəbərləri" (təbiət elmləri
seriyası) jurnalının elmi redaktoru, AMEA-nın Xəbərləri
(Yer elmləri) jurnalının redaksiya heyətinin
üzvüdür.
Vasif Babazadənin elmi maraq dairəsi genişdir. Onun
yarım əsrdən çox elmi yaradıcılıq fəaliyyətinin
başlıca istiqaməti endogen filizəmələgəlmə
nəzəriyyəsi və praktikasının inkişaf
etdirilməsi olmuşdur. Bu tədqiqatların ən xarakterik cəhəti
ondan ibarətdir ki, alim geologiyanın mürəkkəb
problemlərinin həllinə qeyri-trivial yanaşır, ilk
baxışdan yaxşı öyrənilən proseslərin
araşdırılmasında mütəxəssisləri məsələnin
yeni həllinin axtarılmasına istiqamətləndirir. Bu cəhətdən
alimin 2003-cü ildə çapdan çıxmış
"Azərbaycan qızılı" fundamental
monoqrafiyası yaxşı misal ola bilər. Bu və onun ardınca
çıxan digər iki monoqrafiyada "Adalar qövsü
paleosistemlərinin qızılsaxlayan sulfid yataqları,
onların metallogenik xüsusiyyətləri və geodinamik
inkişaf şəraiti" (2015) və "Alp
dağ-qırışıqlıq qurşağının mərkəzi
seqmentinin filiz yataqları və onların genezislərinin
problemləri"ndə (2017) müəllif ölkə təcrübəsində
ilk dəfə olaraq qızıl yataqlarının lakonik,
sistemli və məzmunlu səciyyəsini vermiş,
yataqların geoloji mövqeyini və regional
filizdaşıyıcı strukturlarını ayırd
etmiş, məxsusi qızıl filizi və qızılsaxlayan
yataqların sistemləşdirilməsini həyata
keçirmişdir.
V.Babazadə filizəmələgəlmə nəzəriyyəsi
və metallogeniyanın müasir ideyalarını inkişaf
etdirən filiz geologiyası məktəbinin liderlərindəndir.
Onun əsərləri sayəsində filiz yataqları
haqqında təlim respublikada yer elmləri sistemində
mühüm sahəyə çevrilmişdir.
Akademik Vasif Babazədənin
Almaniya, Hollandiya, İngiltərə, Rusiya və digər
ölkələrdə çapdan çıxmış əsərləri
bu ölkənin alimlərinin etibarlı mənbə kimi
istinad yerinə çevrilmişdir. Akademik Vasif Babazadə beynəlxalq əlaqələrə
böyük əhəmiyyət verən alimlərimizdəndir.
O, ANSF, INTAS, SCOPES və digər qrant layihələrinin qalibi
olmuşdur. Ekspert və elmi məsləhətçi kimi
xarici şirkətlərlə əməkdaşlıq
etmişdir. Bir çox müşavirə, simpozium və konfransların
fəal təşkilatçısıdır.
Alim daim yaradıcılıq
axtarışındadır. Yer haqqında elmlərin gələcək
inkişafının dərin geosferlərdə gedən proseslərin
dərk edilməsi ilə bağlı olduğunu hesab edən
tədqiqatçı kosmotektonika, dərinlik geofizikası,
yeni geodinamik əsasda filiz yataqlarının qanunauyğun yerləşməsi
problemləri ilə də məşğul olur. MDB məkanında
ilk dəfə olaraq strateji əhəmiyyətli "Azərbaycanın
kosmotektonik xəritəsi"ni (2007) və "Azərbaycanın
filiz faydalı qazıntılarının proqnozu ilə
regional çatlılıq xəritəsi"ni (2008) və
onların izahlı monoqrafiyasını (2009) nəşr
etdirmişdir.
V.Babazadənin elmi-təşkilatçılıq fəaliyyəti
böyükdür. Bakı Dövlət Universitetində
Geologiya fakültəsinin yaradılması və
inkişafı, elmi rəhbəri olduğu Yer
ehtiyatlarının aerokosmik tədqiqatları ETL, geoloji
profilli bir neçə yeni kafedra və ixtisasların
açılması bilavasitə onun adı ilə
bağlıdır.
Alim Respublika Ağsaqqallar Şurası Məclisinin
üzvüdür.
"Şərəf", "Şöhrət"
ordenli akademik Vasif Babazadənin elmi fəaliyyətinə nəzər
salarkən xüsusi bir məqamı da qeyd etməyi vacib
sanırıq. 10 elmlər doktorunun, 40-dan çox elmlər
namizədinin yetişməsində müstəsna xidmət
göstərərək elmimizin inkişafı
üçün alim ordusuna "komandanlıq" edib.
Görkəmli geoloq-alim, həm də AMEA-nın
akademik Musa Əliyev, Gürcüstan MEA-nın akademik Aleksandr
Tvalçrelidze adına mükafatlarının
laureatıdır.
Akademik Vasif Babazadə çoxuna nümunə olacaq
insandır. Zəngin elmi bazası, aydın nitqi, ağayana
davranışı və xeyirxahlığı ilə...
İnsanın yaşı illərlə yox, onun əməlləri
ilə hesablanır. Vasif Babazadə ömrünün
müdrik çağındadır. Bu mənalı və
şərəfli, hamıya gərəkli ömrün uzun
olmasını arzulayıram. O, elm aləmində nadir şəxsiyyətlərdəndir.
Akif ƏLİZADƏ,
Akademik
Azərbaycan.-2023.- 26 sentyabr.- S.11.