Azərbaycan və Səudiyyə Ərəbistanı
Krallığı arasında dövlət sərhədlərinin
etibarlı mühafizəsi müzakirə olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də ölkəmizə rəsmi səfərə gəlib.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Xidmətin Aparatında yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilib. General-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Geniş tərkibdə nümayəndə heyətləri arasında keçirilmiş görüşdə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.
Müzakirələr
zamanı hər iki ölkənin dövlət
sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti
qeyd olunub,
qaçaqmalçılıq və narkotik
maddələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, eləcə
də transsərhəd cinayətkarlığın digər təzahürləri
ilə mübarizə sahəsində görülmüş işlərə dair fikir mübadiləsi
aparılıb, quru və dəniz sərhədlərinin
təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən məsələlərdə
əməkdaşlığın inkişaf
etdirilməsi və təcrübə mübadiləsinin həyata
keçirilməsinə hazırlıq ifadə olunub.
Azərbaycan.- 2023.- 24 yanvar.- S.2.