Muzeylərimiz "Şuşa ili"ni necə başa vurdu?
"Şuşa ili" Azərbaycan muzeyləri üçün maraqlı layihələr, çoxsaylı təqdimatlar, rəngarəng sərgilərlə yadda qaldı.
Ötən il Azərbaycan Milli Xalça Muzeyi üçün xüsusilə əlamətdar olub. 55 yaşını qeyd edən muzeydə yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilib. Yubiley ilində muzeyin kolleksiyası 30-dan çox eksponat, o cümlədən Qarabağın XVIII əsrə aid bədii tikməsi, XIX əsrə aid minalı sırğalar kimi nadir nümunələrlə zənginləşib.
"Şuşa ili" ilə bağlı Qalabəyov, Mehmandarov, Çəmənzəminli kimi məşhur şuşalı nəsillərin tarixdəki rolunu təbliğ etmək məqsədilə silsilə görüşlər təşkil olunub. Muzeyin Ənənəvi texnologiya şöbəsində isə Mehmandarovların Şuşadakı malikanəsinin (XIX əsr) tavanında çəkilmiş rəsm əsasında "Ləçək-turunc" kompozisiyalı xalça hazırlanıb.
Milli Azərbaycan Tarixi Muzeyində "Şuşa ili" ilə əlaqədar "Xarıbülbülün vətəni - Şuşa" adlı sərgi açılıb. Mədəniyyət paytaxtımızın tarixinin müxtəlif dövrlərini əks etdirən zəngin eksponatlar əsasında hazırlanmış sərgidə 300-dən artıq muzey materialı, informasiya paneli, fotoşəkillər, rəsm əsərləri nümayiş olunub.
"Şuşa ili"ndə
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr
Muzeyində əlamətdar mədəniyyət hadisələri,
yubileylərlə bağlı müxtəlif tədbirlər keçirilib. Muzeyin və Səbail rayon MKS-in Mərkəzi Kitabxanasının birgə
təşkilatçılığı ilə Hüseyn Cavidin 140 illik yubileyinə həsr edilən "Mənim
Tanrım gözəllikdir, sevgidir"
adlı "dəyirmi masa"da ədibin həyat və
yaradıcılığını əks etdirən fotosərgi
nümayiş olunub.
"Şuşa ili"nə həsr
olunmuş "Mədəniyyətimizin Şuşa salnaməsi" adlı elmi-praktik konfrans, muzeyin sosial şəbəkə
hesablarında yayımlanan "Cənnətim Qarabağ"
rubrikası yaddaqalan layihələrdən
olub.
Azərbaycan.-2023.- 7 yanvar.- S.7.