ARDNF 24 yaşına qədəm qoydu

 

Ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib

 

 

1999-cu il  dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Bir il sonra isə fondun əsasnaməsi təsdiq olundu.

ARDNF neftqazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. Ötən 23 il ərzində o, institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

ARDNF ölkənin sosial-iqtisadi həyatında misilsiz əhəmiyyət daşıyır. Bu, real həyatda olduğu kimi, fakt və rəqəmlərdə də özünü aydın göstərir. Belə ki, 2022-ci il il oktyabrın 1-nə qədər Neft Fondunun ümumilikdə 130 milyard 32,3 milyon manat məbləğində vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi istiqamətində mühüm məsələlərin həllinə və strateji əhəmiyyətli infrastruktur  layihələrinin maliyyələşdirilməsinə yönəldilib, eləcə   dövlət büdcəsinə transfer edilib.  Ötən müddətdə ARDNF-nin qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 702,7 milyon manat məbləğində vəsaiti istifadə olunub. Fond indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat sərf edib.

2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi eyni zamanda su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir. Fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur.

Bu vaxtadək Neft Fondu Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 748,6 milyon manat ayırıb. Fond tərəfindən 22,4 milyon manat məbləğində vəsait isə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Fond indiyədək eləcə də "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə 1 milyard 530,3 milyon manat ayırıb.  SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa etdiyi "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 1 milyard 663,3 milyon manat yönəldib.

Bu siyahını xeyli uzatmaq da olar və göstərilən tədbirlərin hərəsi ayrı-ayrılıqda bir həqiqəti aydın şəkildə sübut edir - Azərbaycan dövləti neft kapitalını insan kapitalına çevirə bilib!

 

Azərbaycan.-2023.- 8 yanvar.- S.6.