İstəyirlərsə
aksiyanı dayandıraq, tələblərimizi yerinə
yetirsinlər
Ermənilərin apardıqları təcavüzkar siyasət, bir milyondan çox soydaşımızın öz dədə-baba torpaqlarından didərgin salınması, Xocalıda, Kəlbəcərdə və digər işğal olunmuş rayonlarda azərbaycanlıların başına gətirilən qanlı, insanlığa sığmayan faciələr xalqımızın qan yaddaşına yazılıb.
Hər gün ailələlərində, oxuduqları məktəblərdə vərəqlənən qanlı günlərin tarixləri, xalqımıza qarşı törədilmiş vəhşiliklər gənclərin vətənpərvərlik hissi ilə yanaşı, qisas hissini körüklədi, torpağa, vətənə bağlılıq hisslərini daha da artırdı. Bir gün də olsun Qarabağı görməyən gənclərimiz özləri ilə birlikdə Qarabağ dərdini də böyütdülər. Ermənilərin növbəti azğınlıqları, 27 sentyabr 2020-ci ildə torpaqlarımıza növbəti təcavüzü xalqın səbr kasasını daşdırdı. Xalq bir yumruğa dönüb qəzəb püskürdü. Gənclərimiz müharibə xəbərini alıb hərbi səfərbərlik idarələrinin qarşısına axışdılar. Vətən uğrunda döyüşə getmək üçün böyük növbələr yarandı. Hətta bir ailədən iki, üç qardaş düşmənə dərs vermək üçün döyüşə yollandı. Analar oğullarının arxasınca göz yaşı yox, su səpdilər. Oğulları Azərbaycan bayrağına bükülüb gələn analar isə Qarabağda qazanılan Zəfəri eşidib Tanrıya şükür etdilər. İtirdikləri oğullarının təsəllisini işğaldan azad olunmuş Vətən torpaqlarında tapdılar. Təki Vətən sağ olsun dedilər. Xalqımız bayraqlaşan, vətənləşən, müqəddəsləşən şəhid övladları ilə qürur duydu.
Bu gün vətəni qorumaq, onun şərəfini uca tutmaq estafetini qəbul etmiş Azərbaycan gəncləri, vətənpərvərlər yenə də ayaqdadırlar. Şəhid qanı ilə suvarılmış, son anda gözlərini əbədi yumarkən torpağı qucaqlayıb, "Vətən sağ olsun deyən" igidlərimizin əmanətlərini qoruyur, haqq işi uğrunda əzmlə, mətanətlə mübarizə aparırlar. Çünki bilirlər ki, ermənilər revanşist yolu tutub yenə silahlanmağa çalışırlar. Yurdumuzda talançılıq edib, faydalı qazıntılarla zəngin olan torpaqlarımızda, "Dəmirli" və "Qızılbulaq" yataqlarında qeyri-qanuni qazıntılar aparıb sərvətimizi talayır, bəd niyyətlərini həyata keçirmək istəyirlər. Amma yanılırlar. Görünür, 44 günlük müharibədəki ağır məğlubiyyət düşmənin yaddaşında da ciddi problem yaradıb. Unudurlar ki, vətən sevgisi estafetini indi bu torpaqları 30 illik işğaldan azad etmək üçün ölümün üstünə yeriyən, canlarını o torpaqlarda fəda etmiş qəhrəmanların ardıcılları, mübariz Azərbaycan gəncliyi qəbul edib.
Belə gənclərimizlə telefon əlaqəsi zamanı onlardan biri - Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Səlimə Salmanlı dedi ki, çıxdığımız bu yolda öldü var, döndü yoxdur. Biz haqq işimiz uğrunda buradayıq. Biz 30 il torpaqlarımızı talan edən, yurdumuzu xarabazara çevirən, Qarabağı ölü zonaya çevirən insan cildinə girmiş quduzlarla, talançılarla mübarizə aparırıq. Havaların soyuq, qarlı, şaxtalı keçməsinə baxmayaraq, davam edən dinc aksiyamıza hər gün yeni könüllülər qoşulur və əhatəmiz daha da böyüyür. Biz Azərbaycanın təbii sərvətlərini qorumalıyıq. Heç bir qüvvə bizi buradan uzaqlaşdıra bilməz. Gənclərimiz əsl əzmkarlıq göstərirlər. Bu torpaqlar bizə şəhidlərimizin əmanətidir. Əgər biz ermənilərin yurdumuzda talançılıq etməsinə biganə yanaşsaq, şəhidlərimizin ruhuna xəyanət etmiş olarıq. Nəinki gündüzlər, hətta gecələr də "Ekoloji cinayətə son!" və müxtəlif şüarlar səsləndiririk. Azərbaycan könüllülərinin tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Söhbətimizi Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Aydan Abbasova ilə davam etdiririk:
- Bu gün dinc aksiyamızın 27-ci günüdür. Hava şəraitinin soyuq olmasına baxmayaraq, əhvali-ruhiyyəmiz yaxşıdır. Məqsədimiz ekoloji tarazlığı qorumaq, təbii sərvətlərimizin qanunsuz talanmasının qarşısını almaqdır. Biz yolu bağlamamışıq. İstəyimiz odur ki, monitorinq qrupu qanunsuz istismar edilən yataqlara daxil olsun. Nəyə görə sərvətlərimiz qanunsuz talan edilib Ermənistana daşınmalıdır. Ermənilər bu torpaqlarda qalıb bizimlə birgə yaşamaq istəyirlərsə, qanunlarımıza əməl etməlidirlər. Nəcibliyimizdən, humanistliyimizdən sui-istifadə etməməlidirlər. Onlara humanitar məqsədlər üçün verilmiş bu yoldan təcavüzkar niyyətlərini həyata keçirmək üçün istifadə etməməlidirlər. Yenidən qan tökmək üçün bu yolla silah daşımağa çalışırlar. 30 ildə işğal etdikləri ərazilərdə daş üstə daş qoymayıblar. Bir dənə də olsun salamat bina saxlamayıblar. Nəinki evləri, tikililəri, hətta qəbiristanlıqları da dağıdıblar. Bu vəhşilikləri edən, əsirləri diri-diri torpağa basdıran, ana bətnindəki körpəni çıxarıb payaya keçirən bu vəhşilər etdiklərindən utanmaqdansa "humanitar böhrandan" danışırlar. Onlara deyirik: siz simanızı Xocalıda köməksiz insanları qətlə yetirərkən itirmisiniz. Özünüzü dünyaya yazıq görkəmində göstərməyə cəhd etməyin. Dünya sizin üzünüzü Xocalıdan tanıyır.
Söhbətə qoşulan Azərbaycan Könüllü Təşkilatları İttifaqının digər üzvü Nərgiz Əlimirzə dedi:
- Burada
olmağımızın, aksiyamızın tək məqsədi
torpaqlarımızda təbii sərvətlərimizin qanunsuz istismarının
qarşısının alınmasıdır. Biz
artıq 27 gündür ki,
dinc aksiyamızı gecə və gündüz müxtəlif şüarlar
səsləndirməklə davam etdiririk. Tələbimiz yerinə yetirilənədək
belə olacaq. Onu da qeyd edim
ki, bir gün,
bir saat da olsun humanitar
məqsəd üçün istifadə
edənlərə yolu
bağlamamışıq. Hər gün buradan humanitar məqsədlər
üçün onlarca
maşın müxtəlif istiqamətdə hərəkət
edir. Ermənilər yalan
təbliğat aparırlar ki,
"blokadadırlar". Buradan Xankəndi
ovuc içi kimi görünür.
Blokadadırlarsa, yanacaqdoldurma məntəqələri
necə işləyir? Növbə belə gözləmirlər.
Bəlkə Xankəndidə yerdən neft
çıxır? Hər işləri qaydasınca gedir. Bunlar özlərini
yazıq göstərməyə vərdiş ediblər.
İşləməyib dilənmək onların adətidir. Orada yaşayan ermənilər bizim
aksiyamızdan istifadə edib erməni
lobbisindən "blokadada
qalmışıq" deyib pul alırlar. Ermənistan iqtisadiyyatı deyilən
bir şey yoxdur. Ermənilər bütün
dövrlərdə erməni lobbisinin ianəsi
hesabına dolanıblar. İndi də yenə
dünyaya car çəkib
"humanitar böhran"
adı ilə pul yığırlar. Budur, onların sifəti. Biz
tələblərimizdə qətiyik. Bizi
buradan nə erməni hiyləsi çəkindirə,
nə də soyuq qorxuda
bilər. İstəyirlərsə aksiyanı dayandıraq, tələblərimizi
yerinə yetirsinlər.
Azərbaycan.-2023.- 8 yanvar.- S.5.