"Şuşa ili"nin təntənəsi
Ötən ili başdan-başa
Zəfər zirvəmizin bayram coşqusu ilə qeyd etdik
"...Mən
yeni ili "Şuşa ili" elan edirəm..."
Prezident
İlham Əliyev 2022-ci ili
"Şuşa ili" elan etməsinin müjdəsini Azərbaycan
xalqına Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə xalqa müraciəti
zamanı vermişdi. Qalib lider onu da bildirmişdi ki, bu il həm də təməli 1752-ci ildə Pənahəli
xan tərəfindən qoyulan Şuşa şəhərinin
270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək.
Dövlət
başçısının Şuşanın şanlı
tarixinin bayram kimi qeyd edilməsinə, eləcə də mədəniyyət
beşiyimizin bərpasının, dirçəlişinin
sürətləndirilməsinə töhfə verən
mühüm qərarları sayəsində ötən ili başdan-başa "Şuşa ili"nin
təmtərağında, Zəfər zirvəmizin bayram
ab-havasında qeyd etdik.
Uca sıldırımlar başında bina edilən əzəmətli
Vətən qibləmizlə qürurlandıq, tarixi şəhərimizin
ruhunun özünə qaytarılmasının fəxrini
yaşadıq.
Və bir
daha Azərbaycan xalqının, Azərbaycan Prezidenti İlham
Əliyevin qəlbindəki Şuşa
sevgisinə heyran olduq.
Tariximizin
Şuşa səhifəsi
Təsadüfi
deyildi ki, 2020-ci il sentyabrın 27-də
çıxdığımız Zəfər
yürüşünün qalibiyyət zirvəsinin
Şuşa olacağını Ali Baş Komandan hələ
müharibənin gedişatında "Şuşasız bizim
işimiz yarımçıq olar" deyərək igid
döyüşçülərimizə
çatdırmış, savaş parolunu vermişdi. Müzəffər
Ali Baş Komandanın qətiyyəti və sərkərdə
məharəti ilə cızdığı hərbi
strategiyanı izləyən igid əsgərlərimiz cəmi
44 gün ərzində Şuşaya doğru canları,
qanları ilə dağlarla, dərələrlə, meşələrlə,
sıldırımlarla qəhrəmanlıq
cığırını açmış, Zəfər
yürüşünü noyabrın 8-də
Şuşanın azadlığı ilə qürurla
sonlandırmışdılar.
Azərbaycan
tarixinin ən şanlı salnaməsinə çevrilən
Şuşa zəfərini Şəhidlər xiyabanından
xalqımıza müjdələyən və kövrələrək
bütün dünyaya "Əziz Şuşa, sən azadsan!, Əziz Şuşa, biz
qayıtmışıq!, Əziz Şuşa, biz səni
dirçəldəcəyik!" bəyan edən qalib lider
İlham Əliyev ötən qısa dövr ərzində
Şuşanın tarixi əzəmətinin bərpası, mədəni
inkişafı istiqamətində müstəsna işlərin
görülməsi ilə bağlı mühüm qərarlar
qəbul edib, göstərişlər verib.
Vətən
müharibəsi bitdikdən cəmi iki ay sonra - 2021-ci il yanvarın 14-də Zəfər
yolu ilə azadlığına qovuşan Şuşaya ilk
tarixi səfərini edən Müzəffər Ali Baş
Komandan İlham Əliyev bu səfəri zamanı illərdir
didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin,
Bülbülün güllələnmiş büstlərini də
öz doğma yerlərinə qovuşduraraq, həm də
Şuşanın milli ruhunun qayıdışına rəmzi
işarə vurmuşdu.
Qədim
şəhərin yeni dirçəlişi
Şuşanın hərtərəfli
inkişafının bünövrəsi hələ illər
öncə Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuşdu.
Ümummilli Liderin 1982-ci ildə Şuşaya 2 dəfə səfər
edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin
açılışında və orada keçirilən Vaqif
Poeziya Günlərində iştirak etməsi
xalqımızın, şuşalıların yaddaşında
hələ də ən xoş xatirələr kimi qalıb. Ulu Öndər həmin tarixi səfərləri
zamanı Şuşaya respublikanın görkəmli
ictimai-siyasi xadimləri, eləcə də ailəsi ilə bərabər
gəlmişdi. O zaman hələ çox gənc, cəmi
21 yaşı olan İlham Əliyev Ümummilli Liderin
Şuşanın dirçəldilməsi, azərbaycançılıq
məfkurəsinin inkişafı ilə bağlı həyata
keçirdiyi mühüm işlərin şahidi olmuşdu.
Buna görə də Ali Baş Komandan olaraq
Şuşanın işğaldan azad edilməsini İlham
Əliyev bir nömrəli vəzifəsi hesab etdiyi kimi,
azadlığından dərhal sonra tarixi şəhərimizin
dirçəldilməsini də qurucu lider olaraq
özünün prioriteti saymışdı.
Vətən
müharibəsindən dərhal sonra Qarabağ və Şərqi
Zəngəzurda geniş quruculuq və bərpa işlərinə
start verən Azərbaycan dövləti birbaşa ölkə
rəhbəri İlham Əliyevin şəxsi diqqəti və
nəzarəti altında işğaldan azad edilmiş torpaqlar
arasında ən genişmiqyaslı bərpa işlərini də
məhz Qarabağın mirvarisi Şuşada aparmağa
başlayıb.
İkiillik
qısa zaman müddətində 10 dəfədən çox
yolunu Şuşa şəhərindən
salan dövlət başçısı qala şəhərimizdə
böyük quruculuq işlərinə, genişmiqyaslı bərpa
işlərinə start verib, burada görülən işlərin
gedişatı ilə şəxsən tanış olub.
Prezident İlham Əliyevin Şuşaya hər tarixi səfəri
zamanı mədəniyyət paytaxtımızın necə
dirçəldiyini, simasının dəyişdiyini əyani
görürük.
"Şuşa
hər birimizi özünə çəkir"
Təkcə
2021-ci ildə düz yeddi dəfə Şuşaya səfər
edən Müzəffər Ali Baş Komandan İlham Əliyev
Cıdır düzündə bayram tonqalı alovlandıraraq
dostlara şadlıq, düşmənlərə
gözdağı mesajı verdi. Zəfərdən
sonra mədəniyyət paytaxtımızda ilk dəfə
keçirilən "Xarıbülbül" Musiqi
Festivalına, Vaqif Poeziya Günlərinə uğurlu start verən
qalib lider Şuşada milli ruhun dirçəlişinin xoş
xəbərini yetirdi.
Şuşanın
tarixindəki əlamətdar günlərdən biri də
2021-ci ildə, müstəqil Azərbaycan dövlətinin 15
İyun - Qurtuluş Günündə Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Azərbaycan - Türkiyə əlaqələrini
ən yüksək zirvəyə çatdıraraq, "Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsi"ni imzalamaları oldu.
Tarixi Azərbaycan
şəhərinin azadlığının ilk ad
günündə - 8 Noyabrda da Müzəffər Ali
Baş Komandan Şuşada idi. Həmin gün
dövlət başçısı İlham Əliyev hərbçilər
qarşısında çıxış edərək
söylədi ki, bu, Zəfər bayramıdır, bu, rəşadət
bayramıdır, bu, ədalət bayramıdır, bu, milli
qürur, milli ləyaqət bayramıdır.
2021-ci il dekabrın 24-də Prezident İlham Əliyev
60 illik yubileyini qalib sərkərdə kimi qürur zirvəmiz
Şuşada qeyd etdi.
Yubiley günündə dövlət
başçısı onu da qürurla qeyd etdi ki,
"Şuşa hər birimizi özünə çəkir. Düzdür,
mən burada - Şuşada müxtəlif tədbirlərin
açılışlarında iştirak etmişdim. O tədbirlər
ki Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə
məxsus olduğunu bir daha təsdiqləyir. Amma
eyni zamanda hər dəfə Şuşada hansısa tədbir
nəzərdə tutulduqda böyük həvəslə,
böyük sevgi ilə, məhəbbətlə Şuşaya
gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz
burada - Şuşada hər birimiz üçün əziz olan
Cıdır düzündə qeyd etməliyəm və bunu
edirəm".
Möhtəşəm
tədbirlərin ünvanı
Başdan-başa
"Şuşa ili"nin təntənəsində
keçirdiyimiz 2022-ci ildə də dövlət
başçısı İlham Əliyev öz dəyişməz
ənənəsinə sadiq qalaraq mədəniyyət
paytaxtımıza mütəmadi səfərlər gerçəkləşdirdi,
Şuşada görülən işlərlə yerində
tanış oldu, mühüm tədbirlərdə iştirak
etdi.
Ötən
il aprelin 21-də İlham Əliyev
Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun və bu yolun üzərindəki tunellərin
inşası ilə tanış oldu. Sözügedən
avtomobil yolunun tikintisinin 2024-cü ildə başa
çatdırılması planlaşdırılır.
Həmin
gün Şuşa şəhərinə gələn
Prezident İlham Əliyev əvvəlcə burada
tullantıların idarə olunması poliqonunda gedən
işlərlə, sonra isə şəhərdə inzibati
binanın əsaslı təmiri və konfrans zalının
tikintisi ilə tanış oldu.
Növbəti gün qalib lider İlham Əliyev
xalqımızı Şuşada keçirilən Dünya Azərbaycanlılarının
V Qurultayı - Zəfər qurultayından salamladı. Azərbaycanın
zəfəri ilə bitən Vətən müharibəsində
bir amal ətrafında tarixin heç bir dönəmində
olmadığı kimi birləşərək həmrəy
olan dünya azərbaycanlılarının bu
qurultayının da məhz Şuşada keçirilməsinin
rəmzi mənası var idi.
Tarixi
qurultayda çıxış edən Prezident İlham
Əliyev söylədi ki, biz bu gün azad Qarabağda, azad
Şuşada Dünya Azərbaycanlılarının
qurultayını keçiririk: "Bu qurultayın adı Zəfər
qurultayıdır və bu, təbiidir. Çünki
tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları
toplaşır, qurultay keçirir və ümumiyyətlə,
Zəfər adı xalqımıza çox yaraşır.
Siz buraya Zəfər yolu ilə gəlmisiniz,
qurultayın adı Zəfər qurultayıdır".
270 illik əzəmətli tarixə malik qala şəhərimiz
getdikcə təkcə Azərbaycanın deyil, Qafqazın mədəni
və diplomatik mərkəzinə çevrilir. Azadlığının
üzərindən çox qısa müddət ötməsinə
baxmayaraq, qədim şəhərimiz beynəlxalq tədbirlərə,
festival, forum və konfranslara müvəffəqiyyətlə
evsahibliyi edir.
Mədəniyyətimizin paytaxtında gerçəkləşən
belə mühüm tədbirlərdən biri də martın
18-də Azərbaycan-BMT tərəfdaşlığının
30 illiyinə həsr olunmuş toplantı idi. Azərbaycan
parlamentinin komitə iclaslarının da Şuşada
keçirilməsi 44 günlük Vətən müharibəsində
əldə etdiyimiz tarixi zəfərin möhtəşəm
nəticələrindəndir.
Bakıda keçirilən İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının (İƏT PA)
Üçüncü Ümumi Konfransında iştirak edən
dövlətlərin parlament nümayəndə heyətləri
də dəyişilməz ənənəyə sadiq qalaraq
mayın 18-də yollarını Azərbaycanın mədəniyyət
paytaxtından saldılar.
Ötən ilin iyun ayında Bakıda keçirilən
növbəti "Formula-1" Azərbaycan Qran-prisi kubokunun qədim
şəhərimiz Şuşanın 270-ci ildönümünə
həsr olunması da buna daha bir möhtəşəm
nümunə oldu. Zəngin irsimizin elementlərini
özündə birləşdirən yarışın rəsmi
mükafatı Azərbaycanın əzəli torpaqlarına -
Şuşaya qovuşması və "Şuşa ili"
münasibətilə şəhərin ən qədim abidələrindən
sayılan Yuxarı Gövhər ağa məscidinin minarələrinin
elementlərini əks etdirdi.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin
Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin
üzvlərinin iyulun 2-də Şuşaya səfər etmələri
Zəfər qalamızın qlobal əməkdaşlıq
platformasına çevrilməsinin daha bir təntənəli
nümayişi idi.
Ulu
Öndərin xatirəsinə ehtiram
Mədəniyyət paytaxtımızda Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə
Heydər Əliyev Fondu tarixi, dini irsimizin, memarlıq abidələrinin
bərpası istiqamətində mühüm işlər
gerçəkləşdirir.
Ötən
il mayın 10-da Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Şuşada səfərdə
olarkən şəhərdə aparılan quruculuq-bərpa
işləri ilə yerində tanış oldular. Dövlət
başçısı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Şuşadakı inzibati binada, Şirin su
hamamında, məşhur tarzən, bəstəkar və Azərbaycan
tarını təkmilləşdirən sənətkar
Sadıqcanın vaxtilə yaşadığı evdə,
Mehmandarovların malikanə kompleksində fond tərəfindən
aparılan bərpa işləri ilə də tanış
oldular.
Dövlət
başçısı və xanımı sözügedən
tarixdə Şuşaya səfər çərçivəsində
"Shusha Boutique Hotel"in yerləşəcəyi ərazidə
də oldular, burada aparılan təmir-bərpa işləri
haqqında məlumat aldılar.
Onu da
bildirək ki, 2021-ci ilin mayında Şuşada
"Xarıbülbül" hotelinin, həmin hotelin nəzdindəki
48 mənzilli korpus və kotteclərin, avqustda isə
"Qarabağ" hotelinin yenidənqurmadan sonra
açılışı olub.
Mayın
10-da Prezident İlham Əliyev Şuşa
Realnı Məktəbində həyata keçiriləcək
təmir-bərpa işləri ilə tanış oldu, eləcə
də "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal
İdarəetmə Mərkəzinin
açılışında iştirak etdi.
Prezident İlham Əliyevin məhz mayın 10-da, vaxtilə
Şuşanın dirçəlişinin təməlini qoyan
Ulu Öndər Heydər Əliyevin doğum günündə
Qarabağımızın baş tacına səfər etməsi
həm də Ümummilli Liderin əziz xatirəsinə dərin
ehtiramın təcəssümü idi.
Həmin gün dövlət başçısı xalqa
müraciətində söylədi ki, "Bu gün mayın
10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin
xatirəsinə öz ehtiramımı və Azərbaycan
xalqının ehtiramını buradan ifadə etməli, bir
daha deməli idim ki, biz bu torpaqlara, doğma
torpaqlarımıza əbədi qayıtmışıq və
burada əbədi yaşayacağıq.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
2021-ci ildə
Prezident İlham Əliyevin sərəncamına əsasən,
Şuşa mədəniyyət paytaxtımız elan edilərkən
şəhərin ənənəvi dolğun mədəni həyatına
qovuşması da başlıca məqsədlər kimi müəyyənləşdirilmişdi.
Bu tarixi qərardan dərhal sonra mədəniyyət
paytaxtımızda ənənəvi mədəni həyat
öz məcrasına düşdü. 12-14 may tarixlərində
keçirilən beynəlxalq statuslu
"Xarıbülbül" festivalı da zəfərdən
sonra ikinci dəfə dünyaya səs saldı. Müxtəlif ölkələrdən gələn
folklor kollektivləri festivalda möhtəşəm
çıxışlar etdilər, Qarabağın mirvarisində
mədəniyyət bayramı yaşandı.
Şuşa
şəhərinin 270 illiyi ilə əlaqədar Prezident
İlham Əliyevin sərəncamı ilə elan edilən
"Şuşa ili"ndə keçirilən möhtəşəm
V "Xarıbülbül" Beynəlxalq Folklor
Festivalının açılışında dövlət
başçısı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva da iştirak etdilər.
Müqəddəs torpaq
Zəfərimizin qürurlu ikinci ildönümündə, Şuşanın azadlıq günündə də Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın uca qalasında, Zəfər zirvəsində idi.
Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə birgə Şuşaya yollanan qalib lider İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən zaman bildirdi ki, "...Müharibə dövründə çoxsaylı müsahibələrdə mən müharibənin gedişatı ilə bağlı bəzi məqamları açıqlayırdım. Təbii ki, hər şeyi deyə bilmirdim. Xüsusilə gələcək planlar haqqında bir çox şeyləri deyə bilmirdim. Verilən suala cavab olaraq cəmi bir dəfə demişdim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq".
Həmin çıxışında dövlət başçısı bir daha Şuşanın Azərbaycan xalqının, şəxsən onun - Şuşanın xilaskarının qəlbində hansı zirvədə olduğunu da dilə gətirdi: "Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir".
Bəli, ölkənin ən ali şəxsinin ürəyində müstəsna yeri olan Şuşa birbaşa dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti və nəzarəti altında gündən-günə dirçəlir, tarixi əzəmətini, milli ruhunu, şöhrətini özünə qaytarır.
Ötən illərdə olduğu kimi, bu il də Şuşada bayram ab-havası davam edəcək. Qarabağımızın baş tacı, Zəfər simvolumuz Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı kimi tarixi missiyanı da qürurla yerinə yetirəcək.
Bir sözlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfər sayəsində hər günümüzü Şuşa qələbəsinin fəxarəti, Şuşa qürurunun təntənəsi ilə keçiririk və bu, əbədiyyətədək belə olacaq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.- 8 yanvar.- S.1;4.