Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
- Əziz həmvətənlər.
Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.
İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.
Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.
Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir.
Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.
Eyni zamanda, bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər.
Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.
Əlbəttə ki, bununla paralel olaraq, minatəmizləmə işləri aparılır. Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır.
Bu il biz Zəngilan Beynəlxalq Hava
Limanının açılışını etdik. Bu, azad edilmiş
torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.
Zəngəzur dəhlizinin açılması
ilə əlaqədar
genişmiqyaslı işlər
aparılır, dəmir
yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması
mütləq olmalıdır,
Ermənistan bunu istəsə də, istəməsə də.
Biz ortaya güclü
iradə qoymuşuq, bütün işlər
plan üzrə gedir.
Bizim tələbimiz əsaslıdır
və ədalətlidir.
Azərbaycanın əsas hissəsi
ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır
və olacaqdır.
Azad edilmiş ərazilərdə
bizim tarixi binalarımız, o cümlədən
məscidlərimiz əsaslı
şəkildə bərpa
edilir və yenidən inşa olunur. Mən bu rəqəmi
səsləndirmişdim, ermənilər
işğal dövründə
67 məsciddən 65-ni tamamilə
yerlə-yeksan etmişlər.
Onların bərpası, yenidən
qurulması faktiki olaraq artıq başlamışdır və
təmirə ehtiyacı
olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm,
bizim dini abidələrimizin inşası
və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir.
Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmaq üçün
bizim güclü iqtisadiyyatımız olmalıdır
və iqtisadi müstəqillik çoxdan
təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki,
heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi
göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr
qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz
artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard dollara çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət
borcumuz xeyli azalıb. Bu vəzifəni
bir neçə il bundan
qabaq mən hökumət qarşısında
qoymuşdum ki, bizim xarici borcumuz
ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır.
Keçən il 17 faiz idi, bu
ilin son nəticələrinə
görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf
etmiş ölkələrdə
xarici borc ümumi daxili məhsulun 100, 120, hətta
150 faizini təşkil
edir. Yəni, biz tamamilə beynəlxalq
maliyyə institutlarından
asılı deyilik.
Əlbəttə, biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz
diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar
tarixdə olmayıb.
Yəni,
Azərbaycan böyük
ekoloji fəlakətlə,
urbisidlə üzləşib.
Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə
bir manat, ya bir dollar kömək
etməyiblər. Nəinki
donor təşkilatları, heç kim
bizə kömək etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq.
Bu il energetika
sahəsində çox
əlamətdar hadisələr
baş verib. İlin ortasında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa
dair memorandum imzalanmışdır.
Artıq
bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını
artırır. Bu ilin sonunda - dekabrın 17-də isə
yeni böyük meqalayihəyə start verildi.
Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi
imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş
miqyasda oynasın.
Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan
olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur
yaşıl enerji zonası olmalıdır.
Artıq biz buna nail oluruq və
olacağıq. Eyni zamanda,
Azərbaycanın çox
geniş bərpaolunan
enerji mənbələri
həm ölkəmiz üçün, həm də dünya üçün böyük
əhəmiyyət kəsb
edir. Mən bu rəqəmləri
bu yaxınlarda səsləndirmişdim, təsdiq
edilmiş bərpaolunan
enerji mənbələrinin
potensialı 184 min meqavatdır.
Bunun 157
mini Xəzər dənizinin
Azərbaycan sektorunda mövcuddur. Yəni, bu,
ölkəmizi əvəzolunmaz
tərəfdaşa, enerji
sahəsində əvəzolunmaz
tərəfdaşa çevirəcəkdir.
Biz ənənəvi olaraq
regional inkişaf proqramı
ilə ciddi məşğul olmuşuq. Mənim
regionlara bu il 30 səfərim
olubdur, o cümlədən
21 səfər azad edilmiş torpaqlaradır.
Mən bu ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox
geniş və böyük təntənə
ilə qeyd etdik. Gələn il isə
“Heydər Əliyev İli” elan edilib. Gələn il biz Ulu
Öndərin 100 illik
yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə
ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir.
Biz bu yolla
gedirik və bu gün Azərbaycan
reallıqları, uğurlar,
qələbələr, bax,
bu yolun təməlində dayanıb.
Bu gün Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan
bütün soydaşlarımızı
ənənəvi olaraq
səmimiyyətlə salamlayır,
onlara uğurlar arzulayıram. Onlar bilirlər
ki, güclü müstəqil Azərbaycan
dövləti var və onların arxasında dayanır.
Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı
olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın,
müzəffər Azərbaycanın
övladlarıdır.
Bu il Şuşada
keçirilmiş Dünya
Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz
Şuşada keçirilməsi
çox böyük rəmzi məna daşıyırdı. Necə ki,
Azərbaycan cəmiyyəti,
Azərbaycan vətəndaşları
bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların
mütləq əksəriyyəti
də eyni yanaşma göstərəcəklər.
Hər halda güclü Azərbaycan dövləti
onlar üçün
böyük dayaqdır.
Əziz həmvətənlər.
Mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə
ürəkdən təbrik
edir, cansağlığı,
uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
Azərbaycan.-2023.- 6 yanvar.- S.1;3.