Milli mübarizə yüksək əzmlə davam edir

 

Laçın-Xankəndi yolundakı aksiya monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələbləri yerinə yetirilənə qədər dayandırılmayacaq

 

Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri bir aydan çoxdur ki, Laçın-Xankəndi yolunda milli mübarizələrini davam etdirirlər.

Ötən il dekabrın 12-dən etibarən əksəriyyətini gənclər təşkil edən ekofəallarımız Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasında separatçı rejimin təbii sərvətlərimizi talamasına, ekologiyamıza qarşı terror törətməsinə, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarını həyata keçirməsinə qarşı etiraz edirlər. 

İctimai dəstəyin durmadan artdığı bu aksiyada iştirakçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Ekoloji cinayətə son!", "Mina terroruna son!"  sair kimi şüarlar səsləndirirlər.

İctimaiyyət nümayəndələrimiz etiraz aksiyasını başlatdıqları ilk gündən qətiyyətlə bəyan edirlər ki, qanuni tələbləri yerinə yetirilənə qədər dinc aksiyalarını dayandırmayacaqlar.

 

Haqlı etiraza beynəlxalq dəstək

 

Ekofəallarımız ölkəmizin ərazilərində ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin yataqların ərazilərinə girişinə maneçilik törədilməsinə narazılıqlarını bildirirlər. Eləcə də həmin ərazilərdə qeyri-qanuni istismarın dayandırılmasını, Laçın-Xankəndi yolundan hərbi məqsədlərlə istifadəyə yol verməyəcəklərini bəyan edirlər. Digər bir məqsəd isə Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji terroru dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. 

Artıq ekofəallarımızın Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasına beynəlxalq aləm də reaksiya verir, dəstəyini göstərir. Bununla bağlı Türk Dövlətləri Təşkilatının Katibliyi Azərbaycanın Qarabağ iqtisadi zonasında təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, Türk Dövlətləri Təşkilatının Katibliyi Azərbaycanın Qarabağ iqtisadi zonasında vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan Ermənistan və cinayətkar elementlər tərəfindən təbii sərvətlərin qanunsuz istismarından ciddi narahatdır. Təşkilat ətraf mühitə ciddi zərər vuran, beynəlxalq hüququ pozan bu cür halları pisləyir.

Bəyanatda o da vurğulanır ki, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və Ermənistana daşınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ölkəmizdə qanunsuz mövcudluğu və ərazilərimizdə minaların yerləşdirilməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirir. Bu cür hallar regionda sülhsabitliyin əldə olunmasına xidmət etmir.

Katiblik Ermənistanı bu cür qanunsuz hərəkətlərə dərhal son qoymağa çağırır.  "Türk Dövlətləri Təşkilatının Katibliyi ekofəalların və QHT nümayəndələrinin Azərbaycanın Laçın-Xankəndi yolunda dinc etirazlarını  dəstəkləyir", - deyə qeyd olunan bəyanatda bildirilir ki, Katiblik Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş sülh gündəliyini dəstəkləyir.

 

Xarici jurnalistlər Laçın-Xankəndi yolunda etiraz aksiyasını izləyiblər

 

Yanvarın 13-də xarici ölkələrin media münayəndələri Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasını izləyiblər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilən etiraz aksiyasını izləmək üçün Laçın-Xankəndi yoluna səfər edən Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İtaliya və Macarıstandan olan KİV nümayəndələri ekofəallarımızdan müsahibələr alıblar.

Xüsusi bir məqama da diqqət çəkək ki, xarici jurnalistlər çəkiliş aparan zaman Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidini də müşahidə ediblər.

Bütün bunlar bir daha onu göstərir ki, Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri haqq mübarizəsi aparır və öz ərazilərində pozulan hüquqlarını təmin etmək üçün dinc etiraz aksiyası keçirirlər. Həmçinin Ermənistanın Laçın-Xankəndi yolunda keçirilən aksiya nəticəsində bu yolun bağlanması, bölgədə humanitar fəlakət yaşanması kimi  beynəlxalq aləmi çaşdıran yalanları da üzə çıxır.

Xarici jurnalistlərin də müşahidə etdiyi kimi, aksiya işçtirakçıları tərəfindən bu yoldan mülki maşınların keçidinə heç bir maneçilik törədilmir.

 

Bizim tələblərimiz tam ədalətlidir

 

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev də söylədi ki, Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır. "Bizim məqsədimiz blokada deyil. Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib. Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz varbu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilirbiz buna nail olacağıq" - deyə Prezident İlham Əliyev bildirib.

Artıq "Qızılbulaq" və "Dəmirli" yataqlarında aparılan qanunsuz istismarın dayandırılmasına nail olunub. Eyni zamanda da Ermənistanın Laçın yolundan öz təyinatına uyğun olmayaraq hərbi məqsədlər üçün istifadəsinə yol verilmir.

Laçın-Xankəndi yolunda keçirilən və Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisi olan bu dinc etiraz aksiyası tezliklə tələblərimizin hamısının yerinə yetirilməsi ilə nəticələnəcək.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2023.- 15 yanvar.- S.1; 6.