"Heydər Əliyev İli" başladı

 

 

Prezident İlham Əliyevin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Xatırladaq ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Azərbaycan xalqının Ümummilli Lideri - dünyaşöhrətli siyasi xadim Heydər Əliyev xalqımızın yaddaşında daim müdrik lider, ideoloq, müasir müstəqil Azərbaycanın qurucusu kimi yaşayır. Ulu Öndərin  uzaqgörən siyasəti sayəsində Azərbaycan hələ 1969-cu ildən böyük nailiyyətlərə imza atmışdı. Ötən əsrin 90-cı illərində isə Ulu Öndər ölkəmizi parçalamağa, süqut etdirməyə çalışan xarici güc mərkəzlərini, daxili xəyanətkarları zərərsizləşdirərək Azərbaycanın müstəqilliyini qorumuşinkişaf yoluna çıxarmışdı.

Sərəncamda deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".

Ümummilli Liderin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə SSRİ daxilində ölkəmizə qənim kəsilən dairələrin hücumları dəf edilmişdi. Azərbaycan ötən əsrin 60-cı illərində sosial-iqtisadi inkişaf tempinə görə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tutmuşdu. Ölkənin sosial-iqtisadi tənəzzülü xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərmişdi. Ulu Öndərin diqqəti və qayğısı, həyata keçirdiyi islahatlar sayəsində Azərbaycan ittifaq daxilində inkişaf edən ən vacib ölkələrdən birinə çevrilmişdi. Həmin dövrdə Ulu Öndərin ölkəmizin hərbi potensialının artırılması ilə bağlı verdiyi qərarların əhəmiyyəti isə 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdə bir daha aydınlaşdı. 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli hərbi kadrların yetişdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdi.

Beləliklə, Ümummilli Liderin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri olduğu dövrdə gördüyü işlər nəticəsində respublikamız SSRİ-nin ən strateji ölkələrindən birinə çevrildi. Amma ölkənin uğurlarını həzm edə bilməyənlər Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra Azərbaycana qarşı böyük haqsızlıqlar etməyə başladılar. Bacarıqsız insanların respublikaya rəhbər vəzifələrə gətirilməsi ilə SSRİ-nin başında duranların xalqımıza yönələn cinayətləri davamlı şəkil aldı. Dövlətimiz bir daha ağır günlərini yaşadı. Yalnız 1993-cü ildə, Ulu Öndərin xalqın tələbi ilə prezident seçilməsindən sonra ölkəmiz dirçəlməyə başladı.

Bu gün dünyanın nüfuzlu təşkilatı - Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan həm də Cənubi Qafqazın lider dövləti kimi tanınır. İndi Azərbaycanda nümunəvi xalq-dövlət birliyi var, dövlətimizin siyasi və hərbi gücü, iqtisadi imkanları gündən-günə artır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs uğurla davaminkişaf etdirilir, müxtəlif sahələrdə islahatlar dərinləşir. Azərbaycan 30 ilə yaxın Ermənistan silahlı birləşmələrinin işğalı altındakı torpaqlarını azad edib. "Şuşa ili"ndə Qarabağın incisi olan gözəl Şuşada mühümvacib tədbirlər keçirilib. 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində isə  Qarabağa qayıdışın toy-bayram büsatlı günlərinin, biri digərindən maraqlı olan silsilə tədbirlərin şahidi  olacağıq.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qüruriftixar mənbəyimiz olan Heydər Əliyev dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır.

Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan güclü xalq-dövlət birliyi olan firavan dövlətdən zəfər qazanan, torpaqlarını işğaldan azad edən mühüm geostrateji mövqeyə sahib olan ölkəyə çevrilib. Görünən odur ki, xalqımızın fəxri və qüruru olan, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Yeni ilin ilk günlərindən başlayan 100 illik yubiley tədbirləri nəinki respublikamızda, bir çox xarici ölkədə, həmçinin diaspor təşkilatlarında, səfirliklərimizdə, bir sözlə, dünya azərbaycanlıları tərəfindən böyük sevgi və təntənə ilə qeyd ediləcəkdir.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2023.- 6 yanvar.- S.1;6.