“Qədim alimlər türk
xalqları haqqında” kitabı ABŞ-da
nəşr olunub
Türkologiya sahəsində zəngin akademik təcrübəsi olan, ABŞ-ın Berneli Universitetinin keçmiş qonaq professoru, bir sıra kitabların müəllifi, dünyanın nüfuzlu universitetlərində, o cümlədən Stenford və Kaliforniya universitetlərində mühazirələr oxumuş, məruzə və çıxışlar etmiş tanınmış türkoloq A.Sanduçinin “Qədim alimlər türk xalqları haqqında” kitabı ABŞ-da “World Scholarly Press” tərəfindən iki cilddə nəşr olunub.
Bu barədə AZƏRTAC-a “Türkologiya” jurnalının məsul katibi Aysel Qəribli məlumat verib. Monoqrafiya “Ön söz”, səkkiz fəsil və biblioqrafiyadan ibarətdir. “Ön söz”də “türk” etnonimi, eləcə də ən qədim dövrlərdən başlayaraq türklərin daşımış olduğu müxtəlif adlar barədə yığcam məlumat verilir. Əsərdə latın əsaslı müasir türk əlifbası beynəlxalq ingilis əlifbası ilə müqayisədə təqdim edilir. Bu da əsərdə sıx-sıx verilmiş türk sözlərinin oxucuya, xüsusilə müxtəlifdilli mütəxəssislərə mümkün qədər düzgün fonetik tərkibdə çatdırılması məqsədi daşıyır.
Çoxsaylı, çoxdilli və son dərəcə zəngin mənbələrə əsaslanmış tədqiqatçı mükəmməl elmi-metodoloji quruluşu ilə seçilən monoqrafiyasında türklər (və türkologiya) üçün artıq müəyyənləşmiş, mübahisə doğurmayan məsələlərdən bəhs etməklə yanaşı, olduqca mübahisəli, polemik problemlərə geniş yer verir.
Birinci fəsildə türklərin Bibliyaya görə tarixşünaslığı araşdırılır. İkinci fəsildə bu qədim etnosun tanrıları, ana yurdları və ilkin tayfa diferensiasiyası barədə təsəvvür yaradılır, üçüncü fəsil isə türk tayfalarının qədim əlaqələrinə, etnik inteqrasiya məsələlərinə həsr olunub.
Türk və İran tarixşünaslığında tamamilə əks mövqelərdən yanaşılmış Midiya məsələsini A.Sanduçi məhz bir türkoloq olaraq həll edərək əsərin dördüncü fəslində göstərir ki, midiyalılar türk mənşəli olublar. Müəllif eyni fikri sonrakı, beşinci fəsildə skiflər, saklar, parfiyalılar, baktriyalılar, hunlar, sarmatlar və başqa xalqlar haqqında da deyir və bu zaman, təbii ki, qədim müəlliflərin mötəbər mülahizələrinə istinad edir.
“Qədim alimlər türk xalqları haqqında” kitabının altıncı fəsli qədim türklərin əlifba və yazı mədəniyyətindən bəhs edir. Yeddinci fəsildə isə doğrudan da, türk tarixinin unikal hadisəsi olub əsərdə də ətraflı təhlil edildiyi kimi, ictimai-siyasi (dövlətçilik), dini-ideoloji (mənəvi), iqtisadi-təsərrüfat və s. sahələrə nüfuz etmiş türk damğalarından söhbət açılır. Nəhayət, səkkizinci fəsildə qədim Amerika türklərindən bəhs olunur ki, bu mövzu son dövrlərdə türkologiyada xüsusi aktuallıq qazanıb.
A.Sanduçinin zəngin linqvistik, arxeoloji, etnoqrafik və s. materialların yer aldığı “Qədim alimlər türk xalqları haqqında” əsəri, heç şübhəsiz, türk xalqları tarixi ilə maraqlanan hər kəs üçün dəyərli töhfədir.
Azərbaycan.- 2023.- 12 yanvar.- S.12.