“Rəqəmsal jurnalistika” mövzusunda təlimlərə yekun vurulub
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb.
Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimləri “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson aparıb.
K.Gibson üç gün davam edən təlimlərdə iştirakçılara “Biznes planlarının və redaksiya siyasətinin rəqəmsal strategiyaya uyğunlaşdırılması”, “Rəqəmsal media kampaniyalarının yaradılması, düzgün auditoriyaya çatdırılması və izlənilməsi”, “Analitikaya əsaslanan rəqəmsal media: daha çox kütləyə çatmaq üçün data əsaslı əməliyyatların optimallaşdırılması” və sair kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Sonda təlim iştirakçılarına
sertifikatlar təqdim olunub.
Qırx nəfər jurnalistin iştirakı ilə keçirilən “Rəqəmsal
jurnalistika” təlim proqramının əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal
media sahəsində peşəkar
vərdişlərin inkişaf
etdirilməsi, rəqəmsal
media ekosisteminin inkişafına
töhfə verilməsidir.
Azərbaycan.- 2023.- 28 yanvar.- S. 6.