Ermənilər 2023-cü ildən
də yaxşı nəsə gözləmirlər
Ermənistanda siyasi gərginlik
getdikcə daha da artır
Ermənistan iqtisadiyyatında və
sosial həyatında yaranan ağır vəziyyət davam
edir. Erməni ekspertlər özləri də etiraf edirlər ki, bu gedişlə
ölkə daha böyük fəlakətlərlə üzləşməli
olacaq. Yaşanan iqtisadi böhran
şəraitində gündəlik
istehlak, xüsusən
də ərzaq məhsullarının qiymətində
baş verən artım mövcud ağır durumu daha da pisləşdirir.
İqtisadçı Manvel Aramyan deyib
ki, ölkə iqtisadiyyatının xilasına
ümid var, lakin bunun üçün
hökumət populist addımlardan
əl çəkməli,
kəmərləri sıxmalıdır.
Ekspert
2022-ci ilin iqtisadi göstəricilərini və
2023-ci il üçün proqnozlarını
təhlil edərkən
bildirib ki, cari ildə Ermənistan həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək:
"Təəssüf ki,
2023-cü ildə makroiqtisadi
canlanma natamam olacaq. 2021-ci ildəki 7,4 faiz iqtisadi
geriləmədən sonra
bizdə iqtisadi artım xeyli aşağıdır. Ən azı
7 faizə yaxınlaşa
biləcəyimizlə bağlı
proqnozlar fantaziya janrındandır".
M.Aramyan
deyib ki, Ermənistan hökuməti
xalqın rəğbətini
qazanmaq üçün
populist addımlar ataraq
ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırıb:
"Söhbət 2023-ci il
yanvarın 1-dən artan
pensiya və müavinətlərdən gedir.
Mən burada ciddi risklər
görürəm. Bu öhdəliyi götürəndə
ixtisar, demək olar ki, mümkün
deyil. Siz sadəcə olaraq,
babalarınıza, nənələrinizə
deyə bilməzsiniz ki, mən yanılmışam,
iqtisadi vəziyyətin
pensiyalarınızı artırmağa
imkan vermədiyini qabaqcadan görməmişəm.
Mən çox yaxşı başa düşürəm
ki, bu, inflyasiyanın
fonunda xalqa qarşı edilir. Yalnız bu gün ölkədə
ərzaq məhsullarının
bahalaşması 20 faizi
ötüb və bu, istər-istəməz sosial partlayışa gətirib çıxaracaq.
İqtisadiyyatın sütunlarını qurmadan sosial məsələlərin həllinə
getmək qətiyyən
yanlışdır, çünki
bu il məsələni
həll edəcəksiniz,
gələn il isə əhaliyə daha böyük problem yaradacaqsınız".
Manvel Aramyan Ermənistan
iqtisadiyyatının hazırkı
vəziyyətini təcili
yardıma ehtiyacı olan xəstə ilə müqayisə edib. Qeyd edib ki, sağalmaq üçün hələ
də ümid var. Amma bunun üçün
xərcləmələrdən əl çəkməli,
kəmərini sıxmağı
bacarmalı və ilk növbədə bunu özündən başlamalıdır: "Hökumət
özünü necə
doğrultsa da, iqtisadi aktivliyin 5 faizlik göstəricisi olduğunu bəyan etsə də, mən iki amili
səsləndirəcəyəm. Xahiş edirəm unutmayın ki, siz artımdan
qat-qat dərin tənəzzül keçirmisiniz,
ikincisi, struktura baxın, iqtisadiyyatınız
necə inkişaf edir? Biz əsasən
ekzogen hadisələr
hesabına ayaqüstə
dururuq. Bu, transfertlərin axını
və misin dünya bazarındakı qiymətlərində yüksək
artımın baş verməsi hesabına olur. Bunlar iqtisadi aktivliyin
az-çox yüksək
göstəricilərinə səbəb olan iki amildir".
Bütün bunların fonunda İrəvanda baş nazir Nikol Paşinyanın hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını tənqid, hətta təhdid etməyi gündəm mövzusu olaraq qalmaqdadır. Belə ki, Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığını əsas gətirərək Qarabağa digər beynəlxalq təşkilatların, BMT-nin sülhməramlılarının gətirilməsini təklif edib. Paşinyan bu təkliflərini müxtəlif bəhanələr gətirərək əsaslandırmağa çalışsa da, reallıq odur ki, Ermənistan rəhbərliyi Rusiya sülhməramlılarını əvəzləməyə və regiona əlavə qüvvələr gətirməyə çalışır.
Bu açıqlamalar ilə Paşinyan bir növ sülhməramlıları və dolayı yolla Rusiyanı təhdid edir. Yəni onların sülhməramlılardan gözləntisi birmənalı olaraq erməni maraqlarına xidmət etməsidir. Sülhməramlıların indiki fəaliyyəti Paşinyanı narazı saldığından indi o, Rusiya ilə təhdid formasında danışır.
Bu arada Ermənistanda hərbi hissələrdən birinin keçmiş komandiri Arsen Abqaryanın işi üzrə keçirilən məhkəmə iclasında Andranik Makaryan, Sarkis Kulakçyan, Ellada Harutyunyan ilə bağlı ittiham aktı açıqlanıb. Müharibə zamanı itkin düşən əsgər analarından biri deyib ki, baş qərargah rəisinin keçmiş müavini Andranik Makaryan özünə ittihamları qəbul etmir. "Deyir ki, əmrə əməl ediblər. Onda desin ki, kimin əmrini yerinə yetirirdilər? Onlar bilirdilər ki, həmin ərazi artıq Azərbaycanın nəzarətindədir, amma buna baxmayaraq, oğlanları ora göndərdilər, buna görə də hamısı cəzalandırılmalıdırlar. Onlar əsgər valideynlərindən qaçırlar, çünki bizə nə deyəcəklərini bilmirlər".
İttihama görə, xüsusi döyüş tapşırığına cavabdeh olan general Makaryan Arsen Abqaryanın dəstəsinin mühasirəyə alındığını öyrəndikdən sonra köməyə tələsməyib, geri çəkilmək əmri verib və Qafana qayıdıb. Nəticədə "kimyaçıların hərbi hissəsi" adlanan Abqaryanın dəstəsinin 40 hərbçisindən 5-i əsir götürülüb, 12-si həlak olub, qalan 23 hərbçi və avtobus sürücüsü itkin düşüb. General Andranik Makaryan heç nə etməməkdə ittiham olunur və onu 7 ildən 13 ilə qədər həbs gözləyir.
Bütün
bunlar göstərir ki, 2023-cü ildə ölkənin daha dərin
böhran yaşaması, ağır problemlər içində çabalaması, insanların
narazılığının pik həddə çatması
qaçılmazdır.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.- 8 yanvar.- S.8.