Prezident İlham
Əliyev Davosda “Fortesque Future Industries” şirkətinin
sədri ilə görüşüb
Yanvarın 17-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin
sədri Endrü
Forest ilə görüşü
olub.
AZƏRTAC xəbər
verir ki, görüşdə Azərbaycanın
Energetika Nazirliyi ilə "Fortesque Future
Industries" şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat
gücündə külək
və günəş
enerjisinin istehsalına
dair layihənin icrasının nəzərdə
tutulduğu bildirildi. Eyni zamanda, Buxarestdə “Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya
və Macarıstan hökumətləri arasında
yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş”in
imzalanmasının da
önəmi vurğulandı.
Azərbaycanda istehsal edilən
yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə
Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı Azərbaycanda hidrogen, o cümlədən
yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın
həyata keçirilməsinin
əhəmiyyəti vurğulandı.
Bildirildi ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə
imzaladığı anlaşma
memorandumları və
sazişlər ölkəmizə
22 min meqavatadək külək
və günəş
enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq
hissəsinin istehsalının
SOCAR və “Fortesque
Future Industries” şirkəti tərəfindən həyata
keçirilməsi nəzərdə
tutulur.
Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin olduğu vurğulandı.
Görüşdə ölkəmizin bərpaolunan
zəngin enerji potensialına malik olduğu qeyd edildi, əməkdaşlığın
perspektivləri ilə
bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2023.- 18 yanvar.- S. 1-2.