Şirvan suvarma kanalının yenidən qurulması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Son dövrdə qlobal iqlim dəyişmələri
və ölkədə
suya tələbatın artması
şəraitində su
ehtiyatlarından səmərəli
istifadə sahəsində
davamlı tədbirlər
görülmüş, xüsusilə
su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması,
su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə
torpaqların yeni meliorativ
sistemlərlə təchiz
edilməsi, qənaətcil
və mütərəqqi
suvarma üsullarından
istifadə dəstəklənmişdir.
Uzun illər ərzində bu istiqamətdə görülən işlər,
o cümlədən iri
su anbarlarının, hidroqovşaqların, suvarma
və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və
digər infrastrukturların
qurulub istifadəyə
verilməsi ölkədə
su təminatının
yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına,
habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm
töhfə vermişdir.
Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə
yerləşən 8 rayonun
112 min hektardan artıq
əkin sahəsini suvarma suyu ilə
və yaşayış
məntəqələrini məişət
suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən
kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında
baş verən dəyişikliklər, eləcə
də qurğuların
öz funksiyasını
itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün
texniki-iqtisadi əsaslandırma
və layihə-smeta sənədləri hazırlanmışdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası,
habelə mövcud təsərrüfatların su
təminatı məsələlərinin
vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi,
su ehtiyatlarından daha səmərəli istifadə olunması,
magistral kanalın suburaxma
qabiliyyətinin artırılması
məqsədilə qərara
alıram:
1. Yuxarı Şirvan suvarma kanalı yenidən qurulsun və Şirvan suvarma kanalı adlandırılsın.
2. Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi
Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi,
Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi, Yevlax Şəhər
İcra Hakimiyyəti,
Ağdaş, Göyçay,
İsmayıllı, Kürdəmir,
Ağsu, Şamaxı
və Hacıqabul
rayon icra hakimiyyətləri,
həmçinin digər
aidiyyəti dövlət
orqanları (qurumları)
Şirvan suvarma kanalının yenidən qurulmasından irəli gələn məsələlərin
həlli ilə bağlı zəruri tədbirlər görsünlər.
4. “Su ehtiyatlarından səmərəli
istifadənin təmin
edilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 15 aprel tarixli
1986 nömrəli Sərəncamı
ilə yaradılmış
Komissiya bu Sərəncamın 2-ci və
3-cü hissələrində nəzərdə tutulmuş
tədbirlərin əlaqələndirilməsi
məsələlərini həll
etsin.
5. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən suvarma
kanalının yenidən
qurulmasının cari
ildə və növbəti illərdə
maliyyələşdirilməsi üçün aidiyyəti
üzrə zəruri tədbirlər görsünlər.
6. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 aprel 2024-cü il
Azərbaycan.- 2024.- 9 aprel,
№ 73.- S.2.