Ümumi səbəblərdən
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi
müəyyən edilmiş şəxslərə
verilən Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün məbləğinin
artırılması və "Ümumi səbəblərdən
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi
müəyyən edilmiş şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilsin.
2. "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494; 2021, № 8, maddə 923) 1-ci hissəsində "210" rəqəmləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar
2023-cü il
Azərbaycan.- 2023.- 14 yanvar.- S.3.