"Laçın"
sərhəd-keçid məntəqəsi
ilə ərazi bütövlüyümüzün sarsılmaz əsası qoyuldu
"2023-cü il aprelin
23-də Laçında sərhəd-keçid
məntəqəsinin qurulması
Vətən müharibəsindəki
qələbə qədər
böyük əhəmiyyətə
malik hadisədir. Bu, Azərbaycanın dövlət təhlükəsizliyinin
təmin olunması istiqamətində atılmış
zəruri addım idi".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, Azərbaycanın
2020-ci ildən sonra Ermənistan tərəfinə
reinteqrasiya, separatçıların
silahı yerə qoyması, erməni silahlı qüvvələrinin
qalıqlarının ərazilərimizdən
çıxarılması ilə
bağlı çağırışlar
etməsinə baxmayaraq, Ermənistan
havadarlarının təlimatları
əsasında bu çağırışlara düzgün
reaksiya vermədi. Laçın yolundan istifadə edərək separatçıları yenə
silah-sursatla təmin edib, bu yol
vasitəsilə bütövlükdə
separatizmin ayaqda qalmasına hər cür dəstək göstərildi. Belə olan halda separatizm
təhlükəsini aradan
qaldırmaq lazım idi. İlkin mərhələdə onların
ayaqda qalmasını təmin edən addımların qarşısı
alınmalıydı, çünki
Ermənistan tərəfindən
bu hallar getdikcə intensivləşirdi.
Azərbaycan ərazisində
2021-ci ildə istehsal olunmuş minalar da aşkarlanırdı. Deməli, Ermənistan Laçın yolundan istifadə edərək xalqımıza qarşı
mina terrorunu davam etdirirdi. Bu baxımdan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması
təhlükəsizliyimizin təmin edilməsi istiqamətində ən vacib addımlardan biri oldu.
Deputat vurğulayıb
ki, sərhəd-keçid
məntəqəsinin qurulması
ilə bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə təmin
olunmasının sarsılmaz
əsası qoyuldu:
"Laçın yolu
üzərindən də
ölkəmizə qarşı
siyasi hücumlar başladı. Azərbaycan
bütün dünya dövlətləri kimi, öz ərazisində suveren nəzarət hüququnu təmin etdi, buna baxmayaraq
müxtəlif Avropa platformalarında Azərbaycan
guya erməniləri blokadaya alıb, ermənilərə qarşı
hansısa aksiya həyata keçirir deyə əsassız iddialar səsləndirilirdi.
Bütün bunlar marginal qrupların ölkəmizə qarşı
saxta əsaslarla siyasi hücumları idi. Məqsəd Azərbaycan ərazisindəki
ermənilərin hüquqları
və təhlükəsizliyi
üzərindən Cənubi
Qafqazda yenidən gərginlik elementlərinin
yaradılması və regiona müdaxilə imkanı qazanmaları idi. Təsadüfi deyil ki, başda Şarl Mişel olmaqla avropalı siyasətçilər Azərbaycan
ərazilərində qalmış
ermənilərin hüquq
və təhlükəsizliyi
məsələsinin beynəlxalq
mexanizmlərin tətbiqi
yolu ilə həllini tapmalı olduğunu tez-tez səsləndirirdilər. Azərbaycan
tərəfi isə buna görə kənar subyektlərin narahat olmamasını bildirir, bunu daxili işimiz kimi bəyan edirdi".
E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan Laçın
yolunda nəzarət-buraxılış
məntəqəsini qurmaqla
bir neçə istiqamətdə çox mühüm nəticələrə
hesablanmış addımlar
atıb. Birincisi, ərazimizdə separatizmin
dəstəklənməsi imkanları
aradan qaldırıldı,
müvafiq olaraq dövlət təhlükəsizliyimizə
olan təhdid aradan qalxdı. Digər tərəfdən,
Cənubi Qafqazda ermənilər üzərindən
geosiyasi ambisiyaların
həyata keçirilməsinin
qarşısını almaqla
regional təhlükəsizliyə
çox böyük töhvə vermiş olduq. Azərbaycanın çox haqlı olaraq nəzarət-buraxılış
məntəqəsini qurması
sonrakı proseslərin
çox təsirli drayveri rolunda çıxış etdi.
Qısa müddət sonra bütün ərazilərimiz boyunca suverenliyimiz təmin edildi. Həm də dünyaya göstərdik ki, Azərbaycan dövləti,
xalqı öz ərazilərinin sahibidir.
Heç bir halda öz ərazilərində
kənar nəzarətə,
fəaliyyətə imkan
verməyəcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.10.