Əmək kitabçasında müvafiq qeydiyyat
aparılan əsas iş yeri
üzrə elmi müəssisə və təşkilatlarda
və ya təhsil müəssisələrində
azı 25 il çalışmış, elmi dərəcəsi olan,
işləməyən, əmək pensiyası hüququ olan şəxslərə
verilən Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün məbləğinin
artırılması və "Əmək
kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş
yeri üzrə elmi
müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində
azı 25 il çalışmış, elmi dərəcəsi olan,
işləməyən, əmək pensiyası hüququ olan şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. 2023-cü il yanvarın 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən edilsin.
2. "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12, maddə 1491; 2021, № 12, maddə 1359) 1-ci hissəsində "300" rəqəmləri "500 (beş yüz)" sözləri ilə, "200" rəqəmləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar
2023-cü il
Azərbaycan.- 2023.- 14 yanvar.- S.2.