Milli çağırış

 

Ötən il Böyük qayıdışın gerçəkləşdirilməsi istiqamətində tarixi uğurlarla əlamətdar oldu

 

 

 

 "...Demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi".

Prezident İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə müraciəti zamanı bəyan etdiyi kimi, Azərbaycan hər ötən il gücünə güc qatır. Qüdrətli dövlətimiz qalib lider İlham Əliyevin qətiyyəti və əzmi sayəsində bütün sahələr üzrə böyük uğurlar qazanır, xalqımızın milli mənafeyi uğrunda qarşısına qoyduğu bütün hədəflərə müvəffəqiyyətlə nail olur.

Yola saldığımız 2022-ci il də ölkəmizin əldə etdiyi bol uğurlarla yadda qaldı. Azərbaycan həm daxildəki hərtərəfli inkişafı, həm də beynəlxalq arenada qazandığı diplomatik qalibiyyətlərlə ötən ilə parlaq imzasını atdı, gələcəyə doğru işıqlı yol aldı.

Xüsusilə də 2022-ci ildə, keçmiş məcburi köçkün vətəndaşlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının gerçəkləşdirilməsi istiqamətində tarixi uğurlar əldə edildi.

 

 

Güclü iqtisadiyyata söykənən böyük nailiyyətlər 

 

 

44 günlük müharibəni şanlı qələbə ilə başa çatdırdıqdan sonra Azərbaycan dövlətinin qarşısına qoyduğu milli prioritetlərdən biriişğaldan azad etdiyi torpaqlara tezliklə Böyük qayıdışı gerçəkləşdirmək idi. Buna görə də Vətən müharibəsindən dərhal sonra tarixi ərazilərimizdə geniş quruculuq və bərpa işlərinə start verildi. Qarabağa və Şərqi Zəngəzura yenidən həyatın qaytarılması üçün birbaşa dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında bu ərazilərdə dünyada misli görünməmiş meqalayihələrin icrasına başlanıldı.

Prezident İlham Əliyevin zəfərdən ötən bu ikiillik qısa zaman kəsiyində mütəmadi olaraq işğaldan azad edilən ərazilərə səfərlər etməsi, erməni vəhşilərinin yerləyeksan etdiyi qədim şəhərlərimizin yeni bünövrələrini qoyması, yeni yolların, tunellərin, beynəlxalq hava limanlarının təməllərini atması, bütün infrastrukturu başdan yaratması  Böyük qayıdışın tezliklə reallaşdırılmasına mühüm təkan verdi.

Azərbaycan ağır müharibədən çıxsa da, işğaldan azad etdiyi bölgələri öz iqtisadiyyatının gücü sayəsində yenidən qurur, bu ərazilərdə irimiqyaslı müasir infrastruktur layihələri icra edir. Ölkəmiz həmin ərazilərdə apardığı genişmiqyaslı quruculuq işlərini öz maliyyə gücü hesabına aparır. Təkcə ötən il Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən 3 milyard manata yaxın vəsait ayrılıb.

Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev sadalanan nailiyyətləri əldə etmək üçün dövlətin güclü iqtisadiyyata malik olmasının vacibliyini söyləyərək vurğuladı ki, "Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadisiyasi cəhətdən asılı deyil".

 

 

Gerçəkləşdirilən meqalayihələr

 

İşğaldan azad edilən bütün şəhərlərin və qəsəbələrin baş planları hazırlanıb və təsdiqlənib. Qarabağ və Şərqi Zəngəzurun bəzi şəhərlərində, ilk növbədə Şuşada, eləcə də Ağdamda, Füzulidə, Zəngilanda, Laçında geniş quruculuq işləri aparılır. Xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Artıq 10-dan çox kəndin də baş planları təsdiqlənib və bir neçə kəndin təməli şəxsən qurucu lider İlham Əliyev tərəfindən qoyulub.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng layihələrdən biriburada qısa müddətdə tikilib istifadəyə verilən beynəlxalq hava limanlarıdır.

Azərbaycan dövləti 2021-ci ildə cəmi 8 ay ərzində Qarabağın "hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanını tikib istifadəyə verib. Eləcə də ötən il oktyabrın 20-də, Zəngilanın azadlıq günündə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Hər iki beynəlxalq hava limanının açılışı Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Hazırda Laçında sürətli tikintisi gedən Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. 2022-ci il martın 15-də 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su-elektrik stansiyasının açılışı olub. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjilərindən qaynaqlanacaq.

 

 

Qayıdışın başlanğıcı

 

 

Azərbaycanın ötən il əldə etdiyi ən parlaq tarixi uğurlardan biri isə zəfərdən cəmi ilyarım sonra Böyük qayıdışa start verilməsi və Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi və burada həyatın bərpa edilməsi oldu.

Ağalılıların timsalında "məcburi köçkünlük yükü"ndən azad olan insanların necə böyük sevinc, xoşbəxtlik hissi ilə yurd nisgilindən qurtulduqlarının şahidi olduq.

2022-ci il iyulun 19-da, vaxtilə Ağalıdan zorla didərgin salınan körpələr gənc, uşaqlar ata-ana, gənclər isə saçlarına dən düşmüş nənə-baba kimi doğma torpaqlarına döndülər. O gün Zəngilanı, Ağalını heç zaman görməyən yeni nəsillərimiz getdilər dədə-baba torpaqlarında yaşamağa, qurub yaratmağa.

"Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən - cəmi ilyarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq", - deyə xalqa müraciətində dövlət başçısı İlham Əliyev ona da  xüsusi diqqət çəkdi ki, "Bu bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər".

Ötən il qazandığımız möhtəşəm nailiyyətlərdən biri isə avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərinin də azad edilməsi, eyni zamanda Laçının ZabuxSus kəndlərinə də qayıdışımız oldu.

Artıq Laçın şəhərində də çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. 2023-cü ildə laçınlıların doğma yurdlarına qaytarılması isə Azərbaycan dövlətinin qarşısına qoyduğu növbəti tarixi hədəfdir.

Eləcə də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir və avtomobil yolları çəkilir. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev müraciətində bəyan etdi ki, "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır".

 

 

 

Heydər Əliyev Fondunun tarixi irsə töhfəsi

 

 

 

30 illik işğal dövründə erməni vandalları Qarabağ və Şərqi Zəngəzurdakı tarixi, mədəni, dini irsimizi də vəhşicəsinə dağıdıblar, bu ərazilərdə Azərbaycan xalqına məxsus izləri itirmək istəyiblər.

Vətən müharibəsində əldə etdiyimiz zəfər sayəsində tarixi irsimiz də düşmən caynağından xilas olub. Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə tarixi binalarımızın, o cümlədən məscidlərimizin əsaslı şəkildə bərpasına və yenidən inşa olunmasına başlanılıb. Xüsusi qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda dini abidələrimizin inşası və təmirini Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu böyük müvəffəqiyyətlə gerçəkləşdirir.

Ötən il Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm quruculuq bərpa işləri, eləcə də Böyük qayıdışla bağlı atılan mühüm addımlardan da aydın görünür ki, Azərbaycan cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi kimi, qısa zamanda o yerlərə həyatın qayıtması üçün misilsiz layihələr gerçəkləşdirir.

Qurucu lider İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti öz tükənməz gücü və qüdrəti ilə Qarabağ və Şərqi Zəngəzurda meqalayihələr həyata keçirir, Böyük qayıdışla keçmiş məcburi köçkün vətəndaşlarımızın tarixi torpaqlarına dönərək təhlükəsiz və layiqli həyata başlamasına mükəmməl şərait yaradır.

Yeni qədəm qoyduğumuz 2023-cü ildə də tarixi torpaqlarımızda bərpa quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması dövlətimizin gündəliyində duran bir nömrəli məsələdir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 6 yanvar.- S.6.