Azərbaycanda geniş
yayılmış yunan-Roma
güləşi zəngin
tarixi ənənələri
ilə xalqımızın
idman mədəniyyətində
özünəməxsus yer
tutur. Bu idman növünün milli salnaməsi həm də tanınmış güləşçilərimizin,
məşqçilərimizin, mütəxəssislərimizin adları
ilə zəngindir. Onların sırasında Azərbaycanın bədən
tərbiyəsi və
idmanı sahəsində
əvəzsiz xidmətləri
olmuş Xan Babaxanovun da adı böyük ehtiramla anılır.
Təcrübəli yunan-Roma
güləşi mütəxəssisi,
ümumittifaq və beynəlxalq yarışların
mükafatçısı, SSRİ və Azərbaycan çempionu, beynəlxalq dərəcəli idman ustası, güləş
yarışları hakimi
Xan Məmmədəli
oğlu Babaxanov 26 sentyabr 1943-cü ildə Gəncə şəhərində
anadan olmuşdur. Güləşlə 1959-cu ildə
SSRİ-nin Əməkdar
məşqçisi, Əməkdar
bədən tərbiyəsi
və idman xadimi, beynəlxalq dərəcəli hakim, ölkəmizdə yunan-Roma
güləşinin ilkinlərindən,
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü Ehsan
Kərimovun rəhbərliyi
altında məşğul
olmağa başlayıb.
İlk qələbələrini
Bakıda "Ehtiyat əmək qüvvələri"
cəmiyyətində şəhər
və respublika birinciliklərində qazanıb.
1960-cı illərdən başlayaraq,
Ümumittifaq yarışlarında
iştirak edib. 1962-ci ildə bir neçə
məsul turnirdə müvəffəqiyyətlə çıxış edərək
SSRİ idman ustası
adına, 1968-ci ilədək
zona yarışlarında
üç dəfə
qızıl medala layiq görülüb.
Xan Babaxanov Belarus
Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1970-ci ildən
SSRİ yığma komandasının tərkibində beynəlxalq
turnirlərdə çıxış etməyə
başlayıb. Bu heyətın tərkibində ilk dəfə
Polşada SSRİ yığmasının şərəfini
qoruyub. Sonralar Rumıniya, Çexoslovakiya, Almaniya və digər
xarici ölkələrdə təşkil olunan beynəlxalq səviyyəli
yarışların iştirakçısı olub.
Təcrübəli
güləş ustası ötən əsrin 70-ci illərinin
əvvəllərindən etibarən məşhur sovet pəhləvanı
İ.Poddubnunun xatirəsinə həsr edilən idman
yarışlarında çıxış etmişdir. İlk
yarışda İran, Türkiyə, İsveç,
Bolqarıstan, Fransadan olan təcrübəli rəqiblərinə
qalib gəlsə də, dördüncü yerlə kifayətlənmişdir.
1971-ci ildə yenidən həmin mötəbər idman tədbirinin
iştirakçısı olmuş və yarışı fəxri
kürsünün üçüncü pilləsində
başa vurmuşdur. Nəhayət, 1972-ci ildə məşhur
idmançılar - həmyerlimiz Ə.Əliyevə, Suriya pəhləvanı
H.Bəşərə, Misir pəhləvanı S.Manqedaya, habelə
finalda dəfələrlə dünya və olimpiya
çempionu olmuş V.Bakulinə qalib gələrək,
İ.Poddubnunun xatirə yarışında fəxri kürsüyə
qalxmışdır. Bununla da
X.Babaxanov 1972-ci ildə Münhendə keçirilən
Olimpiya Oyunlarına vəsiqə qazanmışdır.
Münhen Olimpiya Oyunlarında X.Babaxanov SSRİ milli
komandasının şərəfini ləyaqətlə
qorumuşdur.
1973-1979-cu illərdə
güləşçimiz dəfələrlə SSRİ
çempionatlarında, beynəlxalq yarışlarda, Avropa və
dünya çempionatlarında qənaətbəxş nəticələrə
imza atmışdır. Bu yarışlarda uğurla iştirak
etməklə beynəlxalq dərəcəli idman ustası
normativlərini yerinə yetirmiş, beynəlxalq dərəcəli
idman ustası adına layiq görülmüşdür.
X.Babaxanov 1978-ci
ildə yeniyetmələrdən ibarət klassik güləş
üzrə Azərbaycan komandasının məşqçisi
kimi fəaliyyətə başlamış və elə həmin
il Daşkənddə Ümumittifaq məktəblilərinin XV
spartakiadasında uğurlu debüt etmişdir. Tələbələrindən
ikisi bu yarışdan vətənə qızıl medalla
qayıtmışdır.
1979-cu ildə Azərbaycan
Bədən Tərbiyəsi və İdman Komitəsinin qərarı
ilə ona klassik güləş üzrə məşqçi-müəllim
statusu verilmişdir. Elə həmin vaxtdan etibarən yunan-Roma
güləşi üzrə gənclərdən ibarət Azərbaycan
yığmasının baş məşqçisi kimi fəaliyyətə
başlamışdır. Onun yetişdirdiyi idmançılar
gənclər arasında təşkil olunan SSRİ
çempionatlarında dəfələrlə ali mükafatlara
layiq görülmüşdür. Məşqçilik etdiyi
beş il ərzində X.Babaxanov sonralar SSRİ, Olimpiya və
dünya çempionatlarının qalibi olmuş yüzlərlə
gəncə klassik güləş sənətinin incəliklərini
öyrətmişdir. Təkcə onu demək kifayətdir ki,
Xan Babaxanov 1988-ci il Seul Olimpiya Oyunlarının
iştirakçısı, yunan-Roma güləşi üzrə
üçqat dünya çempionu, Avropa çempionu Mahyəddin
Allahverdiyevin şəxsi məşqçisi olmuşdur.
Xan Babaxanovun
güləş sahəsində digər uğurları da
olmuşdur. O, 1961-ci ilin oktyabrında Bakı şəhərində
xüsusi komanda birinciliyində bürünc, 1962-ci ilin iyununda
Sovet İttifaqı Qəhrəmanı general-mayor İ.V.Panfilov
adına mükafat uğrunda keçirilən klassik güləş
üzrə yarışda bürünc, 1966-cı ilin
mayında klassik güləş üzrə Azərbaycan
xüsusi komanda birinciliyində gümüş, 1967-ci ilin
fevralında klassik güləş üzrə SSRİ
silahlı qüvvələrinin çempionatında
gümüş, 1969-cu ilin iyununda 52 kq çəki ilə
SSRİ silahlı qüvvələrinin XIV spartakiadasında
gümüş, 1970-ci ilin yanvarında Minskdə SSRİ
silahlı qüvvələrinin çempionatında
gümüş, 1970-ci ilin iyulunda 57 kq çəki ilə
Belarus çempionatında qızıl, 1970-ci ilin dekabrında
klassik güləş üzrə Minsk şəhərinin
komanda çempionatında qızıl, 1971-ci ilin aprelində
57 kq çəkidə klassik güləş üzrə
universiadada qızıl, 1972-ci ilin oktyabrında 57 kq çəki
ilə Belarus çempionatında qızıl medala layiq
görülmüşdür.
O, klassik güləş
üzrə gənclərdən ibarət Azərbaycan
yığma komandasını l977-ci ildə keçirilən Gənclərin
II Ümumittifaq idman oyunlarına uğurla
hazırladığına və həmin yarışda müvəffəqiyyətlə
iştirak etdiyinə görə, fəxri fərmanla təltif
olunmuşdur. Təcrübəli mütəxəssis 1979-1982-ci
illərdə SSRİ və Azərbaycan birinciliklərinin
qalibi olan gənclərin məşqçisi kimi dəfələrlə
fəxri mükafatlara layiq görülmüşdür.
O, 1982-ci iyulun 5-də
dünyasını dəyişmişdir. Respublikamızın
idman ictimaiyyəti tanınmış məşqçi-müəllim
Xan Babaxanovun bu günlərdə 80 illik yubileyini təntənə
ilə qeyd etmişlər. Bu əlamətdar gün münasibətilə
idman xadiminin keçdiyi uğurlu güləşçilik və
məşqçilik yoluna nəzər
salınmışdır. Xan Babaxanovun timsalında Azərbaycan
güləşçilərinin keçdiyi zəngin idman həyatı,
qazanılmış qələbələr gənclərimizin
milli ruhda və sağlam böyüməsi, habelə beynəlxalq
idman yarışlarında uğur qazanmağa
ruhlandırılması üçün böyük istinad, zəngin
təcrübə və qürur mənbəyidir.
Rəhman
SALMANLI,
Azərbaycan.-2023.- 26 sentyabr.- S.11.