Sülh müqaviləsi qaçılmazdır
İlham Əliyev Ermənistana və onun
havadarlarına bir daha
hərbi-siyasi diplomatik
danışıqların ən doğru yolunu göstərdi
İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ildən artıq vaxt ötsə də, qalib Azərbaycanla məğlub Ermənistan arasında hələ də sülh sazişinin imzalanmaması yeganə narahatedici məqamdır. 44 günlük savaşda Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistan indi köhnə xislətini nümayiş etdirərək müqavilə bağlamaq üçün hətta bəzi şərtlər irəli sürür. Ancaq qalib ölkə kimi Azərbaycanın qətiyyətli mövqeyi dəyişməzdir. Sülh müqaviləsi yalnız Azərbaycan Prezidentinin irəli sürdüyü 5 prinsipə uyğun hazırlanmalı və imzalanmalıdır.
Yerli televiziya kanallarına verdiyi müsahibədə bir daha tərəflər arasında gedən sülh danışıqlarına toxunan Prezident İlham Əliyev həm Ermənistana, həm də onun havadarlarına hərbi-diplomatik dərs keçdi və bəyan etdi ki, hansısa qüvvə, hansısa güc Azərbaycanla təhdid dilində danışa bilməz. İlham Əliyev eyni zamanda ümidvar olduğunu bildirdi ki, 2023-cü ildə bu məsələlərə tamamilə son qoymaq mümkündür. Azərbaycan üçüncü müharibənin baş verməsini istəmir. Ona görə də Ermənistan rəhbərliyi yaxşı-yaxşı düşünüb qərar verməlidir.
Rusiya sülhməramlılarının missiyası başa çatanda...
Bəs Ermənistan nə istəyir?!
İlham Əliyev bunu belə izah edir: "Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik. Bu azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamağa yalnız biz kömək edə bilərik. Nə ilə? Onunla ki, biz deyirik "hə", biz deyirik, gəlin sülh bağlayaq".
Amma yenə də rəsmi İrəvan məkrli oyun oynayır və iddialar səsləndirməklə yenə də öz dediyini qəbul etdirməyə can atır.
İlham Əliyev isə deyir ki, istəmirlərsə, heç lazım da deyil. Delimitasiyanı da istəmirlərsə, heç bizə də lazım deyil. Demək, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək.
Azərbaycan Prezidenti deyir ki, uzun müddət belə yaşamaq mümkündür, sülh müqaviləsi olmasa, heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq: "Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər".
Azərbaycan üçüncü
müharibəyə başlamaq istəmir
Hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqliyi ilə seçilən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra regionda yaranmış reallıqlar fonunda yeni missiyasını yerinə yetirir - Cənubi Qafqazda sülhün, sabitliyin təmini, müasir əməkdaşlıq platformalarının yaranması. Bütün bunlar İlham Əliyevin son dövrlərdə keçirdiyi bütün görüşlərdə, tədbirlərdə, konfranslarda səsləndirdiyi fikirlərdə də təsdiqini tapır.
Beynəlxalq birlik, müxtəlif dövlətlər və təşkilatlar tərəfindən səslənən fikirlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin bu addımı təqdir edilir. İlham Əliyevin söylədiyi kimi, regionda dəyişən reallıqları hətta vasitəçilər də etiraf edirlər. Həm Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası yerinə yetirmiş ölkələr, həm də Avropa İttifaqı, ATƏT kimi mötəbər təşkilatların İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək nümayiş etdirmələri bunu təsdiqləyir.
Ancaq hazırda Ermənistanın sərgilədiyi mövqe onu deməyə əsas verir ki, bu ölkə sülh müqaviləsi imzalamaq fikrində deyil. Bunu son zamanlar Avropada Azərbaycana qarşı aparılan çirkin kampaniyalar da göstərir. Amma Prezident dedi ki, nə qədər çalışsalar da, Azərbaycanın üçüncü müharibəni başlamaq fikri yoxdur: "Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik".
İlham Əliyev bir daha revanşistlərə
səslənərək dedi ki, ölkə ictimaiyyətini aldadaraq
müharibəyə təhrik etmək yolverilməzdir. Çünki Azərbaycan istənilən təhlükəni
dərhal məhv edəcək. İstər öz
ərazisində olsun, istərsə da başqa ərazidə,
istənilən təhlükə aradan
qaldırılacaq. Bu, Azərbaycanın legitim hüququdur: "Belə
cəhdlər var və biz
görürük, bilirik
hansı ölkələr Ermənistana silah
verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol
alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların,
özü də hücum silahlarının
bir hədəfi var, o da Azərbaycandır.
Ona görə biz, əlbəttə
ki, lazımi tədbirləri görürük
və imkan verə bilmərik ki, Ermənistan bizim üçün təhlükə yaratsın,
heç vaxt imkan verə bilmərik".
Artıq Fransa faktiki olaraq özü-özünü danışıqlar
prosesindən tamamilə
təcrid edib
Sülh danışıqları
ilə bağlı keçirilən görüşlərə
də münasibətini
bildirən İlham Əliyev bir daha dedi ki,
həqiqət ortadadır,
müqavilə yalnız
Azərbaycanın maraqları
çərçivəsində imzalanmalıdır. Heç
bir "status" söhbəti
ola bilməz.
Xankəndidə yaşayan ermənilər
üçün də
yollar açıqdır.
İstədikləri qərarı verə
bilərlər.
Minsk qrupu
"rəhmətə gedəndən"
sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlayıb və Azərbaycan da bunu dəstəkləyib. Ancaq İlham
Əliyev bəyan edib ki, əgər
arxada başqa oyunlar gedəcəksə,
onda bu formatın
da gələcəyi şübhə altına düşəcək. Artıq Fransa
faktiki olaraq özü-özünü bu
prosesdən tamamilə
təcrid edib. "İndi qalır
Amerika və Rusiya. Yəni danışıqlar meydançalarını hazırda
belə görürük.
Əlbəttə ki, Avropa da ola
bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü
dürüst aparsa",
- deyə İlham Əliyev vurğulayıb.
Ən əsası odur ki, bütün bu çirkinliklərə
görə Fransanın
Qafqazı itirdiyi dəqiqdir. Yəqin ki, bundan sonra rəsmi Paris Azərbaycanın Qafqazın
taleyini müəyyənləşdirən
heç bir layihəsində iştirak
edə bilməyəcək.
Baş verən bütün proseslər, Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe onu deməyə əsas verir ki, İlham Əliyev antiazərbaycançı
dairələrə ədalət
dərsi keçir və Ermənistan da, Fransa da,
bu şəbəkənin
digər üzvləri
də bundan nəticə çıxarmalıdırlar.
Əks təqdirdə "dəmir
yumruq" yenə öz sözünü deyəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2023.- 14 yanvar.- S.1; 5.