Davosda Azərbaycana maraq böyükdür

 

Bunu Prezident İlham Əliyevin keçirdiyi görüşlər də təsdiqləyir

 

Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdədir.

Builki forum "Fraqmentasiya olmuş dünyada əməkdaşlıq" mövzusunda keçirilir. Koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq yenidən öz ənənəvi formatında baş tutan forumda dünyanın 130-dan çox ölkəsindən 2700-dən çox yüksəkranqlı siyasət, elm, iqtisadiyyatmedia mənsubları bir araya gəliblər.

 

Qlobal məsələlər müzakirə mövzusudur

 

Forumda BMT-nin Baş katibi Antonio Quterreş, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Yens Stoltenberq,  o cümlədən 52 dövlət və hökumət başçısı, 700-dən çox təşkilat rəhbəri, dünyanın ən nüfuzlu 600-dən artıq şirkətinin rəhbərləri iştirak edirlər. Lakin builki forum həm də bir sıra siyasi məqamları ilə dünyanın diqqət mərkəzindədir. Belə ki, pandemiya başlayandan bəri ilk dəfədir yüksəkranqlı Çin nümayəndə heyəti forumda iştirak edir. Rusiya isə forumda təmsil olunmur.

Davos İqtisadi Forumunun builki gündəliyində enerji, iqlim və təbiət üçün yeni sistem kontekstində mövcud enerji və ərzaq böhranlarının həll edilməsi əsas müzakirə mövzularından biri olacaq. Başqa bir müzakirə mövzusu yüksək inflyasiya, aşağı artım, yüksəkborclu iqtisadiyyatlar kimi problemlərin həllində rol oynayan investisiyanın, ticarətin və infrastrukturların yeni sistemlər vasitəsilə inkişaf yollarıdır. O cümlədən Dördüncü Sənaye İnqilabı, iqlim dəyişikliyi və geosiyasi bölünmələr şəraitində özəl sektorda innovasiya və dayanıqlılığı artırmaq üçün potensial texnologiyalardan istifadə ətrafında mövzular da forumun gündəliyinə daxil edilib. Qlobal iqtisadi böhran çərçivəsində yerlərinin bağlanması, məşğulluğun azalması, real gəlirlərin düşməsi kimi sosial problemlərin təhsilə, insan kapitalına və səhiyyəyə investisiyaların artırılması ilə aradan qaldırılmasının mümkünlüyü də müzakirə mövzusudur.

Rəsmi açılış mərasimində  forumun təsisçisi Klaus Şvab iştirakçıların mövcud böhranların həlli yollarını tapa biləcəklərinə də ümid etdiyini vurğulayıb.

 

Azərbaycan Prezidentinin yüksək nüfuzunun təcəssümü

 

Dünya İqtisadi Forumunda Azərbaycana həmişə böyük maraq olub. Çünki Azərbaycandakı inkişaf tendensiyaları, ölkənin qlobal problemlərin həlli ilə bağlı təşəbbüsləri, xüsusən enerji təhlükəsizliyinə, dünyada sülhün bərqərar olunmasına verdiyi töhfələr beynəlxalq səviyyədə hər zaman təqdir olunub.

Qlobal məsələlərin müzakirə edildiyi, mühüm qərarların qəbul olunduğu, dünyanın siyasi-iqtisadi elitasının iştirak etdiyi Dünya İqtisadi Forumuna İlham Əliyevin dəvət alması Azərbaycan Prezidentinin yüksək siyasi nüfuzunun təcəssümüdür. Azərbaycan Prezidentinin hər il keçirilən Davos İqtisadi Forumunda iştirakı dünyanın siyasi elitasının, nəhəng biznes strukturlarının və nüfuzlu KİV-lərin diqqət mərkəzində olur. Prezident İlham Əliyevin Davosda keçirdiyi çoxsaylı görüşlər, iştirak etdiyi sessiyalar siyasi-iqtisadi dairələr, media qurumları tərəfindən maraqla izlənilir. Eyni zamanda Prezident İlham Əliyevin iştirak etdiyi sessiyalar Davosun ən yaddaqalan tədbiri kimi bu beynəlxalq foruma öz möhrünü vurur. Bu isə ondan xəbər verir ki, Avropa siyasətçiləri, dövlət rəhbərləri, iqtisadçılar bir çox məsələlər barədə Azərbaycanın mövqeyini öyrənməyə ehtiyac duyurlar.

Prezident İlham Əliyevin Davosa builki səfər qrafiki də ötən illərdə olduğu kimi zəngindir. Ötən günlərdə Prezident İlham Əliyevlə Niderlandın "Damen Shipyards Group" şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, "CISCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix, "Fortescue Future Industries" şirkətinin sədri Endrü Forest, "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, "Kromatix SA" şirkətinin baş icraçı direktoru Rafik Hanbali, "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat, "Carlsberg Group" şirkətinin prezidentibaş icraçı direktoru Kes t`Hart  ilə görüşüb.

Bu şirkətlər müxtəlif sahələr üzrə ixtisaslaşıblar və onların arasında Azərbaycanla əməkdaşlıq edənlər də var. Məsələn, ölkəmizlə "CISCO", "The Goldman Sachs Group Inc.", Damen Shipyards Group" şirkətləri arasında uğurlu əməkdaşlıq həyata keçirilir.  "Signify" işğaldan azad edilmiş ərazilərimizdə "ağıllı" layihələrin həyata keçirilməsində iştirak edir. "Kromatix SA" şirkəti isə Ələt Azad İqtisadi Zonasında müəssisənin yaradılmasını, Cəbrayıl rayonunda məktəbin binasının üzlənməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

 

Forum Azərbaycanın haqq işini dünyaya daha yaxından tanıdacaq

 

50-ci dəfə keçirilən Davos İqtisadi Forumunun Azərbaycan üçün uğurlu olacağı şübhəsizdir. Bu toplantı Azərbaycanın dünya birliyində və regiondakı yerinimühüm rolunu bir daha beynəlxalq ictimaiyyətə təqdim edəcək. Dünya bir daha sabit ölkə kimi Azərbaycanın inkişafının davamlı olduğunu görəcək.

Eyni zamanda forumun Azərbaycanın haqq işinin, Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqların dünyaya yaxından tanıdılmasında böyük rolu olacaq. Bu baxımdan  Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma işlərində forumdan sonra iştirak etmək istəyən şirkətlərin sayının da artacağı gözləniləndir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2023.- 19 yanvar.- S. 4.