Azərbaycanın pravoslav xristianları Milad
bayramını qeyd edirlər
Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.
AZƏRTAC
xəbər verir ki, bu bayram yanvarın 6-dan, Müqəddəs
axşamdan başlayır. Həmin gün pravoslavlar
üçün 40 günlük pəhrizin sonuncu günü
və Milad bayramına hazırlıq dövrüdür.
Günəş batandan sonra bütün ailə masa
arxasında toplaşır. İsa peyğəmbərin həvarilərinin
sayına uyğun olaraq süfrəyə 12 pəhriz yeməyi
qoyulur və bu yeməklərin hər birindən mütləq
dadmaq lazımdır. Masada canlı alov - şam yanır.
Müqəddəs axşamın ən əsas yeməyi
kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma
üyüdülməmiş başqa yarmadan da istifadə etmək
olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.
Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə
olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa
çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri
aradan qaldırılır və əsl bayram ziyafəti təşkil
edilir.
Bununla
əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın
bütün pravoslav kilsələrində təntənəli
ibadətlər yerinə yetirilir.
Bakı
Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) Milad ibadətindən
əvvəl jurnalistlərə müsahibəsində deyib: “Bu
gecə bütün pravoslav xristianlar, şərq
xristianları İsa peyğəmbərin mövludunu bayram
edirlər. Bu, xristianların səbirsizliklə gözlədikləri
ən sevimli və uğurlu bayramlarından biridir. Bu
günün nə demək olduğunu biz İncildə
oxuyuruq. Lakin bu bayramın mahiyyətini anlamaqdan ötrü mələklərdən
eşitdiyimiz sözlərə müraciət etmək
lazımdır. Onların Milad gecəsi çobanlara tərənnüm
etdikləri mahnıda bu sözlər yer alır: Göylərin
Rəbbi olan Allaha həmd olsun, Yer üzündə sülh və
insanlara mərhəmət olsun.
Milad bayramı
həmişə sülhlə
assosiasiya edilib. Lakin tarixə, İsa peyğəmbərin doğulduğu
dövrə, bu günə baxsaq görürük ki, Yer üzündə sülh həmişə az olub və az olaraq
qalmaqdadır. Sülhə müharibələr,
əhval-ruhiyyə şərik
çıxır. Biz istər-istəməz sual
veririk: Bəs bu bayram nə
gətirib, mahnı nə idi, mələklər
sülhün əvəzində
nə veriblər? Bu suala cavabı
bizim ənənəmiz
verir. Deyilir ki, sülhü
insan hər şeydən əvvəl özündə, öz qəlbində axtarmalıdır.
Bu sülhü insan öz yaxınlarına,
əhatəsində olan
hər kəsə arzulamalıdır. Əgər sülh
eqoistlik üzərində
qurulubsa, Yer üzündə sülh mümkün deyil. Buna görə də
bugünkü bayramda mən hər kəsə təkcə özü üçün
deyil, başqa insanlar üçün də sülh, ədalət axtarmağı
arzu edirəm. Əziz
həmvətənlər, bayramınız mübarək”.
Azərbaycan.-2023.- 8 yanvar.- S.7.