Azərbaycanın İqtisadi
Əməkdaşlıq Təşkilatına
sədrliyi başlayır
Ölkəmizin prioritetləri
və planları bəllidir
İqtisadi Əməkdaşlıq Təşkilatına
2023-cü ildə sədrlik
rəsmən Azərbaycana
keçib. Təşkilatın
strategiya və proqramlarının uğurla
icra olunması, habelə "İƏT-2025" baxışlarının irəlilədilməsi,
iqtisadiyyat, enerji, nəqliyyat, gömrük,
sərhəd-keçid məntəqələri,
ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksəksəviyyəli
görüşlərin keçirilməsi
Azərbaycanın sədrlik
dönəmində diqqət
yetirəcəyi məsələlər
olacaq.
İqtisadi əməkdaşlığa
xidmət edən
regional birlik
Xatırladaq ki, İƏT hökumətlərarası
təşkilat kimi,
1985-ci ildə Türkiyə,
İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı
möhkəmləndirmək məqsədilə yaradılıb. İƏT
1964-1979-cu illərdə fəaliyyət
göstərmiş Regional Əməkdaşlıq
və İnkişaf Təşkilatının davamçısı
hesab olunur. Təşkilatın əsas
məqsədləri üzv
dövlətlər arasında
iqtisadi əlaqələrin
möhkəmləndirilməsi, onların davamlı iqtisadi inkişafının təmin
edilməsi, iqtisadiyyatının
dünya iqtisadiyyatına
inteqrasiyası, nəqliyyat
və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın
və ticarətin liberallaşdırılması və
regiondaxili ticarətin
təşviqi, İƏT regionunun
maddi sərvətlərinin
səmərəli istifadəsindən
ibarətdir.
Azərbaycan İƏT Nazirlər Şurasının
28 noyabr 1992-ci ildə
İslamabadda keçirilmiş
növbədənkənar iclası
zamanı təşkilatın
üzvlüyünə qəbul
edilib. Həmin gün Azərbaycanla yanaşı, daha 5 digər ölkə - Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan
və Tacikistan da təşkilata daxil olublar. İƏT-in
bu genişlənməsi
hazırda "İƏT Günü"
kimi qeyd olunur. Genişlənəndən sonra İƏT Avrasiyada
əhəmiyyətli bir
regional birliyə çevrilib
və nüfuzlu beynəlxalq təşkilat
kimi təşəkkül
tapmağa başlayıb.
İƏT həm
də artıq həllini tapmış Qarabağ məsələsində
hər zaman Azərbaycanın haqlı
və ədalətli mövqeyini müdafiə edib. Təşkilatın 2021-ci il martın
4-də keçirilən XIV onlayn Zirvə toplantısında isə çıxış edən
dost və qardaş Türkiyə, Pakistan dövlətlərinin
liderləri, o cümlədən
təşkilatın Baş
katibi Prezident İlham Əliyevi qələbə münasibətilə
təbrik etmişdilər.
Həmin Zirvə toplantısında
İqtisadi Əməkdaşlıq
Təşkilatının Araşdırma
Mərkəzinin Nizamnaməsi
də imzalanmışdır. Xatırladaq ki,
Bakıda bu mərkəzin yaradılması
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü olub.
Prezident İlham Əliyev bununla bağlı demişdir: "Biz
Azərbaycanın mərhum
Prezidenti Heydər Əliyevin təşəbbüsünü
dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq
və Azərbaycanda yerləşəcək mərkəzin
səmərəli fəaliyyəti
üçün əlimizdən
gələni edəcəyik".
Azərbaycanın təşəbbüsləri
İƏT-in fəaliyyətini daha da canlandırır
Regional və beynəlxalq iqtisadi təşəbbüsləri hər
zaman dəstəkləyən
və bu işə böyük töhfələr verən
Azərbaycan İƏT çərçivəsində
də əməkdaşlığa
önəm verir və təşkilatın
daha səmərəli
fəaliyyət göstərməsinə
maraq göstərir. Respublikamız İƏT vasitəsilə ortaq maraq kəsb
edən layihələrin
həyata keçirilməsini
dəstəkləyir və
müxtəlif sahələrdə
əməkdaşlığın inkişafı məqsədilə
təklif və təşəbbüslər irəli
sürür. Azərbaycan təşkilat
çərçivəsində digər üzv dövlətlərlə bir
sıra prioritet sahələr, o cümlədən
ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq
edir.
Azərbaycan indiyədək çox mühüm iqtisadi, o cümlədən enerji və nəqliyyat layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, "Cənub
qaz dəhlizi"nin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, o cümlədən Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının inşası İƏT üzvü
olan dövlətlər
üçün əlverişli
iqtisadi imkanlar yaradıb. Bütün bunlarla ölkəmiz
İƏT-in regionda daha
səmərəli fəaliyyətini
təmin edib. Bütövlükdə Azərbaycanın təşəbbüsləri ilə
İƏT daha da inkişaf edib, dünyada öz mövqelərini möhkəmləndirib,
təşkilat daxilində
inteqrasiya prosesləri
güclənib.
Azərbaycanın Vətən müharibəsindəki
qələbəsi və
regionda yaranan yeni reallıqlar isə İƏT üzvü
olan dövlətlər
arasında iqtisadi və ticari əməkdaşlıq imkanlarını
genişləndirir. Ermənistanın və onu dəstəkləyən
siyasi mərkəzlərin
nə etməsindən
asılı olmayaraq, Azərbaycan qarşısına
qoyduğu bütün
məqsədləri reallaşdıracaq,
o cümlədən Zəngəzur
dəhlizinin açılmasını
təmin edəcək.
Və bu dəhliz Azərbaycanla
İƏT üzvü olan
dost və qardaş dövlətlər arasında
iqtisadi əlaqələrin,
ticarət dövriyyəsinin
genişlənməsinə böyük təkan verəcək.
Onu da xatırladaq ki,
İƏT-in bu günlərdə
Daşkənddə keçirilən
Nazirlər Şurasının
iclasının yekun sənədində Azərbaycanın
Şərqi Zəngəzur
iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat
və kommunikasiya əlaqəsinin yaradılması
istiqamətində həyata
keçirilən tədbirlər,
habelə ölkəmizin
Türkiyə, Özbəkistan
və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar
üzrə görülən
işlər alqışlanıb.
Zəngəzur dəhlizi,
sadəcə olaraq, Azərbaycanın bir regionunu digəri ilə əlaqələndirməyəcək,
eyni zamanda Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək ki,
bu da İƏT çərçivəsində əməkdaşlıq imkanlarını
daha da yüksəldəcək.
Bütövlükdə Azərbaycanın İƏT-ə sədrliyi dövründə
əməkdaşlığın inkişafına xidmət edən bütün məsələlər prioritet
olacaq. O cümlədən
Bakıda yaradılması
nəzərdə tutulan
İƏT-BMT Sənaye İnkişafı
Təşkilatı Təmiz
Enerji Mərkəzinin
və İƏT İqtisadi
Tədqiqatlar Mərkəzinin
fəaliyyətə başlaması
istiqamətində tədbirlər
görüləcək, Şuşanın
2026-cı ildə İƏT turizm paytaxtına namizədliyi irəli sürüləcək.
Regional həmrəyliyə
diqqətlə yanaşan
Azərbaycan daim
İƏT-in fəaliyyətinin daha da canlandırılmasına,
onun daha səmərəli olmasına
layiqli töhfələr
verib. Təşkilata sədrliyi dövründə
də Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək.
Rəşad CƏFƏRLİ,
Azərbaycan. - 2023.-26 yanvar.- S.1; 3.