Prezident
İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək
görüşü olub
Münasibətlərin
inkişafına yeni təkan
Aprelin 22-də
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə
təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti
İlham Əliyevi salamlayan
Rusiya Prezidenti Vladimir
Putin dedi:
-Hörmətli
İlham Heydər oğlu. Gəldiyiniz
üçün sağ
olun.
Bu günlərdə BAM-ın
(Baykal-Amur Magistralının) 50 illiyini qeyd edirik.
Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik
edən atanız dəfələrlə tikintiyə
baş çəkərək
bu məsələdə
çox əhəmiyyətli
rol oynayıb. Əslində o, bütün
Sovet İttifaqı üçün mühüm
olan bu nəhəng
layihənin təşkilatçılarından
biri olub. Biz təkcə bu barədə bilməklə
kifayətlənmirik, həm
də bunu xatırlayırıq və
ona çox minnətdarıq, onun xatirəsini yad edirik.
Bu gün bizim həm də BAM-ın veteranları ilə görüşümüz
olacaq, danışılacaq
bir çox mövzu var. İndi biz, yəqin
ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün
bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm
də çox böyük əhəmiyyətə
malikdir.
Düşünürəm, hətta
əminəm ki, atanızın
bu nəhəng layihənin həyata keçirilməsinə sərf
etdiyi bütün səylər, zəhmət
çəkdiyi illər
bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər
Birliyi üçün
mühüm rola malikdir. Onu nəzərdə
tuturam ki, bir çox tərəfdaşlarımız
bu və ya digər dərəcədə
bu nəqliyyat arteriyasından istifadə
edirlər.
Əlbəttə, bizim yüksək səviyyədə
olan və inkişaf edən ikitərəfli münasibətlərimizdən
danışmaq imkanımız
olacaq. Əmtəə
dövriyyəmiz artır:
o, artıq 4 milyard dollardan da çoxdur.
Dollar ekvivalentində desək,
Azərbaycan iqtisadiyyatına
yatırılan Rusiya investisiyası 6 milyarddır.
Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın
real sektorunda, kooperasiyada,
infrastrukturda əməkdaşlığın
bir çox maraqlı istiqamətləri
var, zənnimcə, onların
bir neçəsi ölkələrimizin ictimaiyyətinə
məlumdur.
Sözsüz ki, regionda
təhlükəsizliyin təmin
edilməsi ilə bağlı vəziyyətdən
də danışacağıq.
Bir çox məsələlər
var ki, onlar olduqca həssasdır. Biz Sizinlə
onların hər birini müzakirə edəcəyik.
Sizi görməyimizə
çox şadıq.
Xoş gəlmisiniz.
x x
x
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
-Hörmətli
Vladimir Vladimiroviç.
Dəvətə görə
sağ olun. Yenidən görüşməyimizə
şadam.
BAM-ın tikintisinin başlanmasının 50 illiyinə
həsr olunmuş bugünkü tədbirdə
iştirakla bağlı
dəvətinizə görə
ayrıca təşəkkürümü
bildirirəm. Rusiya rəhbərliyinin, həmçinin
ictimaiyyətinin Heydər Əliyevin
xatirəsinə göstərdikləri
ehtiramı Azərbaycanda
yüksək qiymətləndiririk.
Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal
iştirak edib və onun reallaşdırılmasına
öz töhfəsini
verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir.
Bu gün bu qlobal layihənin həyata keçirilməsinə
öz töhfəsini
verən insanlarla da görüşəcəyik.
Tarixin yaddaqalan
bu məqamları ölkələrimizi, xalqlarımızı
daha da yaxınlaşdırır,
münasibətlərimizin gələcəkdə
də ardıcıl inkişafına töhfə
verir. Biz əlaqələrimizin
inkişafından çox
razıyıq. Artıq
iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız
və əsas siyasi sənəd olan, gələcəkdə
münasibətlərimizin ardıcıl
inkişafını müəyyən
edən müttəfiqlik
qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə
çərçivəsində işləyirik.
Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik.
Ölkələrimizi və
tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub”
beynəlxalq nəqliyyat
dəhlizi yük daşımalarının təhlükəsizliyi
baxımından və
bir çox ölkələr arasında
ticari münasibətləri
stimullaşdırmaq üçün
qlobal əhəmiyyətə
malikdir.
Regional təhlükəsizlik məsələləri
həmişə bizim
görüşümüzün gündəliyindədir. Biz, həmçinin
şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik
üzrə əsas ölkədir. Ölkələrimiz
arasında əməkdaşlıqdan,
qarşılıqlı fəaliyyətdən
çox şey asılıdır. Biz qarşılıqlı
fəaliyyət və
qarşılıqlı maraqlar
ruhunda etimad tədbirlərinin, əməkdaşlığın,
qarşılıqlı anlaşmanın
möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına
çalışırıq.
Bugünkü görüşə
görə bir daha minnətdarlığımı
bildirirəm və əminəm ki, bu, münasibətlərimizin inkişafına
yeni təkan verəcək.
Sağ olun.
Prezident Vladimir Putin: Sağ
olun.
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.2.