Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İstanbulda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə "Yıldız sarayı foto kolleksiyasında XIX əsr Türk dünyasının mədəni irsi" adlı sərgi təşkil olunub.

Sərgidə Osmanlı Sultanı II Əbdülhəmid dönəmində çəkilən və Türk dünyasının mədəni irsini ehtiva edən Yıldız kolleksiyasından 75 fotoşəkil nümayiş etdirilib. Yıldız kolleksiyası dünyanın ən zəngin foto arxivlərindən biridir və ümumilikdə 918 albomdan, 36 min 585 fotoşəkildən ibarətdir.

Səmərqənddən Ədirnəyədək uzanan coğrafiyalardakı çoxəsrlik memarlıq nümunələrini əks etdirən fotoşəkillərin arasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Səmərqənd, Buxara, Hokand, Xivəyə aid maddi-mədəni abidələr, Bakıdakı Şirvanşahlar Sarayı, Anadoluda inşa olunmuş ilk məscid Qars Əbu Mənuçöhr Camisi, Türküstanın Xoca Əhməd Yasəvi türbəsi, İstanbul, Konya, Aşqabad və digər şəhərlərə məxsus abidələr yer alır.

Tədbirin rəsmi hissəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanladığı məktub oxunub. Məktubda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının mədəni-mənəvi dəyərlərinin qorunması, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində genişmiqyaslı fəaliyyəti yüksək qiymətləndirilib. Sərginin türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.

Sərgidə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva son bir əsr ərzində Türkiyənin təqdirəlayiq inkişaf yolu qət etməsindən, həyatın bütün sahələrində sürətlə irəliləməsindən söz açıb.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz tədbirdə çıxış edərək, yarandığı gündən etibarən fondun prioritet istiqamətləri üzrə mühüm layihələr həyata keçirdiyini bildirib.

Qonaqlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan "Osmanlı arxivlərində türk mədəni irsi" kitabı təqdim edilib.

 

Azərbaycan.- 2023.-26 yanvar.- S.10.