Həmrəyliyimizin ünvanına çevrilən
Laçın yolu
Könüllü fəallarımızın etiraz aksiyası sərvətlərimizin
istismarının və Qarabağa silah daşınmasının
qarşısını alıb, Fransanı isə rüsvay edib
Qeyri-hökumət təşkilatları təmsilçilərinin, könüllü gənclərimizin Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın artıq bir ayı geridə qaldı.
Daha dəqiq desək, bu gün aksiyanın 34-cü günüdür. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərimizin istismarına və ekologiyaya vurulan zərərə etiraz edən fəallar havaların qarlı və şaxtalı olmasına baxmayaraq, aksiyanı yüksək əzm və qətiyyətlə davam etdirirlər.
İlham ƏLİYEV: "Onlar bizim fəxrimizdir"
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində aksiya iştirakçılarını alqışlayaraq deyib: "İlk növbədə o gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".
Bu gün Laçın yolu milli həmrəyliyin yeni ünvanına çevrilib. Gənclərimizin, könüllülərimizin, fəallarımızın bu aksiyası ilk növbədə xalqımızın milli həmrəyliyinin təcəssümüdür. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqı ümummilli məsələlər uğrunda dərhal səfərbər olur, vahid amal uğrunda sarsılmaz həmrəylik nümayiş etdirir. Azərbaycan cəmiyyətinin fəalların etiraz aksiyasına göstərdiyi böyük dəstək də bu sırada xüsusi qeyd olunmalıdır.
Eyni zamanda bu aksiya Azərbaycanın haqlı mövqeyinin bir daha dünya ictimaiyyətinə çatdırılmasında byöük rol oynadı. Qarabağdakı separatçılar və erməni lobbisi bu hadisədən ölkəmizin əleyhinə istifadə etməyə, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin guya humanitar fəlakətlə üzləşdiklərini dünyaya göstərməyə çalışsalar da, niyyətlərinə çata bilmədilər. Başqa cür desək, beynəlxalq ictimaiyyətdən bu məsələdə dəstək ala bilmədilər.
Parisin riyakarlığı yerindəcə iflasa
uğradıldı
Aksiyanın ortaya qoyduğu ən böyük gerçəkliklərdən biri də Fransanın beynəlxalq münasibətlər sistemində qərəzli subyekt kimi qəbul edilməsi, Parisin özü haqqında düşündüyü siyasi hegemonluğun bu gün artıq sabun köpüyündən başqa bir şey olmamasıdır. Bəli, bu ölkənin bir vaxtlar dünyada malik olduğu siyasi çəkisindən artıq söhbət belə gedə bilməz. Saxta erməni iddialarının əsarətində olan bu ölkənin Azərbaycan tərəfindən siyasi-diplomatik müstəvidə artıcıl məğlubiyyətlərə uğradılması tarixi həqiqətdir.
Vətən müharibəsi günlərindən maskası cırılan və Ermənistanın müdafiəsinə qalxan Fransa Laçın-Xankəndi yolundakı aksiyanı öz ermənipərəst xislətinə uyğun olaraq beynəlxalq ictimaiyyətə saxta iddialarla çatdırmağa cəhd göstərdi. Hələ buna qədər Azərbaycanla bağlı heç bir hüquqi və siyasi-diplomatik çərçivəyə sığmayan davranış nümayiş etdirərək, ölkəmiz üçün adi kağız parçası qədər belə əhəmiyyəti olmayan "sənədlər" qəbul edən Fransanın bu məsələdə də riyakar mövqe ortaya qoyacağı gözlənilən idi.
Amma düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Azərbaycana bu məsələdə quyu qazmaq istəyən Fransa sonda həmin quyuya özü düşdü. Xatırladaq ki, Fransa və Ermənistan ötən ayın 20-21-də Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmışdılar. Ardınca Fransa BMT TŞ-nin daimi üzvü və TŞ-nin sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Paris arxayıncasına hesab edirdi ki, bu bəyanatı qəbul etdirəcək və növbəti addım kimi onu qətnaməyə çevirəcək.
Amma Azərbaycan onların niyyətlərini gözlərində qoydu. 10 gün davam edən müzakirələrdə bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə yazılmış mətndə "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı. Həmçinin "humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Bununla da da Fransanın Azərbaycana qarşı atmağa cəhd göstərdiyi riyakar addım elə yerindəcə dayandırıldı. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasi-diplomatik kurs Fransanı beynəlxalq münasibətlər sistemində növbəti dəfə məğlubiyyətə uğradaraq rüsvay etdi.
Separatçıların birdəfəlik rədd
olacaqları gün uzaqda
deyil
Ötən bir ayda aksiyanın nəticəsi kimi başqa mühüm hadisələr də yaşandı. Əsas məqamlardan biri odur ki, separatçı rejim tərəfindən təbii sərvətlərin talanmasının qarşısı alınıb. O cümlədən Ermənistandan üçüncü ölkə vətəndaşlarının rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə gəlişinə də son qoyulub.
Qeyd edək ki,
10 noyabr üçtərəfli Bəyanatının
ziddinə olaraq, indiyədək qanunsuz erməni silahlı dəstələri Qarabağ iqtisadi rayonundan çıxarılmayıb. Üstəlik,
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdikləri bu
əraziyə silah-sursat
daşınıb. Laçın ərazisində
tapılan 2021-ci il Ermənistan istehsalı olan minalar da bunu
təsdiq edir.
Bu baxımdan
Laçın-Xankəndi yolundakı
aksiya həm də Ermənistandan bu ərazilərə silah-sursat daşınmasının
da qarşısını
alıb. Beləliklə, Azərbaycan dövləti
və xalqı hər bir şəraitdə
özünün milli
maraqlarını qətiyyətlə
təmin edir. Bütün bunların nəticəsi kimi separatçı vardanyanların, arutyunların
Qarabağ iqtisadi rayonundan birdəfəlik rədd olacaqları gün uzaqda deyil.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2023.- 15 yanvar.- S.1; 6.