Ramazan insanın mənəvi saflıq ayıdır

 

İnsan böyük Yaradanın bir zərrəsidir. Deyirlər ki, Tanrı sevmədiyini yaratmaz. Yaradan insanı saf yaradır. Günahsız yaradır. Görmək üçün göz, düşünmək üçün ağıl, işləmək, çalışmaq üçün əl-ayaq verir. Bir sözlə, yaşamaq üçün insana təmənnasız olaraq lazım olanları əta edir. Həyatda layiqli yer tutması isə insanın özünə qalır. 

Yaradan bəşər övladını o qədər sevdi ki, ona günahlarını bağışlamaq, pis əməllərindən geri dönmək, ətrafındakıları görmək, qazandığını bölmək, günahla savabı ayırmaq üçün Ramazan ayını nazil etdi. Ramazan mənəvi saflıq ayıdır.

Rəbbani deyib: "Mübarək Ramazan çox şərəfli bir aydır. Bu ayda yerinə yetirilən nafilə namazlar, zikr, sədəqə bütün nafilə ibadətlərə verilən əcr başqa aylarda yerinə yetirilən fərzlər kimidir. Bu ayda yerinə yetirilən bir fərz başqa aylardakı yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar o, cəhənnəmdən qurtular".

Ramazan Allahın sevdiyi ən mübarək aydır. Tanrı bəndələrinə insanlığın yolunu göstərən müqəddəs kitabları, "Zəbur"u, "Tövrat"ı "İncil"i "Quranı" bu müqəddəs ayda göndərdi. İnsanlara Ramazan ayını fərz etdi. Orucluq insanın fiziki cəhətdən acqalma ayı deyil. Ramazanda ilahi buyruqlar ibadətlər, lütf, mərhəmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular.

Abidlər buyurublar ki, bu ayda bir gecə var ki, min aydan daha xeyirlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olar. Oruc insanın özünü dərketmə ayıdır. Oruc insanın öz mənəvi dəyərlərini qoruması üçün sığınacaqdır.

Ramazan sınaq ayıdır. İnsanlığa dönüş ayıdır. Orucluq faniliyin dərkidir. Bu ayda ruhlarını maddi aləmin qaranlıq zindanına qapayan insanlar müvəqqəti olsa, aclığı, susuzluğu, yoxsulluğu görüb imkansızın, yoxsulun sıxıntısını, çəkdiyi acısını dərk edərək ruhunu dünya malının əsirliyindən xilas etməyə çalışır. Ruhunu var-dövlətə təslim edənlər, nəhayət, dərk edirlər ki, fiziki həzlərə maddi nemətlərə qoyulan sərmayəni bir gün itirə bilərlər. Xeyirxahlığa, mərhəmətə, mənəvi dəyərlərə qoyulan sərmayə insana hörmət, sevgi, qazanc gətirərək əbədi dünyaya üz tutanların yoluna işıq saçar.

Oruc bütün dinlərdə, o cümlədən brahmanizm, yəhudilik xristianlıqda da mövcuddur. Brahmanlar nəfslərinin tərbiyəsi üçün ilin müəyyən günlərində bayramlarda oruc tuturlar. "Tövrat"da Musa peyğəmbərin (ə), "İncil"də İsa peyğəmbərin (ə) oruc tutduğu bildirilir: "Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua yalvarışla Onu axtardım" (Daniel 9:3).

İsa peyğəmbər İncildə ardıcıllarına orucu Allah üçün tutmağı tövsiyə edir.

Tanrı Ramazan ayını insanları günah əməllərdən çəkindirmək üçün yaradıb. "Qurani-Kərim"də buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir görərsə (həm oruc tutub, həm fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün qədər xeyirlidir!" (əl-Bəqərə, 183-184).

Məhəmməd peyğəmbər (s) Allah-Təalanın oruc haqqında buyurduğunu belə bildirib: "Oruc istisna olunmaqla digər ibadətlər Adəm övladınındır. Oruc mənimdir, onun mükafatını mən verəcəm..."

Bu müqəddəs ayda dua edək ki, hər birimiz Allahdan mükafat alan əməlisaleh bəndələrdən olaq.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2024.- 10 aprel, № 74.- S.9.