Könlümüzün şəhəri
Ötən il onun ili oldu. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan edildi. Yenə qonaqları çox oldu bu qədim şəhərin. Lap otuz il öncə - Ermənistan tərəfindən işğala məruz qaldığı vaxtlara qədərki günlərində olduğu kimi... Yenə gülərüzlə, səxavətlə qarşıladı gələnləri. Ancaq sevinci kimi qübarının da böyük olduğunu qonaqları da gördü. Axı otuz ilə yaxın işğalçıların əsarətində qalmışdı. Ögeylərin, qədirbilməzlərin əlindən çox cəfalar çəkmişdi Şuşa...
Düşmənin mənəvi yaddaşına toxuna bilmədiyi şəhər
Qəsbkar ermənilər tariximizə qənim kəsildilər. İşğal etdikləri digər rayon və şəhərlərimizdə olduğu kimi, Şuşada da tarixi-memarlıq nümunəsi olan tikililəri, mədəniyyət ocaqlarını talan etdilər, uçurub dağıtdılar və ya saxtalaşdırmağa, erməniləşdirməyə səy göstərdilər. Bünövrəsi 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş, bu səbəbdən ilk vaxtlar Şuşa ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılmış əsrarəngiz şəhərin keçmişini silə biləcəklərinə ümid etdilər. İşğal müddətində Şuşa şəhərində XVIII əsrə aid Şuşa qalasının divarları, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, karvansarayı, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacı Quluların malikanəsi, ikimərtəbəli karvansara, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Əbdürrəhim bəy Haqverdiyevin, Qasım bəy Zakirin, Mir Möhsün Nəvvabın, Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Mamay bəyin evi, məscidi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və digər qədim yaşayış binaları, tarix-memarlıq nümunələri, mədəniyyət ocaqları erməni vandalizminə məruz qaldı.
O vaxtadək də Odlar yurdunun - bu gözəl məmləkətin tarixində, mədəniyyətində özünəməxsus yer tutan Şuşanın xoş, şanlı-şöhrətli çağları kimi, ağrı-acılı, bəlalı günləri də az olmamışdı. Ancaq bu Qala şəhərə göz dikən düşmənlərin arzuları gec-tez ürəklərində qalmışdı. Tarixi mənbələrdən məlum olduğu kimi, hələ feodal ara müharibələri dövründə qala dəfələrlə çətin sınaqlardan keçib. Qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməyiblər.
XX əsrdə də bu əsrarəngiz şəhərin başı çox müsibətlər çəkib. Qafqazın incisi, Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın göz bəbəyi Şuşa şəhəri 1905-ci və 1920-ci illərdə erməni vandalları tərəfindən yandırılıb. Hər daşı, nadir memarlıq nümunəsi sayılan hər tikilisi tariximizin bir hissəsinə çevrilmiş Şuşa şəhərinin ən ağır günlərindən biri isə 1992-ci il mayın 8-i olub. Həmin gün erməni işğalına məruz qalıb. 1992-ci ildə şəhər XX yüzillikdə üçüncü dəfə yandırılıb.
Təəssüf ki, Ermənistan
silahlı qüvvələrinin işğalı uzun çəkdi. İyirmi səkkiz
il yarım davam etdi. Bu illər ərzində gözləri yollara dikilən yalnız Şuşa deyildi.
Düşmənin əsarətdə
saxladığı Şuşa, eləcə
də Qarabağın
digər əraziləri
və Şərqi Zəngəzur torpaqları
hər bir azərbaycanlının qəlbinin
qübar yeri oldu. 2020-ci ildə
44 günlük Vətən
müharibəsində müzəffər
Azərbaycan Ordusu qələbə çaldı.
Şuşanın Ermənistan silahlı
qüvvələrinin işğalından
azad edildiyi gün - 2020-ci ilin 8 noyabrı, Azərbaycan tarixinin Zəfər Günü oldu.
Düşmən tar-mar etsə də, Qala şəhərimizin mənəvi yaddaşına
toxuna bilmədi. Prezident,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin dediyi kimi: "İşğala baxmayaraq,
Şuşa Azərbaycan
ruhunu saxlaya bildi. Şuşaya gələn hər
bir insan bunu görür. Hətta dağılmış
vəziyyətdə, hətta
işğal dövründə
vandalizmə məruz qalmış şəkildə
Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı,
bizi gözləyirdi,
biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik".
Böyük qələbəmizdən dərhal
sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti,
bərpa-quruculuq işlərinə
başlanıldı. Şuşa şəhəri
də öz görkəminə qayıdır.
Prezident İlham Əliyevin imzaladığı "İşğaldan
azad olunmuş ərazilərdə şəhərsalma
məsələləri haqqında"
fərmana uyğun olaraq, Qarabağın hər yerində, həmçinin Şuşada
bərpa-quruculuq işləri
sürətlə həyata
keçirilir. Şuşada artıq infrastruktur layihələri ilə yanaşı, tarixi, dini və memarlıq
abidələrinin bərpası
istiqamətində xeyli
işlər görülüb.
Tikinti-quruculuq işləri dövlət
başçısının tapşırığına əsasən,
şəhərin tarixi
memarlıq xüsusiyyətlərinə
uyğun aparılır.
Prezident İlham Əliyev bildirib: "Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı tarixi
memarlıq ansamblına
xələl gətirə
biləcək başqa
layihə orada icra edilməməlidir".
Qədim
şəhərin qürurlu,
sevincli günləri
Ötən il "Şuşa ili" çərçivəsində bütün ölkə miqyasında bir-birindən
maraqlı, yaddaqalan, möhtəşəm tədbirlər
həyata keçirildi.
2022-ci ilin fevralında
"Müharibə cinayətləri
mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi
kontekstində" adlı
XI Beynəlxalq Multikulturalizm
Qış Məktəbinin
iştirakçıları Ermənistanın işğalından
azad olunmuş Şuşa şəhərinə
səfər etdilər.
Qış Məktəbinin
iştirakçıları Azərbaycanın görkəmli
sənətkarları Natəvan,
Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş
heykəlləri olan Şuşa şəhərinin
mərkəzi meydanına,
sonra isə Xurşidbanu Natəvanın
evi və Xan qızı bulağı olan ərazi, Bülbülün
ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi,
Yuxarı Gövhər
ağa məscidi, Qazançı kilsəsi ilə tanış oldular, Cıdır düzünə getdilər.
Görkəmli müğənni, Azərbaycan
vokal məktəbinin banisi, dahi Bülbülün
anadan olmasının
125 illiyinə həsr
olunan Vokalçıların
Bülbül adına
VIII Beynəlxalq müsabiqəsi
Şuşada keçirilən
yaddaqalan tədbirlərdən
biri oldu. Müsabiqədə Azərbaycan,
Rusiya, İsrail, Türkiyə, Monqolustan, Özbəkistan, Ukrayna, Meksika, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın ifaçı iştirak etdi.
İlk dəfə 1989-cu ildə keçirilən "Xarıbülbül"
festivalı Vətən
müharibəsində qazandığımız
qələbədən sonra
- 2021-ci il mayın 12-13-də Şuşada
Cıdır düzündə
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə yenidən təşkil olundu. O zaman "Xarıbülbül"
festivalının açılış
mərasimində dövlət
başçısı dedi:
"Biz bu gözəl
ənənəni bərpa
etdik və bundan sonra "Xarıbülbül" festivalı
Şuşada hər il keçiriləcək".
"Şuşa ili" çərçivəsində keçən ilin 12-14 may tarixlərində düzənlənən V Xarıbülbül Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olundu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər.
Respublikamızın ayrı-ayrı regionlarından folklor kollektivləri, o cümlədən bir sıra xarici ölkələrdən gələn müxtəlif folklor ifaçıları, rəqs kollektivləri beynəlxalq festivalda çıxış etdilər.
Ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin bir ili tamam oldu. Bu münasibətlə Şuşada "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans təşkil olundu. Qeyd edək ki, Şuşa Bəyannaməsində iki ölkə arasında tarixin sınaqlarından keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi əksini tapıb.
2022-ci il iyulun 22-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirildi. Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmi şəxslərlə yanaşı, xarici media təmsilçiləri də iştirak etdilər.
Tədbirdə qeyd edildi ki, Şuşada təşkil edilən bu forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq.
Yola saldığımız ilin 25-29 iyulunda ölkəmizdə keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın tarixində ilk dəfə Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın adı Şuşa Akkordu (Şuşa razılaşması) kimi tarixdə qalan Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə bu mötəbər qurumun tarixinə yazıldı. Diqqətə çatdıraq ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin yaradılması Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür.
Ötən il qürur duyduğumuz bir xəbər də Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi oldu. Bildiyimiz kimi, bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul edilmişdi.
TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi dekabrın 9-da keçirildi. Mərasimdə mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü. Simvol Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verildi.
TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın "2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırdılar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.- 7 yanvar.- S.7.