Milli Məclis Aparatının bir qrup əməkdaşı Türkiyə Böyük Millət Məclisində təcrübə
mübadiləsində iştirak edir
Milli Məclis Aparatının bir qrup əməkdaşı Türkiyədə səfərdədir. Onlar Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək təcrübə mübadiləsində iştirak edirlər. Qrupa parlamentin Aparat rəhbərinin müavini Yaşar Əməşov başçılıq edir.
Səfər zamanı TBMM-nin Qanun və Qərarlar, Tədqiqat Xidmətləri, Millət Vəkili Xidmətləri, İnformasiya Texnologiyaları, Kitabxana və Arxiv Xidmətləri, Stenoqram Xidməti üzrə şöbələrinin fəaliyyəti ilə bağlı təqdimatlar təşkil olunacaq.
Milli Məclisin əməkdaşları bu tədbirlərdə Türkiyə parlamentində qanunvericilik prosesi, sənəd dövriyyəsi və vətəndaş müraciətləri, elektron sənəd dövriyyəsi sistemi, insan resursları sistemi, deputat ofisləri ilə parlament arasında əlaqə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, informasiya resursları və texnologiyaları, səsvermə və iclasın idarə edilməsi, kiber təhlükəsizlik və digər məsələlərlə bağlı işlərin təşkili sahəsində Türkiyə təcrübəsini öyrənəcəklər.
Əməkdaşlarımız, həmçinin Türkiyənin Milli Kitabxanasını, Dövlət Arxiv İdarəsini, Prezident Administrasiyasının Rəqəmsal Transformasiya İdarəsini ziyarət edəcək, bu qurumların fəaliyyəti ilə yaxından tanış olacaqlar.
Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşü nəzərdə tutulub.
Azərbaycan.- 2023.- 13 yanvar.- S.3.