Gücünü dağlardan, rəngini Günəşdən alan Qarabağ atları

 

 

"İgid odur, atdan düşə atlana, igid odur hər cəfaya qatlana", - deyib babalarımız. Qədim zamanlarda el-obanın hünərli, qorxmaz övladları yalnız döyüş məharətləri ilə ad-san qazanmayıblar. Azərbaycanda at ən yaxşı silahdaş, vəfalı dost hesab edilib. Odur ki, hər qəhrəmanın atı adına, şan-şöhrətinə yaraşan olub. Yəqin ki, "At igidin yaraşığıdır" deyimi də belə yaranıb. Şübhəsiz ki, igidlər özlərinə at seçərkən onun yalnız xarici görkəmini nəzərə almayıblar. Dözümlü, sürətli olmasına diqqət yetiriblər. Qarabağ atları bu baxımdan əlverişli sayılıb. Sanki gücünü, qüdrətini, əzəmətini Qarabağ dağlarından, rəngini o dağlara şəfəq saçan Günəşdən alan bu atların tarixi olduqca maraqlıdır.

 

 

 

Qarabağ atları tarixin yaddaşında

 

 

 

Mənbələr, arxeoloji qazıntılar təsdiq edir ki, ümumiyyətlə, Azərbaycan atlarının tarixi çox qədimdir. Hələ eramızdan əvvəl I minilliyə aid mənbələrdən məlumdur ki, Manna dövləti bərqərar olduğu vaxtlarda atlardan geniş istifadə edilib. Midiya, AtropatenaAlbaniyada da atçılıq geniş yayılıb. Eramızdan əvvəl IV əsrdə Midiyada Xəzərin cənub-qərbində, Nesey adlanan geniş ərazidə güclü, yaraşıqlı atlar yetişdirildiyi barədə tarixçi Herodot yazıb. Tədqiqatçılar bir çox araşdırmalara, tarixi ədəbiyyatlara, ayrı-ayrı mənbələrə istinadən belə fikrə gəliblər ki, Qarabağ atlarının əcdadları Azərbaycan atları, əsasən, Nesey atlarıdır. Zaman keçdikcə Türkmən xalqının yetişdirdiyi Axaltəkə atları və Azərbaycan xalqına məxsus Qarabağ atları olmaqla, Nesey atları əsas iki qola ayrılıb.

Sovet dövrünün bəzi tədqiqatçıları Qarabağ atlarının tarixini saxtalaşdırmağa səy göstəriblər. Onlardan biri - professor İ.İ.Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı sayıb, ona Axaltəkə, eləcə də İran atlarının təsir göstərdiyini qeyd edib.

Bir sıra ərəb mənbələrində bildirilib ki, VIII əsrdə, artıq islam dininin bərqərar olduğu dövrdə Azərbaycanda qızılı Qarabağ atları geniş yayılıb. Buradan 60 min qızılı rəngli at ərəb istilaçıları tərəfindən Ərəbistana aparılıb.

Araşdırıcıların fikrincə, Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol və digər atlarla qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, əsil-kökünü saxlayıb.

Azərbaycanın Qarabağ ərazisində yetişdirilən bu atların şöhrəti zaman keçdikcə hər yana yayılıb.

 

 

 

Atçılıq azərbaycanlıların həyat tərzi, adət-ənənələri ilə sıx bağlı olub

 

 

 

At əsrlər boyu ən sərfəli nəqliyyat növü sayılıb. Ancaq Qarabağ xanlığında atlardan kənd təsərrüfatı işlərində çox az hallarda, əsasən, xırmanlarda dərzlər döyülərkən istifadə olunub. Tədqiqatçılar Qarabağ atlarının yetişdirilməsində, geniş yayılaraq böyük şöhrət qazanmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolunu qeyd ediblər.

Qarabağ atlarının, əsasən, 4 növü - Maymun, Qarnıyırtıq, Əlyetməz (Ceyran) və Toxmaq məşhur olub.

Ümumiyyətlə, tədqiqatçılar XVIII-XIX əsrləri Qarabağ atçılığının "qızıl əsri" sayırlar. Bu cinsin ən tipik nümunələrinin həmin dövrdə Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirildiyi məlumdur. O vaxtlar bir çox beynəlxalq sərgilərə aparılan Qarabağ atları yüksək yerlərə layiq görülüb. Xan qızı Natəvana məxsus "Əlyetməz" adlı ayğır 1867-ci ildə Ümumrusiya at sərgisində, "Xan" ləqəbli at isə həmin il Fransada sərgidə mükafatlandırılıb.

Məlumatlara görə, Qarabağ atları yaraşığı, dözümlülüyü, sürəti və başqa keyfiyyətlərinə görə, bütün Cənubi Qafqazda şöhrətlənib. Rusiya, Polşa, İngiltərə, Fransa kimi ölkələrdə də müştəriləri olub. İngilislər bu atları hind süvari qoşunu üçün alıblar.

1956-cı ildə Sovet İttifaqının dövlət başçısı Nikita Xruşşovun Böyük Britaniyaya səfəri zamanı kraliça II Elizabetə Ağdam Atçılıq Zavodundan aparılan "Zaman" adlı Qarabağ atı bağışlaması bir daha təsdiq edib ki, illər ötsə də, dövran dəyişsə də, Qarabağ atları dəyərini, şöhrətini itirməyib.

Qarabağ atları Şuşa, Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Xocalı, Xocavənd, Tərtər, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının ərazilərində daha geniş yayılıb.

SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tarixli qərarları ilə Ağdam Atçılıq Zavodu yaradılıb.1993-cü ilin iyulunda Ağdam rayonu erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra Qarabağ atları da yurdlarından didərgin düşüb. Ağdam Atçılıq Zavodu 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir.

 

 

 

Qarabağ atları əsirlikdən qurtulmuş ərazilərimizdə cövlan edəcək

 

 

 

Respublikamızda atçılığın inkişafı məqsədilə dövlət səviyyəsində gərəkli addımlar atılıb. 2007-ci il 27 fevralda "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2007-ci il 8 oktyabrda Azərbaycan Respublikasının Nazirlər Kabineti "Atçılığın inkişafı üzrə Proqram"ı təsdiq edib. Proqramda Azərbaycanın atın əhliləşdirildiyi və atçılığın təşəkkül tapdığı ən qədim ölkələrdən olduğu, tarixin müxtəlif mərhələlərində cəmiyyətin, iqtisadiyyatın və təsərrüfat münasibətlərinin inkişafının, habelə müxtəlif hərbi-siyasi proseslərinin atçılığın inkişafına öz təsirini göstərdiyi bildirilib: "Azərbaycanın Qarabağ bölgəsində Pənah xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın at zavodlarında Qarabağ cinsinin, qərb bölgəsində isə Dilbazilərin at zavodlarında Dilbaz cinsinin formalaşdırılması və təkmilləşdirilməsi üzrə əsaslı işlər aparılmışdır".

Atçılığın inkişafı üzrə dövlət proqramında o da qeyd olunub ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar "Dilbaz" və "Qarabağ" atlarıdır.

2017-ci il fevralın 22-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Verilən bütün qərarlar, imzalanan sərəncamlar Azərbaycanda atçılığın inkişafına təkan verib.

Otuz ilə yaxın düşmən tapdağında qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarında artıq Azərbaycan dövləti möhtəşəm tikinti, quruculuq işləri həyata keçirir. Atçılıq Zavodu da yenidən Ağdamda qurulacaq. Və dünyaşöhrətli Qarabağ atları əsirlikdən qurtulmuş ərazilərimizdə cövlan edəcək...

 

Z.FƏRƏCOVA,

Azərbaycan.-2023.- 7 yanvar.- S.7.