Qarabağ
suvarma kanalının
yenidən qurulması
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkəmizin
ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən
9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və
yaşayış məntəqələrini
məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə
hidroqovşağına əlavə
su ötürməklə
müvafiq əkin sahələrinin su təminatına dəstək
verir.
Son dövr qlobal iqlim dəyişmələrinin
təsirlərinin artdığı
şəraitdə məhdud
su ehtiyatlarına malik ölkəmizdə su təminatının mühüm həlqələrindən
olan Yuxarı Qarabağ suvarma kanalında yüksək su itkilərinin qarşısının alınması,
suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların
aradan qaldırılması,
həmçinin torpaqların
meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən
kanalın yenidən qurulması tələb olunur.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Qarabağ zonası və ona yaxın
ərazilərdə su
təchizatı infrastrukturunun
müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə
qərara alıram:
1. Yuxarı Qarabağ
suvarma kanalı yenidən qurulsun və Qarabağ suvarma kanalı adlandırılsın.
2. Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi Qarabağ suvarma kanalının yenidən qurulması üçün texniki-iqtisadi
əsaslandırma və
layihə-smeta sənədlərinin
hazırlanması ilə
bağlı müvafiq
tədbirlər görülməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi, Mingəçevir və Yevlax şəhər icra hakimiyyətləri, Goranboy, Bərdə, Tərtər, Ağcabədi,
Ağdam, Beyləqan və İmişli rayon icra hakimiyyətləri,
həmçinin digər
aidiyyəti dövlət
orqanları (qurumları)
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma
və layihə-smeta sənədlərinin hazırlanmasından
irəli gələn məsələlərin həlli
ilə bağlı zəruri tədbirlər görsünlər.
4. "Su ehtiyatlarından
səmərəli istifadənin
təmin edilməsi ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 15
aprel tarixli 1986 nömrəli Sərəncamı
ilə yaradılmış
Komissiya bu Sərəncamın 2-ci və
3-cü hissələrində nəzərdə tutulmuş
tədbirlərin əlaqələndirilməsi
məsələlərini həll
etsin.
5. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən suvarma
kanalının yenidən
qurulması üzrə
texniki-iqtisadi əsaslandırma
və layihə-smeta sənədlərinin hazırlanması
işlərinin cari və növbəti illərdə maliyyələşdirilməsi
üçün aidiyyəti
üzrə zəruri tədbirlər görsünlər.
6. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 16 aprel, № 75.- S.1.